Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7277/2025 29.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli borc müqavilələrinə əsasən 892 (səkkiz yüz doxsan iki) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi olan 922 (doqquz yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarında XDK6173056 nömrəli və BXK6160635 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh müqavilələr əsasında ümumi dəyəri 1574 (bir min beş yüz yetmiş dörd) manat olan məişət avadanlığı (avadanlıqları) əldə etmişdir. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 892 (səkkiz yüz doxsan iki) manat əsas borcu qalmışdır. Cavabdeh müqavilə (müqavilələr) üzrə 892 (səkkiz yüz doxsan iki) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi olan 922 (doqquz yüz iyirmi iki) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.
3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı elektron kabinet vasitəsi ilə xx.xx.2026-cı il tarixdə ərizə göndərmiş, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
b) iddiaya etiraz
4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
5. İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BXK6160635 nömrəli borc müqaviləsi və təhvil-təslim aktından görünür ki, satıcı müqavilənin predmeti olan 980 manat olan məişət avadanlığını alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
6. İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, XDK6173056 nömrəli borc müqaviləsi və təhvil-təslim aktından görünür ki, satıcı müqavilənin predmeti olan 594 manat olan məişət avadanlığını alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
7. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Sadiqi-X2 İddiaçı MMC-yə hər iki müqavilə üzrə ümumilikdə 892 manat məbləğində borcu vardır.
8. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Sadiqi-X4 yazılı bildiriş ünvanlanmışdır.
b) mülki iş üzrə tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
c) məhkəmənin gəldiyi nəticə
11. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
12. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
13. Belə ki, borcun əsası olan müqavilə, müqaviləyə əlavə ödəniş cədvəli və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BXK6160635 nömrəli müqaviləyə əsasən cavabdeh məişət avadanlığı almış, məhsulun cəmi qiyməti 980 manat, ilkin ödəniş 0 manat olmaqla, aylıq ödəniş 49 manat olaraq razılaşdırılmış, məhsul alıcıya təhvil verilmişdir.Həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, XDK6173056 nömrəli müqaviləyə əsasən cavabdeh məişət avadanlığı almış, məhsulun cəmi qiyməti 594 manat, ilkin ödəniş 54 manat olmaqla, aylıq ödəniş 30 manat olaraq razılaşdırılmış, məhsul alıcıya təhvil verilmişdir.
14. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq hazırkı vaxta hər iki müqavilə üzrə ümumilikdə 892 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
15. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, və ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə hissəsi:
17. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 892 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 922 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva