Məhkəmə qərarları › İş №e-2(062)-1717/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1717/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1717/2025 14.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiаçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 667,00 (altı yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00(otuz) manat dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixdə, saat 15:00-da Tovuz rayonu, H.Əliyev prospektində şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Cavabdeh1 məxsus “Vaz 21063 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Vaz 21074 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən qəbul edilmiş TP5700748 №-li qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü (sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmişdir ki, “Vaz 21074 minik” markalı, **-BX-*** avtomobilə vurulmuş maddi zərər 667,00 (altı yüz altmış yeddi) manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına loto sistemi vasitəsi ilə sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə 667,00 (altı yüz altmış yeddi) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh1 tərəfindən iddia ərizəsinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddia tələbini ümumiyyətlə qəbul etmir. Belə ki, inzibati xəta törətmiş olan “Vaz 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini baş etibarnamə ilə idarə edən, iş üzrə cavabdeh olan Cavabdeh2 törətmiş olduğu inzibati xətadan ümumiyyətlə xəbərsiz olmuş, həmin şəxs ondan nəqliyyat vasitəsini baş etibarnamə ilə almaqla mülkiyyətində olmuş, idarə etmişdir. Cavabdeh2 etmiş olduğu inzibati xətaya görə onun cavabdehlik daşımasını, onun tərəfindən də hər hansı ödəniş etməsini başa düşə bilmir. Çünki hər kəs etmiş olduğu əməlinə görə özü məsuliyyət daşımalıdır. Belə çıxır ki, Cavabdeh2 etdiyi əməl inzibati yox, cinayət əməli olsa idi, o zaman onun da məsuliyyət daşıması kimi hallar baş verə bilərdi ki, bu hal da qanunsuzluqdur. Onu da bildirir ki, Cavabdeh2 həmin ödənişi həyata keçirmək istəmirsə, o zaman nəqliyyat vasitəsinin üzərinə məhkəmə qaydasında həbs qoymaqla, qiymətləndirmə etməklə, satıb iddiaçı tərəf dəymiş olan ziyanı ala bilər. Hesab edir ki, ona qarşı yönəlmiş olan iddia tələbi tam qanunsuz və əsassızdır. Çünki onun həmin hadisədən xəbəri olmamış, həmin yerə onu cəlb etməmişlər, həmçinin onun hər hansı bir formada razılığı olmamışdır. Odur ki, iddia tələbinin ona aid hissədə əsassız olduğu üçün onun cavabdehlikdən çıxarılması və ya ona aid hissədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP5700748 nömrəli qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4, 339.1-1, 332.1, 332.3, 327.2, 342.2.1 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 400 manat məbləğində cərimə edilmişdir. Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 05/02-701 saylı məktubdan görünür ki, Cavabdeh2 bildirilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə zərərçəkənə 667 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hadisə zamanı nəqliyyat vasitəsini etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi üçün 667 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında 7 gün müddətində könüllü ödənilməsi təklif edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsindən görünür ki, Cavabdeh1 məxsus ** BC *** dövlət qeydiyyat nişanlı, “VAZ 21063” nömrəli nəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC tərəfindən sığorta edilmişdir. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ödəniş aktından görünür ki, zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən zərərçəkənin sığortaçısı "xxxx" ASC-yə 667 manat məbləğində sığorta ödənişi edilmişdir. Dəymiş ziyanın hesablanmasına dair aktdan görünür ki, ** BX *** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan 667 manat məbləğində hesablanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 619 nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" tərəfindən Ədalət Əmrahova 667 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 23.1 Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6 sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək; 25.1 Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.8 Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 idarə etdiyi digər Cavabdeh1 məxsus “Vaz 21063” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Tovuz rayonu, H.Əliyev prospekti ilə hərəkətdə olarkən işıqforun qadağanedici işığında keçərək "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Vaz 21074” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 332.4-cü maddələri ilə protokol tərtib edilərək müvafiq qərar qəbul edilmişdir. Dəymiş ziyanın hesablanmasına dair akt ilə müəyyən edilir ki, ** BX *** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı nəqliyyat vasitəsinə 667 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ödəniş aktından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən zərərçəkənin sığortaçısı "xxxx" ASC-yə 667 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının subroqasiya qaydasında pulu tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur və subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Çünki Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili etibarnamə olmadan idarə etmişdir. Bu hal onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarla təsdiqini tapır. İddia tələbinin digər Cavabdeh1 dair hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı təşkilat ona əsaslanmışdır ki, nəqliyyat vasitəsinə sərəncam vermək hüququ Cavabdeh1 verilmiş, ona görə də o, Cavabdeh2 avtomobili etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Nəzərə almaq lazımdır ki, həmin maddənin tələbinə görə digər cavabdehə qarşı hüququn yaranması üçün onun məlumatlı olmağa borclu olduğu hallar iddiaçı tərəfindən sübuta yetirilməli idi. Lakin iş materiallarından belə bir nəticəyə gəlinməsi mümkünsüzdür. İddiaçının dəlilləri ehtimallara əsaslanır. Belə olan halda Cavabdeh1 baş vermiş sığorta hadisəsində mülki məsuliyyəti istisna edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 667 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 667 (altı yüz altmış yeddi) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar