Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1964/2025 31.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisindən keçən, «Tovuz QPS qaz kəməri qolu» magistral qaz kəmərinin 0.7-ci km-də, qaz kəməri ilə 14 metr məsafədə inşa edilmiş yaşayış evinin cavabdehin öz vəsaiti hesabına tam sökülərək 50 metrlik mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən keçən diametri Dş 219 mm-lik yüksək təzyiqli «Tovuz QPS qaz kəməri qolu» magistral qaz kəmərinin 0.7-ci km-də, qaz kəmərininn mühafizə zonasında, kəmərlə 14 metr məsafədə yaşayış evi inşa edilmişdir. Adıçəkilən qərarın 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən magistral qaz kəmərinin 50 metr məsafəsində hər hansı bir tikinti qurğu işlərinin aparılması qadağandır. Cavabdeh tətəfindən inşa edilmiş tikililər yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına lazımi qaydada baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, torpaq sahəsini 2002-ci ildə bələdiyyədən almışdır. Bu barədə zəruri sənədləri vardır. Qaz kəməri torpaq sahəsinin altında, həyətyanı sahənin aşağı hissəsində yerləşir. Evi üçmərtəblidir. Həmin ərazidə ondan başqa 7 ailənin evi vardır. İddianın rədd edilməsini xahiş edir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Qazax X3 Sahəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 11 saylı arayışdan görünür ki, 1,340 km uzunluğu olan yeraltı, Dş 219 mm-lik Tovuz QPS qazkəməri qolu 1992-ci ildə istismara verilmişdir. Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Qazax MQKS-nin balansında və istismarındadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarında dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri qaz kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə, əlaqəli hüquq normaları üzrə təhlil edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, 1,340 km uzunluğu olan yeraltı, Dş 219 mm-lik Tovuz QPS qazkəməri qolu 1992-ci ildə istismara verilmişdir Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Qazax MQKS-nin balansında və istismarındadır. «Tovuz QPS qaz kəməri qolu» magistral qaz kəməri 10 kq/sm2 təzyiq altında istismar olunur. Həmin qaz kəmərinin mühafizə zonasında yəni 14 metr məsafəsində Cavabdeh tərəfindən Tovuz rayonu, Düz Cırdaxan kənd ərazisində inşa edilmiş tikili yerləşir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd olunmuşdur ki, Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Sözügedən Qaydaların 2.7-ci bəndində deyilir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mühafizə zonasının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də X3nin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. («Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.23 və 2.24-cü bəndləri). Məhkəmə diqqətə çatdırır ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir və onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Mülki Prosessual Məcəllənin 60-cı maddəsində qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Həmçinin məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə cavabdehin hüquqlarının olub-olmaması da araşdırılmışdır. Müəyyən edilmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Torpaq sahəsi və onun üzərində olan tikili üzrə onun mülkiyyət hüquqları qeydə alınmamışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə sadalanan hüquq normalarını iş materialları ilə müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün şərtlər mövcuddur. İlk növbədə inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşir. Digər tərəfdən həmin tikili üzrə cavabdeh mülkiyyət hüquqlarına malik deyildir. Eyni zamanda qanunsuz tikilinin sökülməsi, yüksək təzyiqli qaz kəmərinin gələcəkdə birmənalı təkzib olunmayan partlaması ehtimalında həmin tikilidə yaşayan və ya hər hansı bir əsas üzrə faktik olacaq vətəndaşların təhlükəsizliyinin təmin olunması kimi məqsədə xidmət edir. Yəni bu tədbir vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilir və qanuni məqsədlərə yönəlir. Söhbət ümumi maraqlara aid olan məsələdən gedirsə, dövlət hakimiyyəti orqanları vaxtında, məqsədəuyğun və ardıcıl şəkildə hərəkət etməlidirlər (Avropa Məhkəməsinin Vasilevski Rumıniyaya qarşı və X1rşı işlər üzrə qərarları). Beləliklə, məhkəmə sadalanan hüquq normaları əsasında işin halları müqayisəli təhlil edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq dövlət büdcəsinə ödənilmiş 100 manat pulun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində, «Tovuz QPS qaz kəməri qolu» magistral qaz kəmərinin 0.7 km-də, qaz kəməri ilə 14 metr məsafəsində inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülərək 50 metrlik mühafizə zonasından kənarlaşdırılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat pul vəsaitinin əvəzi Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №e-2(062)-1964/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1964/2025
31.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver