Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-133/2025 11.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 6271 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 84 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 08 sentyabr 2023-cü il tarixli K-649-A-PCC- 23 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh Cəmiyyətdən BAİC X3 minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi almışdır. Satılmış nəqliyyat vasitəsinin dəyəri tərəflər arasında 42271 manat məbləğində razılaşdırılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən ilkin olaraq 6300 manat məbləğində ilkin ödəniş icra edilmişdir. Qalan 35971 manat məbləğində pulun müqavilənin 02 saylı Əlavəsinə əsasən hər ay 600 manat məbləğində hissə-hissə olmaqla ödənilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. Müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi saz halda cavabdehə təhvil verilmişdir. 25 fevral 2024-cü il tarixində cavabdeh yol nəqliyyat hadisəsi törətmiş və bunun da nəticəsində qeyd edilən nəqliyyat vasitəsi tamamilə məhv olmuşdur. Qeyd edilən nəqliyyat vasitəsi Paşa Sığorta ASC-də tam sığorta olunduğu üçün həmin Cəmiyyət nəqliyyat vasitəsinin bazar dəyərini 27000 manat məbləğində qiymətləndirmişdir. Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsindən sonrakı qalıq dəyəri isə 8000 manat qiymətləndirilmişdir. Sığorta müqaviləsinə əsasən 300 manat məbləğində şərtsiz azadolma (franşiza) məbləği çıxıldıqdan sonra18700 manat məbləğində sığorta ödənişi İddiaçı MMC -yə ödənilmişdir. Hazırda aralarında bağlanmış xx.xx.2023-cu il tarixli K-649-A-PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən 18700 manat məbləğində sığorta ödənişi və nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsindən sonrakı qalıq dəyərini təşkil edən 8000 manat məbləğində pulu çıxdıqdan sonra cavabdehin Cəmiyyətə 6271 manat borcu qalmışdır. Lakin baş vermiş yol nəqliyyat hadisəsindən sonra cavabdeh avtomobilin müddətli satışı üzrə muqaviləyə əsasən aldığı nəqliyyat vasitəsinin qalıq dəyərini ödəməkdən imtina edir. Bununla bağlı dəfələrlə ona şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öz ohdəliyini icra etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi olana kimi aylıq ödənişlər tam edilmişdir. Avtomobil qəzaya xx.xx.2024-cü ildə düşmüş və bundan sonra xx.xx.2024-cü ildə cavabdeh avtomobili Cəmiyyətə təhvil vermişdir. Hazırda tələb olunan pul nisyə alqı-satqı müqaviləsi üzrə avtomobilin dəyərindən geri qalan puldur. Yəni edilmiş aylıq ödənişlər, ilkin ödəniş və sığorta ödənişi çıxıldıqdan sonra geridə qalan avtomobilin dəyəridir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixli, K-649-A-PCC-23 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən ilkin 6300 manat ödəniş etməklə dəyəri 42271 manat olan BAİC X3 minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nisyə olaraq almışdır. Geri qalan məbləği isə 60 ay müddətə hər ay 600 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Avtomobil onun sahibliyində olan müddət ərzində aylıq ödənişləri ödəmişdir. Lakin xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində maşın zədələnmişdir. Bundan sonra Cəmiyyətin müraciəti üzrə nəqliyyat vasitəsini təhvil vermişdir. Sığorta ödənişi belə iddiaçı tərəfindən əldə edilmişdir. Lakin avtomobili servisdə təmir etdirərək ona geri qaytarmamışlar. Bununla belə nəqliyyat vasitəsinin geri qalan dəyərini tələb edirlər. Necə ola bilər ki, həm avtomobil Cəmiyyətə geri qaytarılsın, həm sığorta ödənişini alsınlar, həm də alqı-satqı üzrə geri qalan məbləği tələb etsinlər. İddia tələbini göstərilənlərə əsasən əsassız sayır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 08.09. 2023-cü il tarixli K- 649-A-PCC-23 saylı avtomobilin müddətli satışı üzrə müqavilədən görünür ki, satıcı BAİC X3 minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilkin olaraq 6300 manat ödəmək şərti ilə 60 ay müddətinə aylıq 600 manat hissə-hissə ödənilməsi üzrə alıcıya satması barədə razılığa gəlmişdir. Nəqliyyat vasitəsinin BB464585 saylı şəhadətnaməsindən görünür ki, BAİC X3 minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə İddiaçı MMC-yə məxsusdur. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh BAİC X3 minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozduğu üçün 80 manat məbləğində cərimə edilmişdir. Sığortaçı "xxxx" ASC ilə İddiaçı MMC arasında tərtib edilmiş 16.04.24-cü il tarixli aktdan görünür ki, MC-MİC-1796/23 saylı sığorta şəhadətnaməsi əsasında sığorta edilmiş və xx.xx.2024-cü il tarixdə qəzaya uğramış BAİC X3 minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tam itkiyə məruz qalmışdır. Avtomobilin hadisədən sonra qalıq hissə dəyəri 8000 manat, bazar dəyəri isə 27000 manatdır. Avtomobilin qalıq hissəsi müvafiq olaraq sığortalının öhdəliyində qalır. Hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən sığortalı İddiaçı MMC-nin hesabına xx.xx.2024-cü il tarixdə qəzaya uğramış BAİC X3 minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 18700 manat sığorta ödənişi edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə alqı-satqı müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyəti, mülkiyyət hüququ və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsasları və həyata keçirilməsi qaydası mülki qanunvericiliklə müəyyənləşdirilir. Həmçinin müqavilə və digər öhdəlik münasibətlərinin, habelə sair əmlak münasibətlərinin və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərinin tənzimlənməsi mülki qanunvericiliklə həyata keçirilir. Mülki qanunvericilik bu vəzifələri həyata keçirərkən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsini əsas prinsiplər kimi müəyyən edir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 2.2 və 6-cı maddələri). Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi müəyyən olunmuşdur. Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını müəyyən edən 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1, 324.2 və 324.4-cü maddələri). Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 08.09. 2023-cü il tarixli K-649-A-PCC-23 saylı avtomobilin müddətli satışı müqaviləsi üzrə alıcı olaraq cavabdeh satıcı olan iddiaçıdan BAİC X3 minik markalı **-PX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilkin ödəniş 6300 manat olmaqla 60 ay müddətinə aylıq 600 manat hissə-hissə ödəmək şərti ilə nisyə almışdır. Həmin nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə İddiaçı MMC-yə məxsusdur. İddiaçı tərəfindən avtomobil cavabdehin sahibliyinə verilmiş və onun istifadəsində olmuşdur. Bu zaman ərzində cavabdeh aylıq ödənişləri vaxtında icra etmişdir. Lakin xx.xx.2024-cü il tarixdə cavabdeh yol-nəqliyyat hadisəsi törətmiş və avqtonəqliyyat vasitəsi zədə almışdır. Bundan sonra onun tərəfindən avqtonəqliyyat vasitəsi iddiaçının müraciəti əsasında xx.xx.2024-cü il tarixdə Cəmiyyətə təhvil verilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə "xxxx" ASC tərəfindən sığortalı İddiaçı MMC-nin hesabına xx.xx.2024-cü il tarixdə qəzaya uğramış BAİC X3 minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 18700 manat sığorta ödənişi edilmişdir. Hazırda isə iddiaçı avtomobilin dəyəri üzrə ilkin ödəniş, edilmiş aylıq ödənişlər və sığorta ödənişi çıxılmaqla geri qalan 6274 manat pulu tələb edir. Mülki Məcəllənin 567-ci maddəsində təsbit edilmişdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur (Mülki Məcəllənin 568.1 və 568.2-ci maddələri). Məhkəmə alqı-satqı müqaviləsi üzrə diqqətə çatdırır ki, hazırda tərəflər arasında olan alqı-satqı müqaviləsi müqavilələrin əşyanın mülkiyyətə və digər əşya hüququna verilməsinə yönələn müqavilə qrupun aiddir. Alqı-satqı müqaviləsi təbiətinə görə tərəflər arasında hüquq və vəzifələrin bölünməsi baxımından ikitərəfli olması ilə xarakterizə olunur. Yəni müqavilənin hər iki tərəfi üçün hüquq və vəzifələr əmələ gətirir. Tərəfin hər ikisi həm hüquqlara malik olur, həm də vəzifələr daşıyır. Belə ki, müqavilə nəticəsində hüquq əldə etmiş tərəf eyni zamanda digər tərəfə münasibətdə vəzifə daşıyır. Belə nəticə hasil olur ki, hər iki tərəf bir-birinə münasibətdə borclu və kreditor rolunda çıxış edirlər. Hazırda da İddiaçı MMC satıcı olaraq həm kreditor, həm borclu, alıcı Cavabdeh isə həm borclu, həm də kreditordur. Yəni iddiaçı satıcı olaraq kreditor kimi alıcıdan satdığı əşyanın dəyərinin ödənilməsini tələb edir, satıcının müqavilə predmeti olan əşyanı ondan tələb etdiyi an isə borclu statusuna keçir. Alıcı isə əşyanın pulunu ödəmək vəzifəsi daşıyan zaman borclu, satılan əşyanın ona verilməsini satıcıdan tələb edən zaman isə kreditor statusuna malik olur. İşin halları alqı-satqı müqaviləsinin göstərilən xüsusiyyətləri baxımından təhlil edilən zaman aşkar edilir ki, cavabdeh 08.09. 2023-cü il tarixli K-649-A-PCC-23 saylı avtomobilin müddətli satışı müqaviləsi üzrə alıcı olaraq satıcı olan iddiaçıdan BAİC X3 minik markalı **- PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilkin ödəniş 6300 manat olmaqla 60 ay müddətinə aylıq 600 manat hissə-hissə ödəmək şərti ilə nisyə almışdır. Burada məqsəd ondan ibarət olmuşdur ki, alıcı tərəfindən bütün ödənişlər edildikdən sonra avtomobilə o mülkiyyət hüququ əldə edəcəkdir. Məhz ödənişlərin edilməsi bu məqsədə xidmət etmişdir. Hansı ki, yol nəqliyyat hadisəsi baş vermiş və avtomobil iddiaçı tərəfin müraciəti üzrə cavabdeh tərəfindən Cəmiyyətə təhvil verilmişdir. Sığorta ödənişi iddiaçı tərəfindən alınmış və avtomobilin qalıq hissəsi də onda qalmışdır. Cavabdeh isə öz növbəsində qəza anına kimi aylıq ödənişləri tam olaraq icra etmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin satıcının hüquqlarından bəhs edən 3.2.4-cü bəndində göstərilmişdir ki, alıcı öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq kimi satıcı hüququ malikdir. Göründüyü kimi avtomobil qaytarıldıqdan sonra geri qalan dəyərinin ödənilməsinin tələb edilməsi yolverilməzdir. Bu hüquq müqavilə üzrə belə iddiaçıya verilməmişdir. Avtomobilin qəzalı şəkildə qaytarılması ilə bağlı göstərilir ki, bunun müqabilində iddiaçı sığorta ödənişi almış və avtomobilin qalıq hissəsi də onda qalmışdır. İşin göstərilən halları təqdim edilmiş sənədlər ilə təsdiqin tapır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırda tərəflər bir birinə münasibətdə yuxarıda qeyd olunduğu kimi ikitərəfli öhdəliklər daşıyırlar. Bu zaman cavabdehin girdiyi öhdəlik yaradan nisyə alqı-satqı müqaviləsi üzrə onun kreditor olaraq öhdəliyin məqsədinə çatması – yəni satıcı tərəfindən borclu kimi öhdəliyin icrası olaraq avtomobilin onun sahibliyinə verilməsindən ibarətdir. Təsadüfi deyildir ki, tərəflər öhdəlik hüquq münasibətlərinə məhz müəyyən nəticəyə nail olmaq üçün girirlər. Bu zaman isə onlar öhdəliklərin fundamental prinsipləri olan vicdanlılıq və öhdəliklərin sabitliyi prinsipinə əməl etməlidirlər. Bu yanaşma Mülki Məcəllənin 425 və 430-cu maddələrindən qaynaqlanır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (MM 425.1) Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. (MM 430.1) Nə qədər ki, nisyə alqı-satqı müqaviləsinin predmeti olan nəqliyyat vasitəsi alıcı olaraq cavabdehin hazırda istifadəsində deyildir və avtomobil təhvil verilən zamana kimi onun aylıq ödənişləri tam şəkildə icra edilmişdir, habelə, avtomobilin qəzalı halı üzrə sığorta ödənişi Cəmiyyətə ödənilmiş və avtomobilin qalıq hissəsi də Cəmiyyətə verilmişdir, bu zaman iddiaçının satıcı olaraq nəqliyyat vasitəsinin geri qalan dəyərinin ödənilməsini tələb etməsi yolverilməzdir. Bu yanaşma məhkəmənin yuxarıda aparılan təhlilindən qaynaqlanır. Eyni zamanda iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 600-cü maddəsinin məzmununa buna dəlalət edir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi iddia tələbinin maddi hüquqi əsasını təşkil edən normalarda «əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin tələb edilməsi, habelə əşyanı təhvil almış alıcının dəyəri ödəməsi» təsbit edilmişdir. Mövcud vəziyyətdə avtomobil Cəmiyyətin sahibliyndə olduğundan geri qalan ödənişlərin cavabdeh tərəfindən ödənilməsinin tələb edilməsi qanunamüvafiq deyildir. Nəzərə almaq lazımdır ki, alıcı özü də başqa servislərdə aldığı nəqliyyat vasitəsinin təmirini həyata keçirə bilər, əşyanın ona təqdim edilməməsi isə onu bu hüquqdan da məhrum edir. Nəticədə alıcı girdiyi öhdəlik hüquq münasibətlərinin ona verdiyi kreditor səlahiyyətlərindən istifadə edərək əşyasını tələb edib daha sonra ödənişlər etməsini istəyir. Yəni sonunda mülkiyyət hüququ əldə etməyəcəyi avtomobilə görə alıcı olaraq cavabdehin həmin avtomobilin dəyəri kimi geri qalan məbləği ödəməsi onun üçün hər hansı bir hüquqi nəticə yaratmayacaqdır. Bu nisyə alqı-satqı müqaviləsinin məqsədlərinə xidmət etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-133/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-133/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver