Məhkəmə qərarları › İş №e-2(060)-8166/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-8166/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8166/2025 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kodu **********41908 olan “Xiaomi Poco X6 Pro 5G” markalı telefon, “Energy Sistem” qulaqlıq, qızıl zəmanət ultra 2 il xidməti, İmei kodu **********67878 olan “Oppo A18” markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti almış və nəticədə 1581,41 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1311,84 manat, İmei kodu **********41908 olan “Xiaomi Poco X6 Pro 5G” markalı telefon, “Energy Sistem” qulaqlıq, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə 1443,02 manat olmaqla, ondan 1311,84 manat ödənilməmiş hissə, güzəşt olunaraq 131,18 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 375,66 manat, İmei kodu **********67878 olan “Oppo A18” markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə 138,39 manat olmaqla, ondan 104,35 manat ödənilməmiş hissə, İnnovativ layihələr mərkəzinə ödənilən 23,6 manat rüsum, güzəşt olunaraq 10,44 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 271,31 manat təşkil edir. Göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********41908 olan “Xiaomi Poco X6 Pro 5G” markalı telefon, “Energy Sistem” qulaqlıq, qızıl zəmanət ultra 2 il xidməti üçün 1311,84 manat ödənilməmiş hissə, 131,18 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********67878 olan “Oppo A18” markalı telefon, qızıl zəmanət 3 il xidməti üçün 104,35 manat ödənilməmiş hissə, İnnovativ layihələr mərkəzinə ödənilən 23,6 manat rüsum, 10,44 manat cərimə olmaqla, ümumilikdə 1581,41 manat borc, 35,82 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04096622 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********67878 olan “Oppo A18” markalı telefon, qızıl zəmanət ultra 3 il xidmətini Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 375,66 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə, hər ay 20,87 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində onun üçün "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində malları (xidmətləri) "xxxx" MMC-yə sifariş verir, "xxxx" MMC həmin malı müqavilədə göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəyir.

9. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh istifadəsində olan 070 *** ** ** mobil nömrəsindən göndərilən sms məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin mobil nömrədən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır.

10. xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İmei kodu **********41908 olan “ Xiaomi Poco X6 Pro 5G” markalı telefon, “Energy Sistem” qulaqlıq, qızıl zəmanət ultra 2 il xidmətini təhvil almışdır.

11. xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən 18 ay müddətinə hər ayın 24-ü olmaqla, hər ay 72,88 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

12. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 02 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1311,84 manat ödənilməmiş hissə, 131,18 manat cərimə olmaqla, cəmi 1443,02 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 104,35 manat ödənilməmiş hissə, 23,6 innovativ layihələr mərkəzi rüsumu, 10,44 manat cərimə borcu olmaqla, cəmi 138,39 manat, ümumilikdə 1581,41 manat ödənilməmiş borcu vardır.

13. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 02 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İmei kodu **********67878 olan “Oppo A18” markalı telefonun açılıb-bağlanılması xidmətinə görə X1 23,60 manat pul ödənilmişdir.

14. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh müqavilə əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

18. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

19. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

20. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

21. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissədə qismən təmin edilərək, xx.xx.2025-ci il tarixli müqavilə üzrə dəbbə pulu 40 manat məbləğində müəyyən edilməlidir.

25. Məhkəmə iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh məhkəmə xərci olaraq İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 (iyirmi üç manat, altmış qəpik) manatın cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

26. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı sözügedən iş üzrə tələb etdiyi 23,6 (iyirmi üç manat, altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzi rüsumunu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər.

27. Hazırki vəziyyətdə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və iddiaçı sözügedən işlə bağlı həmin xərci çəkməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.

28. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 34,67 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

30. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1311,84 (bir min üç yüz on bir manat, səksən dörd qəpik) manat ödənilməmiş hissə, 40 (qırx manat) manat cərimə borcu olmaqla, cəmi 1351,84 (bir min üç yüz əlli bir manat, səksən dörd qəpik) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 104,35 (bir yüz dörd manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 10,44 (on manat, qırx dörd qəpik) cərimə borcu olmaqla, cəmi 114,79 (bir yüz on dörd manat, yetmiş doqquz qəpik) manat, ümumilikdə 1466,63 (bir min dörd yüz altmış altı manat, altmış üç qəpik) məbləğində pul və ödənilmiş 34,67 (otuz dörd manat, altmış yeddi qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1311,84 (bir min üç yüz on bir manat, səksən dörd qəpik) manat ödənilməmiş hissə, 40 (qırx manat) manat cərimə borcu olmaqla, cəmi 1351,84 (bir min üç yüz əlli bir manat, səksən dörd qəpik) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 104,35 (bir yüz dörd manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 10,44 (on manat, qırx dörd qəpik) cərimə borcu olmaqla, cəmi 114,79 (bir yüz on dörd manat, yetmiş doqquz qəpik) manat, ümumilikdə 1466,63 (bir min dörd yüz altmış altı manat, altmış üç qəpik) məbləğində pul və ödənilmiş 34,67 (otuz dörd manat, altmış yeddi qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar