Məhkəmə qərarları › İş №e-2(060)-683/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-683/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-683/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 06 yanvar 2024-cü il tarixli AZL-1484 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 iyul 2024-cü il tarixə ödənilməmiş 262,33 manat gecikdirilmiş əsas, 252,52 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 328,66 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan "Chevrolet Cobalt LTZ" markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 5578,16 manat, ümumilikdə 6421,67 manat borc və ödənilmiş 84,22 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 06 yanvar 2024-cü il tarixli AZL-1484 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 iyul 2024-cü il tarixə ödənilməmiş 262,33 manat gecikdirilmiş əsas, 252,52 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 328,66 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan "Chevrolet Cobalt LTZ" markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 4242,96 manat, ümumilikdə 5086,47 manat borc və ödənilmiş 84,22 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 yanvar 2024-cü il tarixli AZL-1484 saylı "Daxili lizinq" müqaviləsinə əsasən "Chevrolet Cobalt LTZ" markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "X3"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543,51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu vəsaitini "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “AZƏRMAŞ LİZİNQ" MMC-nin mülkiyyətində olan, "Chevrolet Cobalt LTZ" markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 16 iyul 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5578,16 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-1484 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 iyul 2024-cü il tarixə ümumilikdə 843,51 manat məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, həmin ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hadisə zamanı özünün heç bir təqsiri olmamışdır. Avtomobilə dəymiş zərər üçün sığorta tərəfindən ona 1100 manat pul verilmişdir. Sığorta ödənişini aldıqdan sonra maşını düzəltdirməməyinin və lizing ödənişlərini edə bilməməyinin səbəbi səhhəti ilə bağlı olmuşdur. İddia tələbində qeyd olunan məbləğlə razı deyildir, çünki maşının həmin məbləği əhatə edən zədəsi olmadığını bildirmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli AZL-1484 №-li X1 görünür ki, "Chevrolet Cobalt LTZ" markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "X3"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543,51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu vəsaitini "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli AZL-1484 №-li X2 3 saylı Əlavədən görünür ki, Cavabdeh illik 16% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543,51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu vəsaitini "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. - 16 iyul 2024-cü il tarixli, avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, "xxxx" MMC-nə məxsus "Chevrolet Cobalt LTZ" markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. Nəqliyyat vasitəsində əzilmiş hissələr-qabaq buffer zədəli, sağ və sol faralarda çat (sınıq), sağ və sol qanadın əzik hissələri, qabaq kapotun əzilmiş hissələri, arxa buferin rənglənməyə ehtiyacı olduğu qeyd edilmişdir. - 30 avqust 2024-cü il tarixli aktın surətindən görünür ki, "Chevrolet Cobalt LTZ" markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobildənyaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrin və texniki xidmətin ümumi məbləği 4242,96 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli, 1451 №-li maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli AZL-1484 №-li X3 üzrə 16 iyul 2024-cü il tarixə 262,33 manat gecikdirilmiş əsas, 252,52 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 328,66 manat dəbbə pulu, ümumilikdə 843,51 manat gecikmə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən "zərərin əvəzinin ödənilməsini tələb ermək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın". Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə "Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir". Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə münasibətləri olmuş borclu qeyd olunan avtomobili lizinqə almaq istədiyini bildirmiş və buna dair öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilməmişdir. Buna görə cavabdehin AZL-1484 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə gecikmə borcu yaranmışdır. Bundan başqa Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “AZƏRMAŞ LİZİNQ" MMC-nin mülkiyyətində olan, "Chevrolet Cobalt LTZ" markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 16 iyul 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 4242,96 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Məhkəmə iddianın gecikmə borcuna münasibətdə qeyd edir ki, iddia tələbi gecikdirilmiş əsas və gecikdirilmiş mükafat məbləği hissəsində əsaslı olduğundan təmin edilməlidir. Cəriməyə münasibətdə məhkəmə bildirir ki, iddia qaldırılan günədək əsas və mükafat borcu tələb edildiyindən cərimə borcunun yaranması və onun məbləği əsaslı hesab oluna bilməz. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə bildirir ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “AZƏRMAŞ LİZİNQ" MMC-nin mülkiyyətində olan, "Chevrolet Cobalt LTZ" markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 16 iyul 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 4242,96 manat məbləğində zərər vurulduğu müəyyən edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 4757,81 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 67,57 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 16,65 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 06 yanvar 2024-cü il tarixli AZL-1484 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 iyul 2024-cü il tarixə ödənilməmiş 262,33 manat gecikdirilmiş əsas, 252,52 manat gecikdirilmiş mükafat və həmçinin lizinq obyekti olan "Chevrolet Cobalt LTZ" markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 4242,96 manat, ümumilikdə 4757,81 manat borc və 67,57 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 yanvar 2024-cü il tarixli AZL-1484 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 iyul 2024-cü il tarixə ödənilməmiş 262,33 manat gecikdirilmiş əsas, 252,52 manat gecikdirilmiş mükafat və lizinq obyekti olan "Chevrolet Cobalt LTZ" markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 4242,96 manat, ümumilikdə 4757,81 manat borc və 67,57 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilmiş 16,65 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar