Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6904/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış V1P 19373 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış VİP 19373 saylı zaminlik müqaviləri üzrə ödənilməmiş 819,41 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində 205 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 1024,41 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 manat pulun müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış V1P 19373 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1019 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 1019 ABŞ dollan) «Aplle i phone 13 pro Max 256gb blue» markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19373 saylı nisyə alqı-satqı müqaviləsinə tarixində zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 135 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2024-cü il tarixdə 64,59 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində «satıcı»nın xeyrinə faiz ödəyir. Həmin qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borclu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 819,41 ABŞ dolları məbləğində borcunu hissə-hissə 12 ay müddətində ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da onun hal-hazırki vaxta ödənilməmiş 819,41 ABŞ dolları məbləğində borcu yaranmışdır.
Tərəflərin mövqeləri:
3. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü ildə saat 09:30-da keçiriləcək məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmişdirlər.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, borcu qəbul etmir. Müqaviləni o bağlasa da, telefon onun adına götürülsə də, telefonu zaminə vermişdir. Zamin etməlidir ödənişləri.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, VİP19373 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçındən dəyəri 1019 ABŞ dolları olan 1 ədəd «Aplle i phone 13 pro Max 256gb blue» markalı telefon almışdır.
7. Ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər alqı-satqı predmeti olmuş mal üçün 09 iyul 2024-cü il tarixdən 09 may 2025-ci il tarixədək hər ay 73 manat, 09 iyun 2025-ci il tarixdə 81 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.
8. xx.xx.2024-cü il tarixli qaimədən görünür ki, Cavabdeh2 İddiaçındən 1 ədəd «Aplle i phone 13 pro Max 256gb blue» markalı telefonu təhvil almışdır.
9. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, VİP19373 saylı zaminlik müqaviləsindən görünür ki, satıcı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP19373 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 satıcı qarşısında öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə satıcı ilə zamin arasında yaranan öhdəliklər üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
10. İddiaçı tərəfindən tərtib edilmiş xx/xx-18920 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, borclu Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19373 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19373 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 819,41 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində 205 ABŞ dolları cərimə, cəmi 1024,41 ABŞ dolları borcu vardır.
11. 20.09.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC-yə olan əsas borc məbləğini və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində faiz məbləğini 3 gün müddətində ödənilməsi təklif olunmuşdur.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
16. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin predmeti olan əşya cavabdehə təhvil verilmiş, əşyanın ümumi qiyməti 1019 manat müəyyən edilmiş və tərəflərin razılığına əsasən ödəniş müddəti 09 iyul 2024-cü il tarixdən 09 iyun 2025-ci il tarixədək, ödəniş məbləği isə hər ay 73 manat, son ay 81 manat məbləğində olmaqla müəyyən edilmişdir. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və Cavabdeh1 həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyi halda məsuliyyəti öz üzərinə götürmüşdür.
17. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
18. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilənin predmeti olan əşyanı cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh2 müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
19. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
21. Məhkəmə iddianın cavabdehdən 205 ABŞ dolları cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci maddəsinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində satıcının xeyrinə cərimə ödəyir.
22. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 50 (əlli) ABŞ dolları məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.
23. Məhkəmə iddianın zamin Cavabdeh1 qarşı hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, VİP19373 saylı zaminlik müqaviləsindən görünür ki, satıcı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP19373 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 satıcı qarşısında öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə satıcı ilə zamin arasında yaranan öhdəlikləri üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
24. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
25. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən müqavilə üzrə zamin Cavabdeh1 tərəfindən sözügedən müqavilə üzrə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə həmin öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması ilə bağlı üzərinə öhdəlik götürdüyündən iddia Cavabdeh1 dair hissədə də təmin edilməlidir.
26. Məhkəmə cavabdehin sözügedən müqavilənin onun tərəfindən bağlanmasına baxmayaraq, alınmış əşyanı zaminə verməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, müqavilə üzrə borc alan tərəfindən pul vəsaitinin üçüncü şəxsə təqdim edildiyi təqdirdə belə o, həmin müqavilə üzrə öhdəliyin icrasından azad edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.Həmin Məcəllənin 522-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Hazırki işdə tərəflər arasında öhdəliyin üçüncü şəxslərə keçməsi ilə bağlı razılaşmanın olduğu da müəyyən edilmir.
27. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 819,41 ABŞ dolları əsas borc, 30 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 849 (səkkiz yüz qırx doqquz) ABŞ dolları, 41 (qırx bir) sent məbləğində pul vəsaiti və ya və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin 34 (otuz dörd) manat, 77 (yetmiş yeddi) qəpik hissəsi tutularaq İddiaçınə ödənilməlidir.
Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 819,41 ABŞ dolları əsas borc, 30 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 849 (səkkiz yüz qırx doqquz) ABŞ dolları, 41 (qırx bir) sent məbləğində pul vəsaiti və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin 34 (otuz dörd) manat, 40 (qırx) qəpik hissəsi tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva