Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2641/2024 18.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Tovuz şəhərində 18 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq borc tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və baş direktor məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********36554 olan 1 ədəd Oppo A38 markalı telefon almış və nəticədə 530 manat borc yaranmışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 481,32 manat İMEİ kodu **********36554 olan 1 ədəd Oppo A38 markalı telefon üçün ümumilikdə, 530 manat olmaqla ondan 481,32 manat ödənilməmiş hissə, 48,68 manat cərimə pulu olmaqla borc yaranmışdır. Cavabdeh ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Müqavilənin 2-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və tərəflər bu müqavilənin müddətinin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır, cərimə haqqının 1 faiz həcmində hesablanır. Müqaviləyə əsasən kredit üzrə öhdəliklər icra edilmədikdə borc alan dəbbə pulunu və borc verənə dəymiş zərəri tam həcmdə ödəməlidir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Ona görə də Cavabdeh "xxxx" MMC-nin xeyrinə 530 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********36554 olan 1 ədəd Oppo A38 markalı telefon almış və ödənişi hissə-hissə ödəməli idi. Həmin məhsulu evə aparan zaman telefonda həddindən artıq isinmə olduğundan üç gün sonra geri qaytararaq qızdığını bildirmişdir. Onlar isə telefonu onlardan rəsmi qaydada alaraq texniki servisə göndərmişlər. Bir müddət sonra ona zəng edib, məhsulun texniki servisdən qayıtdığını bildirmişlər. Həmin vaxt telefonu yoxlamışlar, yenə də isinmə olmuşdur. Ona görə də o telefonu mağazada qoyaraq geri qayıtmışdır. Bir sözlə, telefon iddiaçıda qalmışdır, hazırda da onlardadır.. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, surəti işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən İMEİ kodu **********36554 olan 1 ədəd Oppo A38 markalı telefon nisyə olaraq satılmış, nəticədə hər ay 26,74 manat ödənilməsi şərti ilə 18 ay müddətinə öhdəlik verilmişdir və cavabdehin 481,32 manat borcu yaranmışdır. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçı təşkilata ümumilikdə ödənilməmiş əsas məbləği 481,32 manat, 48,68 manat cərimə olmaqla, cəmi 530 manat borcu vardır. İşə əlavə olunmuş təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İMEİ Kodu **********36554 olan 1 ədəd Oppo A38 markalı telefonu "xxxx" MMC-yə təhvil vermiş, mağazanın nümayəndəsi həmin telefonu təslim almışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh "xxxx" MMC-dən aldığı **********36554 olan 1 ədəd Oppo A38 markalı telefon almış və nəticədə 481,32 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin satılmış telefon saz vəziyyətdə olmamış, "xxxx" MMC-nin nümayəndəsinə təqdim olunmaqla, geri qaytarılmışdır. Cavabdehin təqdim etdiyi təhviltəslim aktından görünür ki, Cavabdeh İEMİ Kodu **********36554 olan 1 ədəd Oppo A38 markalı telefonu "xxxx" MMC-yə təhvil vermiş, mağazanın nümayəndəsi həmin telefonu təslim almışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 623.1-ci maddəsinə əsasən, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Həmin Məcəllənin 623.2-ci maddəsinə əsasən, alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Həmin Məcəllənin 623.3-cü maddəsinə əsasən, bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli və ya qaytarılmalı olmayan malların siyahısı xüsusi hüquqi aktlar ilə müəyyənləşdirilmiş qaydada təyin edilir. Həmin Məcəllnin 624.1-ci maddəsinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin, alış qiyməti mütənasib surətdə azaldılsın, malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın, malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. Həmin Məcəllənin 624.4-cü maddəsinə əsasən, bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 3.15-ci bəndində göstərilir ki, “müştəri” “ABC”-nin razılığı olmadan “Mal(lar)ı” “ABC”-yə, yaxud “ABC”-nin əməkdaşlıq etdiyi servis mərkəzinə aid olan hər hansı daşınar, daşınmaz obyektdə (məkanda) saxlayarsa və ya sahibsiz buraxarsa, bu halda “ABC” mala cavabdehlik daşımır, həmçinin belə hal müştərinin həmin mal ilə əlaqədar ödəniş öhdəliklərindən azad etmir. Müştəri həmin malı 5 təqvim günü ərzində geri götürmədiyi təqdirdə 3.2-ci bənd tətbiq edilir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndində göstərilir ki, “ABC” 3.1-ci bənddə müəyyən edilmiş qaydada qaytarılmış malın (ödənişsiz təqdim edilmiş mal istisna olmaqla), həmçinin 3.15-ci bənddəki hala aid olan malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib müştərinin ABC-yə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. Göründüyü kimi, cavabdehə satılmış telefon iddiaçının özündə olmasına baxmayaraq, müqavilənin tələblərinə riayət etməməklə yanaşı, həmin telefonun dəyərini cavabdehdən tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Cavabdeh nisyə olaraq satdığı mal lazımi keyfiyyətdə olmadığı üçün iddiaçının özünə qaytarılmış, lakin həmin telefon saz vəziyyətdə cavabdehə verilməmişdir. Ona görə də "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-2641/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2641/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver