Məhkəmə qərarları › İş №e-2(062)-1911/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1911/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1911/2024 07.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq borc tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrinə əsasən, QƏHVƏBİŞİRƏN DELONGHİ, LG TV, X2 , BLENDER BRAUN, TOZSORAN BOCSH almış və nəticədə 7666 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2984.94 manat (yəni 18 ay x 165.83 manat + 0 manat ilkin ödəniş) olan QƏHVƏBİŞİRƏN DELONGHİ üçün ümumilikdə, 2668 manat olmaqla ondan 2321.07 manat ödənilməmiş hissə, 346.93 manat dəbbə pulu qalmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4473.91 manat (yəni 3 ay x 1420.29 manat + 213.04 manat ilkin ödəniş) olan LG TV, X2 , BLENDER BRAUN, TOZSORAN BOCSH üçün ümumilikdə, 4998 manat olmaqla ondan 3719.68 manat ödənilməmiş hissə, 1278.32 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 1418.1 manat təşkil edir. Ona görə də Cavabdeh "xxxx" MMC-nin xeyrinə ümumilikdə 7666 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 96,66 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə ərizə göndərərək məlumat vermiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən Qəhvəbişirən Delonghı verilmiş, nəticədə 2984,94 manatlıq öhdəlik verilmişdir. Surəti işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən LG TV, X2 , Blender Braun, Tozsoran Bocsh verilmiş, nəticədə 4473,91 manatlıq öhdəlik verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən Qəhvəbişirən Delonghı, LG TV, X2, Blender Braun, Tozsoran Bocsh almış və nəticədə 7666 manat borc yaranmışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2984,94 manat olan Qəhvəbişirən Delonghı üçün ümumilikdə, 2668 manat olmaqla ondan 2321,07 manat ödənilməmiş hissə, 346,93 manat dəbbə pulu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4473,91 manat olan LG TV, X2, Blender Braun, Tozsoran Bocsh üçün ümumilikdə, 4998 manat olmaqla ondan 3719,68 manat ödənilməmiş hissə, 1278,32 manat dəbbə pulu borc yaranmışdır. Cavabdeh cəmi 1418,1 manat pul ödəmişdir. Borclu müqavilənin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin hesablanmasını mütəmadi olaraq gecikdirmişdir. Cavabdehin iddiaçı təşkilata ümumilikdə 7666 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia cərimə hissəsində qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın» ədalətli məhkəmə araşdırması hüququnun təsdiq olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağla batan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, tələb olunan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 346,93 manat cərimə azaldılaraq 34 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1278,32 manat cərimə azaldılaraq 127 manat məbləğində müəyyən olunması məqsədə müvafiqdir. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2321,07 manat ödənilməmiş hissə, 34 manat dəbbə pulu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 3719,68 manat ödənilməmiş hissə, 127 manat dəbbə pulu alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun 82,01 manat hissəsi cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2321,07 manat ödənilməmiş hissə, 34 manat dəbbə pulu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 3719,68 manat ödənilməmiş hissə, 127 manat dəbbə pulu olmaqla, cəmi 6201,75 manat borc və dövlət rüsumu hesabına ödənilmiş 82,01 manat alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar