Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7302/2023 21.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1960 (bir min doqquz yüz altmış) manat və 39,60 manat dövlət rüsumu, cəmi 1999,60 (bir min doqquz yüz doxsan doqquz manat 60 qəpik) manat borcun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin mart ayında halhazırda yaşadığı mənzili təmir etdirmişdir. Buna görə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, Hollivud Sinema klubla üzbəüz yerləşən “Senator Doors” qapı satışı mağazasına gəlmişdir. O, mağazanı işlədən hazırki iş üzrə Cavabdeh ilə söhbət etmiş və bir ədədi 370 manat olmaqla, 8 ədəd ağ rəngli qapı sifariş etmişdir. O, Cavabdeh həmin vaxt 100 manat beh vermiş və onlar öz aralarında xx.xx.2021-ci il tarixli “Sifariş Forması” olan sənədi imzalamış və həmin verdiyi 100 manat beh, qapıların sayı, ölçüləri və qalan 2960 manat həmin sənəddə qeyd edilmiş və razılaşmışlar. Cavabdeh ona bildirmişdir ki, nə vaxt istəsə gəlib pulu-2860 manatı verər, ona gətirib qapıları təhvil verər. Həmin vaxt yaşadığı mənzildə təmir getdiyi üçün o an qapılara ehtiyac olmamışdır. Təxminən 3 həftə sonra mağazadan işci ona zəng edərək bildirdi ki, onun sifariş etdiyi qapılar məhdud saydadır, gətirib qalan pulu versin, qapılar isə mağazada qalsın. O, da razılaşmış və 2021-ci il mart ayının sonunda qalan 2860 manatı Cavabdeh vermişdir. Təxminən 1 ay sonra ona qapılar lazım olmuş, bu vaxt o, Cavabdeh dəfələrlə zəng etməyinə baxmayaraq əlaqə yarada bilməmiş, mağazaya getdiyində isə artıq həmin mağaza bağlı olmuş və onlar bu mağazadan köçmüşdürlər. Həmin ərəfələrdə o, Cavabdeh ilə əlaqə yaratmağa çalışmış, lakin onunla heç bir əlaqə saxlaya bilməmişdir. Beləliklə, o, xx.xx.2021-ci tarixdə bu barədə Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41ci Polis Bölməsinə şikayət etmiş, bundan sonra Cavabdeh onunla görüşərək, onun cavabdehə verdiyi 2960 manat pulun 1000 manatını 2021-ci ilin iyun ayında qaytarmış, qalan 1960 manatı isə işləyib qaytaracağını bildirmişdir. Onu da qeyd edir ki, Cavabdeh Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində yazılı izahat verərək, ona borclu olduğunu etiraf etmişdir. Lakin o, bu günə qədər hələ də qalan 1960 manat pulu geri ala bilmir. Bu günədək Cavabdeh sifariş verdiyi qapılardan heç birini ona təhvil verməyib və qalıq borc-1960 manatı qaytarmaqdan imtina edir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2021-ci il tarixli sifariş formasından görünür ki, İddiaçı “Senator Doors” qapı satışı mağazasından 2960 manat dəyərində (bir ədədi 370 manat olmaqla, 8 ədəd) qapı sifariş etmiş və ilkin olaraq 100 manat beh ödəmişdir. İşdə olan 26 may 2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh 2960 manat pulu xx.xx.2021-ci il tarixədək İddiaçı geri ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində yazılmış xx.xx.2021-ci il tarixli izahat ərizəsindən görünür ki, Cavabdeh İddiaçı qapıların alqı-satqısı ilə bağlı ona 2960 (2860+100) manat pul ödədiyini, lakin işləri ilə əlaqədar nə qapıları, nə də pulu İddiaçı verə bilmədiyini etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qapı sifarişi ilə əlaqədar 2960 (2860+100) manat pul ödəmiş, cavabdeh həmin qapıları iddiaçıya təhvil verməmiş, həmin pulun 1000 manat hissəsini iddiaçıya geri qaytarsa da, qalan 1960 manat pulu ona ödəməmiş, nəticədə iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxsəldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1960 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 39.60 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-6.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1960 (bir min doqquz yüz altmış) manat borc və 39,60 (otuz doqquz manat altmış qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-7302/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7302/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver