Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2268/2024 17.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1500 manat pulun və ödənilmiş 35,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Tovuz rayonu ərazisində Cəmiyyətdə nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığorta edilmiş Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə olunan «Kia Rio» minik markalı, ** CX *** dövət qeydiyyat nişanlı avtomobil «Vaz 21011» minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncu nəqliyyat vasitəsində olan sərnişin X7 az ağır dərəcəli xəsarət almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə ona aldığı xəsarətə görə 1500 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-1-ci maddəsi üzrə təqsirli bilinmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(062)-28 saylı hökmündən görünür ki, Cavabdeh Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cavabdeh Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 10 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «Kia Rio» minik markalı, ** CX *** dövət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi "xxxx" ASC tərəfindən PAZ********** saylı müqavilə əsasında icbari sığorta növü ilə sığortalanmışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş ödəniş tapşırığından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə xəsarət almış X6 1500 manat sığorta ödənişi edilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında olan münasibətlər subroqasiya qaydasında pulun tutulması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Sığorta müqaviləsinin anlayışından bəhs edən Mülki Məcəllənin 883.1-ci maddəsində göstərilmişdir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə görə sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Kia Rio” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Əlibəyli avtomobil yolunun Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisindən keçən hissəsində Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi istiqamətində hərəkətdə olarkən həmin yolda öz hərəkət zolağı ilə Tovuz şəhəri istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olan X4 idarə etdiyi “VAZ 21011” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq ötmə əməliyyatı keçirib yenidən öz zolağına qayıtmaq istəyərkən toqquşmuş və nəticədə ehtiyatsızlıqdan “VAZ 21011” minik markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş sərnişin X1 qasıq sümüyünün qalxan şaxəsi və sirkə kasasının qapalı, cuzi yerdəyişmiş sınığı, sol qamış sümüyünün distal metafizinin arxa kənarının qapalı, yerdəyişməyən sınığı, sol üst göz qapağının əzilmişcırılmış yarasından sonrakı çapığı ilə müşayiət edilən ümumilikdə sağlamlığın uzun müdətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, həmçinin həmin avtomobildə əyləşmiş sərnişin X2 incik sümüyünün sınığı kimi ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. Hadisə üzrə Cavabdeh Cinayət Məcəlləsinin 263-1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmə hökmü qəbul edilmişdir. Həmçinin «Kia Rio» minik markalı, ** CX *** dövət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi "xxxx" ASC tərəfindən PAZ********** saylı müqavilə əsasında icbari sığorta növü ilə sığortalandığı üçün baş vermiş yol nəqliyyat hadisəsi üzrə xəsarət almış X6 Cəmiyyət tərəfindən 1500 manat sığorta ödənişi edilmişdir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələri). Mülki Məcəllənin 1097.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının subroqasiya qaydasında pulu cavabdehdən tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur və hazırki halda subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Çünki baş vermiş yol-nəqliyyat hadisəsi zamanı сavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Qeyd olunmalıdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.4-cü maddəsinə əsasən sığorta hadisələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir. Həmin Qanunun 25.1.3-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat verilmiş sığorta ödənişi alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 35,40 manat vəsaitin əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh edilmiş sığorta ödənişinin əvəzi kimi 1500 (bir min beş yüz) manat məbləğdə pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 35,40 manat vəsaitin əvəzi Cavabdeh alınaraq "xxxx" ASC-nə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-2268/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2268/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver