Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-289/2024 12.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 2794 manat pulun, iddianın verilməsinə görə ödənilmiş 47,94 manat pulun və müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizənin verilməsinə görə ödənilmiş 10 manat olmaqla cəmi 2851,94 manat məbləğində pulun alınaraq alınaraq Cəmiyyətə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 digər Cavabdeh2 məxsus "İsuzu NHR 55" markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixində Bakı şəhəri, M.Müşfiq küçəsi ərazisində "Qala Sığorta” ASC-nin MV-P 00096-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Audi Q7" markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Audi Q7” minik markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 7694 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vemiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbləri ilə bağlı 4900 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 2794 manat məbləğ isə Cavabdeh1 tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0528/23 nömrəli məktubla Cavabdeh1 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin yeddi iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hazırki tarixədək cabadeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbləri təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə bağlı göstərdi ki, etibarnamə üzrə idarə etdiyi "İsuzu NHR 55" markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, M.Müşfiq küçəsində hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyi üçün işıqforun qırmızı işığında dayanan “Audi Q7" minik markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobili sağ arxa hissəsindən vurmuşdur. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəlmiş və baş vermiş hadisə üzrə təqsirli olduğundan haqqında İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq qərar qəbul edilmişdir. Ziyan vurduğu avtomobilə ödənilməli olan pul vəsaitinin bir hissəsi idarə etdiyi avtomobilin icbari sığortası olduğu üçün şirkət tərəfindən qarşılanmışdır. Hazırda tələb olunan pul vəsaiti üzrə iddia tələbini qəbul edir. Lakin tələb olunan məbləği bir dəfəyə ödəməyə imkanı çatmır. Yalnız həmin pulu aylıq hissə-hissə ödəniş etməklə Cəmiyyətə qaytara bilər. Odur ki, iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, eyni zamanda məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, Cavabdeh1 həmin tarixdə Bakı şəhəri, M.Müşfiq küçəsidə hərəkətdə olan zaman idarə etdiyi "İsuzu NHR 55" markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə şəhadətnamədən görünür ki, “Audi Q7" markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixə kimi "xxxx" ASC tərəfindən kasko sığorta növündə sığortalanmışdır. "xxxx" MMC tərəfindən verilmiş ********** nömrəli təmir kartından görünür ki, “Audi Q7" markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa dəyəri cəmi 7794 manat məbləğdə müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “Audi Q7" minik markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa dəyəri kimi 7794 manat məbləğdə pul "xxxx" MMC-nin hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli elektron qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 03223 saylı akta əsasən 4900 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri subroqasiya qaydasında pulun tutulması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Sığorta müqaviləsinin anlayışından bəhs edən Mülki Məcəllənin 883.1-ci maddəsində göstərilmişdir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə görə sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Mülki Məcəllənin 901.1-ci maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 etibarnamə ilə idarə etdiyi digər Cavabdeh2 məxsus "İsuzu NHR 55" markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixində Bakı şəhəri, M.Müşfiq küçəsində hərəkətdə olan zaman ara məsafəsi saxlama qaydalarını pozaraq "Qala Sığorta” ASC-nin MV-P 00096-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Audi Q7" markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobili sağ arxa hissədən vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilərək müvafiq qərar qəbul edilmişdir. Hadisə nəticəsində “Audi Q7” minik markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 7694 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən qarşılanmış və cavabdehin icbari sığortası olduğundan 4900 manat ödənişi onun sığortası qarşılamışdır. Lakin qalan 2794 manat maddi ziyan cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələri). Mülki Məcəllənin 1097.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının subroqasiya qaydasında pulu cavabdehlərdən tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur və hazırki halda subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Çünki Cavabdeh1 tərəfindən kasko sığorta mövündə sığortalanmış avtomobilə yolnəqliyyat hadisəsi üzrə 7694 manat məbləğdə maddi ziyan yetirilmiş, həmin pulun 4900 manatı Cavabdeh1 icbari sığortası üzrə qarşılanmış, geri qalan 2794 manat pul isə iddiaçı tərəfindən ödənilsə də, cavabdeh həmin pulu iddiaçıya qaytarmamışdır. Ona görə də, həmin pul vəsaitinin ondan tutulması əsaslıdır. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Həmçinin Cavabdeh1 iddia tələbini qəbul etmiş və pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə onu da qeyd edir ki, maddi ziyanın digər cavabdehdən də tələb edilməsi əsaslı deyildir. Çünki Cavabdeh1 qeyd olunan avtomaşını idarə etmək üçün idarə etmək hüququ olmuş, həmçinin avtomaşın digər Cavabdeh2 tərəfindən Cavabdeh1 istifadəsinə qanunvericiliyin tələbinə uyğun şəkildə verilmişdir. Belə olan halda yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verməsində digər Cavabdeh2 inzibati və ya mülki məsuliyyətinin olması araşdırma nəticəsində öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 edilmiş sığorta ödənişinin əvəzi kimi 2794 manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq dövlət büdcəsinə ödənilmiş 47,94 manat pulun əvəzinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq Cavabdeh1 alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Tələbin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizənin verilməsinə görə ödənilmiş 10 manat pulun cavabdehlərdən alınması hissəsini məhkəmə əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 edilmiş sığorta ödənişinin əvəzi kimi 2794 (iki min yeddi yüz doxsan dörd) manat pul alınaraq "xxxx" ASC-yə verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 47,94 (qırx yeddi manat doxsan dörd qəpik) manat pulun əvəzi Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-289/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-289/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver