Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-848/2025 09.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 140 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 170 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “MERCEDES BENZ VİTO” markalı, 90–NK–668 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il dekabrın 15-də Cavabdeh idarə etdiyi “MERCEDES BENZ VİTO” markalı, 90–NK–668 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, 20 Yanvar dairəsində “MERCEDES BENZ E270” markalı, 99–FP– 265 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Bakı DYP-in xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı DYP-in xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta haqqında qərarıilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 302 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ E270” markalı, 99–FP–265 dövlət nömrə nişanlı avtomobilə 140 manat zərər dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 140 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X1 ödəmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
3. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, PXA********** nömrəli müqaviləyə əsasən “MERCEDES BENZ VİTO” markalı, 90–NK–668 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanmışdır.
4. İşdə olan PXA96951 saylı Sığorta Aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək sığortalanmış “MERCEDES BENZ VİTO” markalı, 90–NK–668 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə, saat 10:12 radələrində “MERCEDES BENZ E270” markalı, 99–FP–265 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur.
5. İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur.
6. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 328 nömrəli qüsur aktından görünür ki, “MERCEDES BENZ E270” markalı, 99–FP–265 dövlət nömrə nişanlı avtomobilə vurulmuş zərər 140 manat məbləğindədir.
7. İşdə olan kart hesabından xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən AZ74HAJC******************** nömrəli hesaba 140 manat məbləğində ödəniş edilmişdir.
8. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 355 saylı pretenziya məktubunun surətindən görünür ki, şirkət tərəfindən həyata keçirilmiş 140 manat sığorta ödənişinin 7 təqvim günü ərzində müvafiq sığorta şirkətinə ödənilməsi ona təklif edilmiş, əks halda, bununla əlaqədar, həmin sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “MERCEDES BENZ VİTO” markalı, 90–NK–668 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə, saat 10:12 radələrində “MERCEDES BENZ E270” markalı, 99–FP–265 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur, nəticədə sonuncu avtomobilə 140 manat maddi zərər vurulmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 140 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
11. “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda.
12. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “MERCEDES BENZ VİTO” markalı, 90–NK–668 dövlət nömrə nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. Bu səbəbdən iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır.
14. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi 140 manat pul Cavabdeh tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi təmin edilməlidir.
15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.
17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
18. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Nəticə hissəsi: 19.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 140 (bir yüz qırx) manat zərər və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva