Məhkəmə qərarları › İş №e-2(062)-2244/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2244/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2244/2025 17.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlu İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbi barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ”Soliton LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən, 594 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2021-ci il tarixli, TVK6232139 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Borca dair arayışa görə müqavilə üzrə cavabdehin 594 manat borcu müəyyən edilmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh 704 manat dəyərində məişət avadanlığı əldə etmişdir. Cavabdeh qeyd olunan müqavilə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 594 manat borcu qalmışdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh oğlu qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış TVK6232139 saylı nisyə satış müqaviləsindən müəyyən olunur ki, satıcı bu müqaviləyə əsasən qiyməti 704 manat olan avadanlığı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alınan əşya Alıcıya təhvil verilmişdir. Borca dair arayışdan müəyyən olunur ki, müqavilə üzrə ümumilikdə ödənilməmiş məbləğ 594 manat təşkil edir. Mədaxil qəbzinə əsasən, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 348.914-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 348.914-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: Maddə 8.1.1. iddia qiyməti 1000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissəhissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alğı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, TVK6232139 saylı müqavilə üzrə 594 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC yə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 594 manat (beş yüz doxsan dörd) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar