Məhkəmə qərarları › İş №e-2(060)-7271/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7271/2021

08.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7271/2021 08.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən akt əsasında iddiaçıya hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan iddiaçının mənzildən kənarda quraşdırılmış qaz sayğacına cavabdeh orqanın əməkdaşları tərəfindən 21 iyul 2020-ci ildə guya müdaxilə olunmasına dair akt tərtib etmişlər və bu akta əsasən cərimə hesablanmışdır. Qeyd edilən akt tərəfə təqdim edilməmişdir. İddiaçı qaz sərfiyyatının ödənişini online qaydada ödəmək istəyərkən borcun olmasını görmüş və X2 müraciət etmişdir. Akt barədə iddiaçı 2021-ci ilin iyun ayında məlumat almışdır. İddiaçı qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı dəyişdirilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, qaz sayğacı mənzildən kənarda yerləşir, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddia tamamilə əsassızdır. Sayğaca edilmiş vizual baxış zamanı müəyyən edilmişdir ki, sayğaca müdaxilə edilmişdir. Sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib. Bu səbəblə nümayəndə məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 10.04.2020-ci il tarixli, ******* saylı akta əsasən iddiaçıya məxsus mənzilin qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21.07.2020-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib. Həmin akta əsasən dəymiş zərərin hesablanması qeyd edilmişdir. İddiaçıya aid ünvanın **********0460 saylı abonent saldosunda iddiaçıya akt əsasında 216 manat borc hesablandığı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini, bununla bağlı cavabdehə iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan vurulduğunu və bunda iddiaçının təqsirli olduğunu sübut edə bilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 216 manat cərimənin silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 216 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 216 (iki yüz on altı) manat borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar