Məhkəmə qərarları › İş №e-2(060)-6982/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6982/2023

18.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6982/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 18 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt”ın ləğv edilməsi və bu akt əsasında Sumqayıt şəhəri, Corat bağları, 10 saylı evdə quraşdırılmış qaz sayğacına görə İddiaçı aid **********00000 saylı abonent koduna hesablanmış 1036,80 manat (min otuz altı manat səksən qəpik) məbləğində borcun, həmçinin yeni sayğacın quraşırılmasına görə hesablanmış 159.96 manat (yüz əlli doqquz manat doxsan altı qəpik) məbləğində pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Corat bağları, 10 saylı evdə quraşdırılmış G4 markalı 1302AZ**********95 nömrəli qaz saygacı məhz on ildən sonra xx.xx.2022-ci il tarixdə digər qaz sayğacı ilə əvəzlənmişdir. Əvvəlki əvəz edilmiş qaz sayğacı yoxlamaya göndərilmiş, xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktla iddiaçıya məxsus mənzildə istifadə olunan qaz sayğacına müdaxilə olunduğu-metorologiya departamentinin rəyinə görə G4 markalı 1302AZ**********95 sayğaca baxış keçirildiyi, sayğacın klapanının işlək olmadığı, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın cızıq olduğu, sayğacın yaddaşı oxunması zamanı istismar müddətində xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdə alarm-1 rejiminin aşkar olunması, xətaların normadan artıq olması, sayğacın istismara yararsız olması qeyd olunmuşdur. Cavabdeh iddiaçının sayğaca müdaxilə etməyini əsas gətirərək sayğaca görə 159.96 manat tələb edir. Eyni zamanda cavabdeh təşkilat tərəfindən 27 yanvar 2023-cü il tarixində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, qeyd olunan akt əsasında iddiaçıya 8640 m3 itirilmiş qazın bərpası əsasıyla 1036,80 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, iddiaçı əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmışdır və ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə iddiaçının məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görəfiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bildirir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır, digər tərəfdən çöldə quraşdırılan sayğaca iddiaçının belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyri-mümkündür. Belə olan halda iddiaçının hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurddur. Sayğaca hər hansı müdaxilə varsa belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Digər tərəfdən həmin qaz sayğacı cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən götürülərək iddiaçının iştirakım olmadan texniki baxışdan keçirilmiş və ancaq bundan sonra iddiaçıya həmin sayğaca müdaxilə olunması barədə məlumat verilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus mənzilə aid qaz saygacına müdaxilə edilməsi barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixində tərtib edilmiş akt və onun əsasında hesablanmış borc əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiçı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sayğac həyətdən kənarda - çöldə yerləşir. Sayğaca nəzarəti cavabdeh təşkilat etməli və məsuliyyəti də cavabdeh daşımalıdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan sayğaca baxış keçirilmişdir. Sayğaca müdaxilə olduğu üçün akt tərtib edilmiş və nəticədə iddiaçıya əsaslı olaraq borc hesablanmış, yəni itirilmiş qaz bərpa edilmişdir. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı oğlunun adına açılmış G-4 markalı, 1302AZ**********95 nömrəli sayğac Zenner tipli, G-4 markalı, **********054 nömrəli sayğacla əvəzlənmişdir. İş materiallarında olan Cavabdeh İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, ünvan 1 ünvanından çıxarılmış G-4 markalı, 1302AZ**********95 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəng qoruyucu örtüyün rəngindən fərqli olduğu, xx.xx.2017-cı il və xx.xx.2018-ci il tarixlərində Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 159.96 manatın ödənilməsi abonentdən tələb edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 8640 m3 müəyyən edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, iddiaçıya məxsus ünvan 1 ünvanında olan sayğaca baxış keçirilmiş və hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəng qoruyucu örtüyün rəngindən fərqli olduğu, xx.xx.2017-cı il və xx.xx.2018-ci il tarixlərində Alarm-1 rejimi aşkar olunduğundan sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MSK-29/1710-03177-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin SOCAR**********30991710x3177 saylı, xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən xx.xx.2023-cü il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına xx.xx.2022-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 1036.80 manat borc hesablanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından onun barəsində tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 1036.80 manat məbləğində borc və sayğacın dəyərinə görə tələb edilən 159.96 manat borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəng qoruyucu örtüyün rəngindən fərqli olduğu, xx.xx.2017-cı il və xx.xx.2018-ci il tarixlərində Alarm-1 rejimi aşkar olunduğundan sayğacın istismara yararsız olduğu faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli, ******* nömrəli Akt əsasında hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc və sayğacın dəyərinə görə tələb edilən 159,96 (bir yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar