Məhkəmə qərarları › İş №e-2(060)-87/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-87/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-87/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Cavabdeh1 məxsus “Toyota Prius” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixində idarə edərkən Bakı şəhəri, S.Orucov küçəsi ərazisində "xxxx" ASC tərəfindən MV-C 00376-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Mercedes Benz V250” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz V250” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 8277,01 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı Şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 4164,95 sığorta ödənişi ödənilmiş, yerdə qalan 4112,06 manat məbləğ isə Cavabdeh2 tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0537/23 nömrəli məktubla Cavabdeh2 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Göstərilənlərə əsasən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4112,06 manat və ödənilmiş dövlət rüsumuna görə 61,12 manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hadisə baş verən zaman polis əməkdaşları hadisə yerinə yaxınlaşaraq, lazımi tədbirləri həyata keçirmişlər. Daha sonra, o, sözügedən avtomobili təmir etdirmiş və qəza ilə bağlı müəyyən olunmuş cərimə ödənişini həyata keçirmişdir. Hadisədən təxminən 6-7 ay sonra "xxxx" ASC-nin əməkdaşları əlaqə saxlayaraq, avtomobilə dəymiş zərərin məbləğini bildirdilər. Belə ki, "xxxx" ASC-nin əməkdaşları dəymiş zərərin 8000 manatdan çox olduğunu bildirdilər. O, avtomobili sığorta etdirdiyi şirkətlə əlaqə saxlamış və dəymiş zərərin 4164,95 manat olduğunu bildirmişlər. Əlavə olaraq da qeyd edir ki, avtomobilə dəymiş zərərin qiymətləndirilməsində o, iştirak etməmişdir. "xxxx" ASC-nin müəyyən etdiyi məbləğ şişirdilmiş məbləğdir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 özünə məxsus olan “Toyota Prius (Hibrid)” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixədək Cavabdeh2 istifadəsinə vermişdir.

9. İş materiallarında olan İXP № ******* saylı, xx.xx.2022-ci il tarixli Bakı şəhər DYPİnin inzibati xəta haqqında protokolundan və TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətlərindən görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir.

10. İş materiallarında olan “X6” MMC tərəfindən verilmiş AM00006106 saylı, xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, “Mercedes Benz V250” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (ƏDV daxil olmaqla) 8377,01 manat məbləğində ziyan dəymişdir.

11. İş materiallarında olan MVC0010/23 saylı, xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Mercedes Benz V250” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 8377,01 manat, ödənilmiş sığorta ödənişinin məbləği 8277,01 manat təşkil edir.

12. İşin materiallarında olan 327 saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “X6” MMC-nin hesabına 8377,01 manat pul köçürülmüşdür.

13. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4164,95 manat pul köçürülmüşdür.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7995 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “Mercedes Benz V250” markalı, ** AD *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6599 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 “Toyota Prius (Hibrid)” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə sığortalanmış “Mercedes Benz V250” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibinə maddi ziyan vurulmuşdur. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən 8277,01 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bundan sonra sığortalıya ödənilmiş 8277,01 manat məbləğində sığorta ödənişinin 4164,95 manat təşkil edən hissəsi «Аvtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə "xxxx" ASC-dən tələb olunmuş və adı çəkilən sığorta şirkəti tərəfindən 4164,95 manat məbləğ "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Hazırda "xxxx" ASC subroqasiya qaydasında qalan 4112,06 manat məbləğində pulu cavabdehlərdən məhkəmə qaydasında tələb edir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

17. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

18. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

19. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il tarixli 4 nömrəli bülletendən görünür ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. …Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üsüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti 23 Ali Məhkəmənin bülleteni 2020 iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. … Nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir.

21. Göründüyü kimi yol nəqliyyat hadisəsi vaxtı Cavabdeh2 yüksək təhlükə mənbəyi olan “Toyota Prius” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə etmiş, digər Cavabdeh1 isə həmin avtomobili ona etibarnamə əsasında istifadəsinə vermişdir.

22. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh2 sahibliyində və istifadəsində olduğundan, həmçinin, onun Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh2 məsuliyyət daşımalı, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

23. Bundan əlavə, məhkəmə iclasında işə baxılarkən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7995 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə sığortalı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6599 manat miqdarında müəyyən edilmişdir.

24. Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtomobilə real olaraq 6599 manat məbləğində ziyanın vurulması və "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4164,95 manat məbləğində sığorta ödənişinin verilməsi nəzərə alınaraq iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 2434,05 manat (6599-4164,95= 2434,05) məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

25. "xxxx" ASC tərəfindən sığortalıya artıq məbləğin ödənilməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı artıq ödənilmiş məbləğlə əlaqədar məbləğin ödənildiyi şəxsə qarşı iddia tələbini irəli sürmək hüququna malikdir.

26. Məhkəmə iddia tələbinin “müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

27. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumuna görə 61,12 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, ödənilmiş dövlət rüsumunun yarısı olaraq 31,12 (otuz bir manat, on iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, dövlət rüsumunun qalan 30 (otuz) manat hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilməlidir.

28. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 2434,05 (iki min dörd yüz otuz dörd manat, beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

30. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı "xxxx" ASC və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

Nəticə hissəsi:

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 2434,05 (iki min dörd yüz otuz dörd manat, beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun yarısı olaraq 31,12 (otuz bir manat, on iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumunun qalan 30 (otuz) manat hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı "xxxx" ASCdən və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar