Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-749/2025 25.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X7 Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 833,94 manat borcun (abonent kodu:**********430) və 30 manat dövlət rüsumunun tutularaq «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu:**********430) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablanmışdır. Həmin ünvana xx.xx.2019-cu il tarixində CSS-20 markalı, 19032083 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 833,94 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
Tərəflərin mövqeləri:
3. İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3 nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, yataqxanada yaşayır. Evdə tək qalır. Sayğac quraşdırılana qədər də evdə tək yaşamışdır. Tək şəxsin sudan bu qədər istifadə etməsi qeyri-mümkündür. 20 kub sudan istifadə ay ərzində tək şəxs üçün mümkün deyildir. Tədqiq olunan sübutlar:
5. Abonent kartından görünür ki, abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 833,94 manat borcu yaranmışdır.
6. İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X7 tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən 7 iş günü müddətində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulacağı barədə xəbərdarlıq olunmuşdur.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
9. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun
-4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. -4.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. -30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və ya müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. -61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. -62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın
-2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. -4.1.3-cü maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. -5.1.5-ci maddəsinə əsasən istehlakçının hüquqlarına verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ aid edilmişdir. -7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
1. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
2. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında **********430 abonent kodu ilə su təchizatı sistemindən su buraxılması xidmətindən istifadə edir. Cavabdehə 13 iyul 2019-cu il tarixdək əhali qrupuna aid olan istehlakçı kimi sudan istifadəyə və axıdılmış tullantı sularına görə borc məbləği hesablanmış, 13 iyul 2019-cu il tarixdən isə cavabdehin istifadəsində olan adı qeyd edilən ünvana sayğac quraşdırılmışdır. Həmin tarixdən sudan istifadəyə və axıdılmış tullantı sularına görə ödənilməli olan vəsaitin həcmi sayğacın göstəricilərinə əsasən müəyyən edilmişdir.
3. Məhkəmə iclasında iştirak edən cavabdeh həmin ünvanda tək yaşadığını, lakin iddiaçı tərəfindən 2 (iki) nəfər ailə tərkibinə görə sudan istifadə ilə bağlı hesabatın aparıldığını bildirmiş və həmin hissədə iddianı qəbul etməmişdir.
4. Məhkəmə cavabdehin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh 13 iyul 2019-cu il tarixədək əhali qrupu abonentinə aid olduğundan ona ona su təchizatı və tullantı sularına görə ödənişin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 7.4-cü maddəsinə uyğun olaraq istehlakçı tərəfindən qeydiyyatda olan şəxslərin sayı barədə təqdim edilmiş sənəd əsasında ona məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə aparılmalı idi. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil-Kommunasl sahəsinin 68 və 69 saylı 22 yanvar 2025-ci il tarixli arayışlarından görünür ki, cavabdehin oğlu X6 oğlu və arvadı Nəciyeva Anaxanım Zəki qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar. Həmin şəxslər cavabdehin istifadəsində olan mənzildə qeydiyyatda olmadıqları halda, iddiaçı tərəfindən həmin şəxslərdə nəzərə alınmaqla cavabdehə sudan istifadəyə görə əvəllər 3 (üç) nəfər, daha sonra isə 2 (nəfər) ailə tərkibinə uyğun hesabat aparılmışdır. Beləliklə adları qeyd edilən şəxslərin cavabdehə məxsus mənzildə qeydiyyatda olmaları qeyd edilən sənədlərlə təkzib olunur. İddiaçı tərəfdə həmin şəxslərin 13 iyul 2019-cu il tarixədək cavabdehə məxsus mənzildə qeydiyyatda olmalarını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
6. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "xxxx" Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə 06 yanvar 2007-ci il tarixli qərarından görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə dair cədvəlin 1.1-ci sətrində əhali istehlakçı qrupu üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 kub metr su istehlakına görə 0,30 manat, tullantı sularına görə 0,06 manat vəsaitin ödənilməli olması müəyyən edilmişdir.
7. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Tarif Şurasının 13 may 2016-cı il tarixli qərarının 4-cü bəndinə əsasən sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə dair cədvəlin 1.1.1-ci sətrində əhali istehlakçı qrupu üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 kub metr su istehlakına görə 0,35 manat vəsaitin ödənilməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərarı ilə həmin qərarın 1-ci bəndi ilə təsdiq edilmiş cədvəlin 1.1.1-ci sətrində “0,35” rəqəmi “0,70” rəqəmi ilə, 1.1.2-ci sətrində “0,30” rəqəmi “0,60” rəqəmi ilə, 2.1-ci sətrində “0,15” rəqəmi “0,30” rəqəmi ilə əvəz edilmişdir.
8. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının oğlu və arvadı onunla birgə yaşamadığından və onunla birgə təsərrüfat aparmadığından cavabdehin istifadəsində olan mənzilə sayğac quraşdırıldığı tarixədək, yəni 13 iyul 2029cu il tarixədək su təchizatı və tullantı sularına görə ödənişin məbləği bir nəfər ailə üzvünə görə hesablanmalıdır.
9. Məhkəmə cavabdehin istifadəsində olan ünvan 1 ünvanına sayğac quraşdırıldığı tarixdən sonra, yəni 13 iyul 2019-cu il tarixdən sonra hesablanmış su təchizatı və tullantı sularına görə ödənişin məbləğini əsaslı hesab edir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin qaydaların 4.1.3-cü maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir.
10. Hazırki halda isə cavabdeh qeyd olunan normalarının tələblərinə uyğun olaraq suölçən cihazın göstəricilərinə əsasən suyun və axıdılan tullantı sularının dəyərini iddiaçı müəssisəyə ödəməmişdir. Halbuki cavabdehin 13 iyul 2019-cu il tarixədək bir nəfər ailə tərkibinə görə, həmin tarixdən sonra isə sayğacın göstəricilərinə görə suyun və axıdılan tullantı sularının dəyərini iddiaçıya ödəmək öhdəliyi yaranmışdır.
11. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 612 (altı yüz on iki) manat, 54 (əlli dörd) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X5 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Nəticə:
12. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 612 (altı yüz on iki) manat, 54 (əlli dörd) qəpik məbləğində pul vəsaiti tutularaq «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva