Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1778/2025 12.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlu İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbi barəsində iddia ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ”Soliton LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc müqaviləsinə əsasən 1200 manat əsas borc, 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1232 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasına TVK6588688 saylı, xx.xx.2023-cü il tarixində bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh 12 ay müddətinə hər ay 120 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 1200 manat borcu qalmışdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, 2023-cü ildə iddiaçı təşkilatdan 1440 manat məbləğində paltaryuyan maşını kreditlə almışdır. İlkin olaraq təşkilata 120 manat, sonra 120 manat olmaqla cəmi 240 manat pul ödəmişdir. Məhsul qüsurlu olduğu üçün iddiaçı təşkilata qaytarmışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh oğu izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Soliton LTD-dən paıtaryyuanmaşın almışdır. Həmin cihaz onu qane etməmişdir. Çünki həmin cihaz sərt hərələtlərə həssas olduğu üçün tez-tez kilidə düşərək fəaliyyətini dayandırmışdır Dəfələrlə onu bu rejimdən çıxararaq istifadə etməyə çalışsa da buna nail ola bilməmişdir. Aidiyyəti şirkət bildirmişdir ki, bu növ cihazlar hərəkətə həssas olduğu üçün tam sakit şəritdə istifadə edilməlidir. Buna görə də həmin cihazı Soliton LTD-nin Tovuz rayonunda olan anbarına təhvil vermiş, lakin bununla bağlı heç bir sənədləşmə aparılmamışdır. Hazırda həmin cihaz şirkətin anbarıdır. Məhsulu qaytardığı üçün aylıq ödənişi etməmişdir. Şirkət həmin məhsulu daha uyğun başqa məhsulla əvəz etsə ödənişi davam etməyə hazırdır. Şahid ifadələri X1 şahid qismində ifadəsində bildirmişdir ki, iddiaçının həyat yoldaşıdır. xx.xx.2023cü il tarixdə Soliton LTD-dən paltaryuyan maşın almışdır. Həmin cihaz onları qane etməmişdir. Çünki həmin cihaz sərt hərələtlərə həssas olduğu üçün tez-tez kilidə düşərək fəaliyyətini dayandırmışdır Dəfələrlə onu bu rejimdən çıxararaq istifadə etməyə çalışsa da buna nail ola bilməmişdir. Aidiyyəti şirkət bildirmişdir ki, bu növ cihazlar hərəkətə həssas olduğu üçün tam sakit rejimdə istifadə edilməlidir. Buna görə də həmin cihazı Soliton LTDnin Tovuz rayonunda olan anbarına təhvil vermiş, lakin bununla bağlı heç bir sənədləşmə aparılmamışdır. Hazırda həmin cihaz şirkətin anbarıdır. Məhsul qaytarıldığı üçün aylıq ödənişi etməmişdir. Şirkət həmin məhsulu daha uyğun başqa məhsulla əvəz etsə ödənişi davam etməyə hazırdır. X2 şahid qismində ifadəsində bildirmişdir ki, iddiaçının arvadının iş yoldaşıdır. Gülnarə Hüseynonanın ona dediyinə görə Solitin LTD-dən aldığı paltaryuyan maşın yaxşı işləmədiyi üçün şirkətin anbarına qaytarılmışlar. Həmin paltaryuyan adi hərəkətlər reaksiya göstərərək hərəkətini dayandırdığı üçün istifadə edilə bilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış TVK6588688 saylı nisyə satış müqaviləsindən müəyyən olunur ki, satıcı bu müqaviləyə əsasən qiyməti 1440 manat olan avadanlığı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini 12 ay müddətində hər ay 120 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alınan əşya Alıcıya təhvil verilmişdir. xx/xx/2025-ci il tarixli maliyyə arayışına əsasən ümumi məbləğini 1440 manat olan borc müqaviləsi üzrə ödənilməmiş 1200 manat əsas borc vardır. xx.xx.2025-ci il tarixli pretenziya məktubunda göstərilmidir ki, xx.xx.2023-cü il tarixli, TVK6588688 saylı müqavilə üzrə ümumilikdə ödənilməmiş məbləğ 1200 manat təşkil edir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, iddiaçıkk İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: Maddə 8.1.1. iddia qiyməti 1000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissəhissə ödənilməsi müddəti və məbləği müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alğı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməməsini malın qüsurlu olması və həmin malı satıcıya qaytarması ilə izah etmiş, məhsulun texniki xüsusiyyətlərindən irəli gələrək hərəkətə həssaslıq göstərərək tez-tez fəaliyyətini dayandırdığını bildirmişdir. Qeyd etmək lazımdır ki, əşya qüsurlu olsa belə Mülki Məcəllənin 587-ci maddəsinə əsasən alıcının onun dəyərini ödəməkdən imtina etmək hüququ nəzərdə tutulmamışdır. Belə olan təqdirdə alıcı ya alış qiymətinin mütənasib azaldılmasını, ya əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, ya da əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, TVK6588688 saylı müqavilə üzrə 1200 manat və dövlət rüsumu olaraq ödənilmiş 32 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, TVK6588688 saylı müqavilə üzrə 1200 manat (min iki yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 32 (otuz iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №e-2(062)-1778/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1778/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver