Məhkəmə qərarları › İş №e-2(062)-2790/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-2790/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-2790/2023 21.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu; "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəni nəzərdən keçirərkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, ərizədən görünür ki, ərizə Nümayəndə tərəfindən imzalansa da ərizəyə onun əsas iş yerinin "xxxx" ASC olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Bundan başqa işə əlavə edilmiş əmək müqaviləsi bildirişi üzrə hazırlanmış arayışdan işçinin əsas iş yerinin həmin hüquqi şəxs olmasını müəyyən etmək mümkün deyildir. MPM-nin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. İşə əlavə edilmiş ******* nömrəli orderdən isə göründüyü kimi həmin orderin məhz "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə hüquqi yardım göstərilməsi üçün bağlanılmış müqavilə əsasında verilmiş order olduğunu müəyyən etmək mümkün deyildir. Halbuki, MPM-nin 73.5-ci maddəsinə əsasən vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkil orderi– müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat)orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir (1 nömrəliƏlavə)1. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və order markası haqqında” Əsasnaməyə 1 saylı əlavədə vəkil orderinin standart forması göstərilmişdir. Həmin formadan görünür ki, vəkil orderi özündə tarixi, müqavilənin tarixini, müqavilənin nömrəsini, tapşırığın məzmunu və işin mərhələsini, tapşırığın yerinə yetirildiyi təşkilat və s. məlumatları özündə daşıyır. Hazırki işə əlavə edilmiş orderin tarixində düzəlişlər edilmiş, tapşırığın məzmunu və işin mərhələsi göstərilməmiş, tapşırığın yerinə yetirildiyi təşkilat da orderdə öz əksini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, nümayəndənin səlahiyyəti qanuna müvafiq qaydada rəsmiləşdirilməmişdir. MPM-nin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Qeyd edilən Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslər qərardad onlara rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar