Məhkəmə qərarları › İş №e-2(060)-850/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-850/2025

07.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-850/2025 07.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1.819,86 manat borcun (abonent kodu:**********013) və 38.20 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsi iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu:**********013) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablanmışdır. Həmin ünvana xx.xx.2012-ci il tarixində SSS-15 markalı, 931706 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024cü il tarixinə 1.819,86 (min səkkiz yüz on doqquz manat, səksən altı qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3.Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında İri şəhərlərin X1 PHŞ-nin ona qarşı borcun tələbi ilə bağlı mülki iş vardır. Həmin iddia tələbində qarşı tərəf ondan 2015-ci ildən sonra yaranmış su sərfiyyatına görə borcu tələb edir. Bildirmək istəyir ki, o, uzun müddət yataq xəstəsi olmuşdur. Hazırda iddiaçının tələb etdiyi pulu bu vaxta kimi ondan tələb etməyiblər, yalnız 10 ildən sonra qarşı tərəf məhkəmədə ona qarşı hazırki iddianı qaldırmışdır. Belə hesab edir ki, yalnız son 3 il üzrə yaranmış borcu iddiaçı ondan iddia edə bilər. Bundan başqa həmin borca qarşı tərəf kanalizasiya xidmətlərinə görə də borc hesablamışdır. Halbuki bu ərazidə kanalizasiya xidmətləri yoxdur. Bu səbəbdən də o, yalnız son 3 ilə görə sudan istifadə ilə bağlı hesablanmış və tərəfindən ödənilməyən borcu ödəyə bilər (kanalizasiya xidmətlərinə görə hesablanan borc və son 3 ildə ödədiyi vəsaitlər çıxılmaqla).Cavabdeh qeyd edilənlərə əsasən iddiaçı İri şəhərlərin X1 PHŞ-nin ona qarşı borcun tələbi ilə bağlı iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iştirak edən iddiaçı “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh mütəmadi olaraq sudan istifadə etmiş, lakin borcunu ödəməmişdir. xx.xx.2024-cü il tarixədək cavabdehin borcu 1819.86 manat təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə hər ay bildirişlər və xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Qeyd edir ki, cavabdehə məxsus sayğac 2012-ci ildə quraşdırılmışdır. Cavabdehin evində kanalizasiya xətti yoxdur, lakin həmin xidmətlə bağlı da ona hesabat aparılır. Bundan başqa iddia müddətinin tətbiqi barədə ərizənin həllini məhkəmənin mülahizəsinə verir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, 2015-ci ildə Pirallahı ərazisində körpü tikintisi zamanı ağır xəsarət almışdır. Onun hazırki vəziyyətinin səbəbkarı prokurorluq və məhkəmə orqanlarıdır.Ona aldığı xəsarətlə əlaqədar təzminat ödənməli idi. Lakin, məhkəmələr işinə düzgün baxmamışdır. Maddi vəziyyəti hazırda olduqca ağırdır. Bununla əlaqədar hazırda ödəniş edə bilmir. Bundan başqa iddiaçı ondan qanunsuz olaraq kanalizasiya pulu tələb edir. Belə ki, onun evində kanalizasiya xətti yoxdur. Ondan uzun müddət kanalizasiya pulu tutulmuşdur. Sayğacının smart sayğacla əvəz edilməsini istəyir. Cavabdeh qərar qəbul edilərkən səhhətindəki problemlər nəticəsində işləyə bilməməsinin, məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsinin nəzərə alınmasını və borcunun azaldılmasını xahiş etdi. 6.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İş materiallarında olan abonent kartından görünür ki, Cavabdeh ilə "xxxx" ASC (hazırda “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsi) arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 1819.86 manat məbləğində borc hesablanmışdır. 8.Cavabdeh yaranmış borcun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin buna baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı ünvan 1 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hazırda 1819.86 manat məbləğində borcu vardır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında cavabdehin mənzilinə tullantı sularının axıdılması xidmətlərinin göstərilmədiyini bildirmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia tələbini qismən qəbul etmiş və borcunun azaldılmasını xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. 11.“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 12.Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 13.Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). 14.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). 16.Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 18.Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gəldiyindən iddiaçı “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin tələbinə üç illik iddia müddəti şamil edilməlidir.

19. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi borc məbləğinin 936,03 manat hissəsi üzrə (xx.xx.2021-ci ildən əvvəlki tarixə hesablanmış borc) mülki qanunvericilikdə nəzərdə tutulan iddia müddəti keçmişdir.

20. Belə ki, iş materiallarına əlavə edilmiş abonent kartından görünür ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat aparılmış, 2019-cu ildə 361 manat, 2020-ci ildə 450,50 manat, 2021ci ildə xx.xx.2021-ci il tarixədək 124,53 manat borc hesablanmışdır.

21. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən xx.xx.2021-ci il tarixədək dövr üçün yaranmış borc üzrə 3 illik iddia müddətini ötürmüşdür.

22. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanına iddiaçı tərəfindən tullantı sularının axıdılması xidmətləri göstərilmir.

23. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tələb edilən borcun iddia müddəti ötürülməyən 883,83 manat hissəsindən tullantı sularının axıdılması xidmətlərinə görə hesablanmış 377,7 manat borc da (müvafiq olaraq illər üzrə 7,20+63.9+206.1+100.5) çıxılmalıdır.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, su təchizatı xidmətlərindən istifadəyə görə cavabdehdən iddiaçının xeyrinə 506,13 (883,83-377.7) manat məbləğində borc tutulmalıdır.

25. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən (təxminənn 30% həcmində) təmin edildiyindən, ödənilmiş dövlət rusumunun 12 manatı hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

26. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

Nəticə hissəsi: 27.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********013) 506,13 (beş yüz altı manat on üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 12 (on iki) manat hissəsi tutularaq “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar