Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-727/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1160 manat məbləğində vurulmuş zərər və ödənilmiş 31.60 manat dövlət rüsumunun (cəmi 1191.60 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, “Tofaş Şahin” markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. 2021-ci il iyulun 26-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Tofaş Şahin” markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, yeni Bulvar küçəsində “Mercedes Benz C200” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Sumqayıt DYPŞ-nin xx.xx.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sumqayıt DYPŞ-nin TP4510525 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 2172 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes Benz C200” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobillə 1160 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 5654 nömrəli ödəniş tapşırığı ilə 1160 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan başqa cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Elektron məlumatdan görünür ki, “Tofaş Şahin” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən 1 il müddətinə kimi "xxxx" ASC-də sığortalanmışdır. - PXA 91264 №-li sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 18:00-da baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 istifadəsində olmuş “Mercedes Benz C200” markalı, **-XT- *** dövlət qeydiyyat nişanlı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 1160 manat ödəniş edilmişdir. - Həmin sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Tofaş Şahin” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalısı Cavabdehdur. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan və Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-ci il tarixində “B,C” kateqoriyasına aid AE017152 №-li sürücülük vəsiqəsi verilmişdir. Sürücülük vəsiqəsinin istifadə müddəti xx.xx.2025ci il tarixinə qədərdir. - xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - xx.xx.2021-ci il tarixli Avtoservisin verdiyi arayışdan görünür ki, "xxxx" MMC-nin direktoru həmin aktı ondan ötrü tərtib etmişdir ki, “Mercedes Benz C200” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və göstərilən işlərin görülməsi və ehtiyat hissələrinin dəyişdirilməsi üçün yekun məbləğ 1160 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, X2 1160 manat sığorta ödənişi edilmişdir. - Pretenziya məktubunun surətindən görünür ki, cavabdeh pulun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Tofaş Şahin” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən idarə olunarkən “Mercedes Benz C200” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində avtomobilə dəymiş 1160 manat zərər X2 ödənilmişdir. Cavabdeh yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə AR İXM-nin 327.1 və 332.1-ci maddələri təqsirli bilinərək inzibati qaydada 40 manat cərimə edilmişdir. Sığorta aktına əsasən sığortalı cavabdeh özüdür. Cavabdehə məxsus sürücülük vəsiqəsinin istifadə müddəti xx.xx.2025-ci il tarixinə qədərdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü bəndinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" ASC-nin cavabdehlər X3 və X4 qarşı subroqasiya qaydasında pul tələbinə dair iş üzrə 2(102)-2278/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin avtomobilin etibarnamə olmadan idarə etməsi onun nəqliyyat vasitəsini idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismarına hüququ olmayan kimi qəbul olunmasına əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini, məhkəmə təcrübəsini və məhkəmələrə tövsiyə olunan hüquqi mövqeyi işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, cavabdehin sürücülük hüququnun mövcudluğu baxımından, eləcə də onun özü sığortalı şəxs olduğundan iddiaçının ona qarşı tələb irəli sürməyə subroqasiya hüququ yaranmamışdır. Bu hal isə iddiaçının cavabdehə qarşı hazırki iddianı qaldırmağa subyektiv hüququnu istisna edir. Çünki, iddiaçı hüquqi ixtiyara malik olmadığından onun belə bir tələb etmək hüququ mövcud deyildir. Odur ki, iddia əsassızdır. Belə ki, qanunvericilikdə “hüququ olmayan şəxs” anlayışında nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs nəzərdə tutulmuş, həmçinin nəqliyyat vasitəsini istifadə etməyə hüququ olmayan şəxsə qarşı subroqasiya hüququnun yaranmasını sığortalının və ya sığorta olunanın xəbəri olmadan istismar edilməsi ilə şərtləndirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 1160 manat məbləğində vurulmuş zərərin və ödənilmiş 31.60 manat dövlət rüsumunun (cəmi 1191.60 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-727/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-727/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver