Məhkəmə qərarları › İş №e-2(062)-1666/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1666/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1666/2024 24.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «pul» tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli “Nisyə alqı-satqı“ müqaviləsinə əsasən əsas borc üzrə 400 manat cərimə üzrə 40 manat, cəmi 440 manat və xx.xx.2022-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən əsasən əsas borc üzrə 500 manat cərimə üzrə 50 manat cəmi 550 manat olmaqla, ümumilikdə 2 müqavilə üzrə 990 manat ödənilməmiş borcun və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə kombi və kombi aksesuarlarının və xx.xx.2022-ci il tarixdə Vestel W7B104T ağ markalı paltaryuyanın nisyə alqı-satqısına dair nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Həmin Müqavilələrə əsasən o qeyd edilən malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada - ödəniş cədvəllərinə uyğun olmaqla “Malların” dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, Müqavilələrin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, Müqavilələr ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilələr üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınır. Hazırda onun xx.xx.2021-ci il tarixli müqavilədən əsas borc üzrə 400 manat, cərimə üzrə 40 manat, cəmi 440 manat; xx.xx.2022-ci il tarixli müqavilədən əsas borc üzrə 500 manat, cərimə üzrə 50 manat, cəmi 550 manat; ümumilikdə 2 müqavilə üzrə 990 manat borcu vardır. Ona görə də, cavabdehdən xx.xx.2021-ci il tarixli “Nisyə alqı-satqı“ müqaviləsinə əsasən əsas borc üzrə 400 manat cərimə üzrə 40 manat, cəmi 440 manat və xx.xx.2022-ci il tarixli “Nisyə alqısatqı” müqaviləsinə əsasən əsasən əsas borc üzrə 500 manat cərimə üzrə 50 manat cəmi 550 manat olmaqla, ümumilikdə 2 müqavilə üzrə 990 manat ödənilməmiş borcun və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2021-ci tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh kombi və kombi aksesuraları 1565,4 manata almışdır. - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh Vestel W7B104T ağ markalı paltaryuyan 724,44 manata almışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2021-ci tarixli müqavilənin Cavabdeh borcu 400 manat ödənilməmiş hissə, 40 manat cərimə, ümumilikdə 440 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh borcu 500 manat ödənilməmiş hissə, 50 manat cərimə, ümumilikdə 550 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2021-ci tarixli müqavilə üzrə 40 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 50 manat cərimə tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2021-ci tarixli müqavilə üzrə 4 manat və xx.xx.2022ci il tarixli müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borc və azaldılmış xx.xx.2021-ci tarixli müqavilə üzrə 4 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən əsas borc üzrə 400 manat cərimə üzrə 4 manat, cəmi 404 manat və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən əsasən əsas borc üzrə 500 manat cərimə üzrə 5 manat cəmi 505 manat olmaqla, ümumilikdə 2 müqavilə üzrə 909 manat ödənilməmiş borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar