Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7319/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı cavabdeh Məşədiyeva (Zahidova) Rəhilə Rasim qızına qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Məşədiyeva (Zahidova) Rəhilə Rasim qızına qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 aprel 2019-cu il və 16 aprel 2019-cu il tarixlərində Məşədiyeva (Zahidova) Rəhilə Rasim qizı ilə aralarında S3K5669454 nömrəli və S3K5669455 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S3K5669454 nömrəli müqavilə üzrə 704 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A7” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərimə götürmüşdür. S3K5669455 nömrəli müqavilə üzrə 875 manat dəyəri olan 1 ədəd “Beko" markalı televizor və 1 ədəd “Riffel” markalı ütü Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərimə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı S3K5669454 nömrəli müqavilə üzrə 45 manat ilkin ödəniş olmaqla, qalan 659 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 55 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5669455 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 875 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 37 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasənAlıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada, icra edilməmiş və nəticədə onun S3K5669454 nömrəli müqavilə üzrə 324 manat əsas, 97 manat dəbbə pulu olmaqla, 421 manat və S3K5669455 nömrəli müqavilə üzrə 574 manat əsas, 172 manat dəbbə pulu olmaqla, 746 manat borcu yaranmışdır. Alıcı tərəfindən S3K5669454 nömrəli, 16 aprel 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020ciil tarixdə 5 manat ödəniş və S3K5669455 nömrəli, 16 aprel 2019- cu il müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 5 manat ödəniş edilmişdir. Tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh Məşədiyeva (Zahidova) Rəhilə Rasim qızından S3K5669454 nömrəli, 16 aprel 2019-cu il tarixli müqavilə üzrə 324 manat əsas, 97 manat dəbbə pulu və S3K5669455 nömrəli, 16 aprel 2019-cu il tarixli müqavilə üzrə 574 manat əsas, 172 manat dəbbə pulu və 32 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1199 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə:
7. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı 704 manat dəyərində olan 1 ədəd “Samsung Galaxy A7 Black” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaya görə 12 ay ödəniş cədvəli üzrə ilkin ödəniş 45 manat etməklə cəmi 704 manat ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı 875 manat dəyərində olan 1 ədəd “Beko Led TV” markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyaya görə 24 ay ödəniş cədvəli üzrə ilkin ödəniş olmadan cəmi 875 manat ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışlarına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, S3K5669454 saylı və S3K5669455 saylı müqavilələr üzrə xx.xx.2023-cü il tarixə müvafiq olaraq 324 manat əsas, 97 manat dəbbə pulu, 574 manat əsas172 manat dəbbə pulu və 32 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1199 manat məbləğində borcu mövcuddur.
10. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
12. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
13. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
14. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
15. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
18. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, S3K5669454 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə borcu 20 manat, xx.xx.2019-cu il tarixli, S3K5669455 nömrəli müqavilə üzrə cərimə borcu 30 manat məbləğində müəyyən edilməlidir.
19. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Məşədiyeva (Zahidova) Rəhilə Rasim qızından xx.xx.2019-cu il tarixli, S3K5669454 saylı alqı-satqı müqaviləsinə əsasən 324 (üç yüz iyirmi dörd) manat əsas, 20 (iyirmi) manat cərimə, cəmi 344 (üç yüz qırx dörd) manat, xx.xx.2019-cu il tarixli, S3K5669455 saylı alqı-satqı müqaviləsinə əsasən 574 (beş yüz yetmiş dörd) manat əsas, 30 (otuz) manat cərimə, cəmi 604 (altı yüz dörd) manat olmaqla, ümumilikdə 948 (doqquz yüz qırx səkkiz) manat məbləğində pul və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Məşədiyeva (Zahidova) Rəhilə Rasim qızından xx.xx.2019-cu il tarixli, S3K5669454 saylı alqı-satqı müqaviləsinə əsasən 324 (üç yüz iyirmi dörd) manat əsas, 20 (iyirmi) manat cərimə, cəmi 344 (üç yüz qırx dörd) manat, xx.xx.2019-cu il tarixli, S3K5669455 saylı alqı-satqı müqaviləsinə əsasən 574 (beş yüz yetmiş dörd) manat əsas, 30 (otuz) manat cərimə, cəmi 604 (altı yüz dörd) manat olmaqla, ümumilikdə 948 (doqquz yüz qırx səkkiz) manat məbləğində pul və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Şəbnəm Həxiyeva