Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1062/2024 24.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Tovuz şəhərində 04 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq borc tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01 iyun 2022-ci il tarixli WP0343 saylı nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 1 ədəd 848 manat dəyərində Şuşa Künc divan 3+2, 1 ədəd 2219 manat dəyərində Nepal yataq dəsti, 1 ədəd 143 manat dəyərində yuxu döşək 1600*2000, 6 ədəd ədədi 104 manat olan ümumi dəyəri 626 manat dəyərində Şah stul, 1 ədd 268 manat dəyərində Röya masa açılan, 1 ədəd 614 manat dəyərində Röya kamod, 1 ədəd 482 manat dəyərində Röya vitrin iki qapı ümumi 5200 manat təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Cavabdeh ümumidə 5200 manat dəyərində olan məhsul üçün 2000 manat ilkin ödəniş edilmiş, daha sonrakı ödəniş edildikdən sonra 949 manat qalıq borc qalmışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Ona görə də Cavabdeh "xxxx" MMC-nin xeyrinə 949 manat əsas, 251 manat cərimə olmaqla cəmi 1200 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 32 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 01 iyun 2022-ci il tarixli WP0343 (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən 1 ədəd 848 manat dəyərində Şuşa Künc divan 3+2, 1 ədəd 2219 manat dəyərində Nepal yataq dəsti, 1 ədəd 143 manat dəyərində yuxu döşək 1600*2000, 6 ədəd ədədi 104 manat olan ümumi dəyəri 626 manat dəyərində Şah stul, 1 ədd 268 manat dəyərində Röya masa açılan, 1 ədəd 614 manat dəyərində Röya kamod, 1 ədəd 482 manat dəyərində Röya vitrin iki qapı verilmiş və nəticədə 5200 manatlıq öhdəlik verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01 iyun 2022-ci il tarixli WP0343 saylı müqaviləyə əsasən sonuncu 5200 manat məbləğində müəyyən əmlaklar almış, ilkin ödəniş və ayrı-ayrı vaxtlarda da ödənişlər etdikdən sonra cəmi 949 manat borcu qalmışdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Bundan başqa, iddiaçı cavabdehdən gecikdirilmiş ödənişlərə görə 251 manat cərimə tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 01 iyun 2022-ci il tarixli WP0343 saylı müqaviləyə əsasən, 949 manat əsas borc pul və 10 manat cərimə borcu olmaqla cəmi 959 manat alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi 32 manat dövlət rüsumunun 30 manatı cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir.Ödənilmiş dövlət rüsümu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 01 iyun 2022-ci il tarixli WP0343 saylı müqaviləyə əsasən, 949 manat əsas borc, 10 manat cərimə olmaqla, cəmi 959 manat və dövlət rüsumu hesabına ödənilmiş 32 manat alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1062/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1062/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver