Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-254/2024 17.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5332,31 manat ödənilməmiş hissə, 976,69 manat cərimə borcu olmaqla cəmi 6309 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 83,09 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh “İphone 14 Plus” markalı mobil telefon, “Apple 20W Usb –C Adapter”ı nisyə olaraq almış və onun 6309 manat borcu yaranmışdır. Belə ki, alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun müqavilə üzrə 5332,31 manat ödənilməmiş hissə, 976,69 manat cərimə borcu olmaqla cəmi 6309 manat məbləğdə borcu yaranmışdır. Mübahisənin həlli məhkəmədən kənar qaydada həllin tapmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı göstərdi ki, aldığı mobil telefonu işlədən zaman tez-tez qızma halları olmuşdur. Bunu iddiaçı tərəfə bildirsə də, onlar telefonu götürüb yenidən təmir edib verəcəklərini söylədiklərindən razı olmamışdır. Özü isə həmin vaxt hərbçi olduğu üçün çox vaxtı olmamışdır. Hazırda işdən çıxmışdır və ödəniş etməyə imkanı yoxdur. Bununla belə iddiaçıya hissə-hissə borcunu tam ödəyəcəkdir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, alıcı tərəfindən “İphone 14 Plus” markalı mobil telefon və “Apple 20W Usb –C Adapter” hissə-hissə aylıq ödənilmək şərti ilə satıcıdan alınmışdır. Satıcı "xxxx" MMC-nin təqdim etdiyi maliyyə və ödəniş cədvəlindən görünür ki, alıcı Cavabdeh nisyə aldığı avadanlıqlar üçün əsas borc üzrə qalığı 5332,31 manatdır. Həmçinin ona 976,69 manat məbləğdə cərimə borcu hesablanmışdır. Ümumi borcu 6309 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə alqı-satqı müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 567-ci maddəsində alğı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). İş materiallarından görünür ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun satıcıya borcu yaranmışdır. Yəni satıcı tərəfindən əşya nisyə olaraq verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da satıcının qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə alıcı kimi cavabdehin satıcı olan iddiaçıya borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən maliyyə və ödəniş cədvəli təqdim edilmişdir. Həmin arayış üzrə müəyyən edilir ki, alıcı Cavabdeh nisyə aldığı avadanlıqlar üçün əsas borc üzrə qalığı 5332,31 manatdır. Həmçinin ona 976,69 manat məbləğdə cərimə borcu hesablanmışdır. Ümumi borcu 6309 manat təşkil edir. Məhkəmə tərəfindən həmin arayış sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu baxımdan işin hallarını təhlil edərək məhkəmə hesab edir ki, hesablanmış cərimə məbləği tərəflərin əmlak vəziyyətinə və mənafelərinə uyğun deyildir. Cərimənin məbləğinin 20 manat həddə müəyyən edilməsi qanuni və əsaslı olar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə əsasında əsas borcdan ödənilməmiş hissə üzrə 5332,31 manat, cərimə borcu üzrə 20 manat olmaqla cəmi 5352,31 manat məbləğdə borc alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 83,09 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə əsasında əsas borcdan ödənilməmiş hissə üzrə 5332,31 manat, cərimə borcu üzrə 20 manat olmaqla cəmi 5352,31 (beş min üç yüz əlli iki manat otuz bir qəpik) manat məbləğdə borc alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 83,09 (səksən üç manat doqquz qəpik) manat pulun əvəzi Cavabdeh alınaraq "xxxx" MMC-yə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-254/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-254/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver