Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-3287/2024 27.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Maraqlı şəxs "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu X1, maraqlı şəxs "xxxx" ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 27 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdeh Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu X1 və maraqlı şəxs "xxxx" ASC-yə qarşı iddia qaldıraraq icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə elektron sistem üzərindən ərizə göndərərək işə onların iştirakı olmadan baxıb, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evinə dair ipoteka müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən 40 000 manat borc verilmişdir. Həmin borc məbləği 6-7 ay İddiaçı tərəfindən ödənilmişdir. Bundan başqa, hazırki icra qeydində olan borc və faiz həqiqəti əks etdirmir. Qeyd olunan məbləğ mübahisəlidir və məhkəmədə iddia icraatı qaydasında baxılan zaman müəyyən edilən məsələlərdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X3 tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli icra qeydi əsassızdır. Belə ki, həmin kredit müqaviləsi üzrə icra qeydindən əvvəl də İddiaçı tərəfindən müəyyən ödənişlər edilmişdir. Bundan başqa həmin icra qeydi barədə İddiaçı tərəfindən Tovuz rayon icra şöbəsi tərəfindən çağırıldığı vaxtı məlumat almışdır. Odur ki, Tovuz regional “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X3 tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu X1 məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, elektron qaydada bütün sənədləri yükləmişlər. Həmin sənədlərə əsasən, "xxxx" ASC İddiaçı 300000 (üç yüz min) manat dəyərində, illik maksimum 32 faiz, minimum 1 ay maksimum 120 ay müddətinə, xx.xx.2033-cü il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit vermiş və ona bank hesabı açmışdır. xx.xx.2023cü il tarixli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı 36 ay müddətinə, xx.xx.2026-cı il tarixinədək illik 20 faiz ödəmək şərtilə 40000 manat vermişdir. Əlavə olunmuş xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC adından baş kredit mütəxəssisi X7 ipoteka saxlayan kimi, İddiaçı isə ipoteka qoyan kimi qeydə alınmışlar. Tərəflər qarşılıqlı razılaşaraq ipoteka predmetinin ilkin qiymətini 64000 manat müəyyən etmişlər. Əlavə olunmuş reyestr nömrəsi **********16-10301 olan çıxarışın surətindən görünür ki, Tovuz rayonu Alakol kəndində yerləşən 116,40 kv metr fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2023-cü il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. Əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə İddiaçı "xxxx" ASC-yə cəmi 35652,9 manat borcu qalmışdır və ödəniş edilmədiyi təqdirdə borc məbləğinə və verilməl əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılması barədə xəbərdarlıq edilmişdir. Sənədlərə əlavə olunmuş xx.xx.2024-cü il tarixli əmlakın hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildirişdən görünür ki, ödəniş olunmadığı təqdirdə ipoteka predmeti barəsində icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacaqdır. Sənədlərdən də göründüyü kimi heç bir prosessual pozuntu olmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC İddiaçı 300000 (üç yüz min) manat dəyərində, illik maksimum 32 faiz, minimum 1 ay maksimum 120 ay müddətinə, xx.xx.2033-cü il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı açır. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı 36 ay müddətinə, xx.xx.2026-cı il tarixinədək illik 20 faiz ödəmək şərtilə 40000 manat vermişdir. Əlavə olunmuş xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC adından baş kredit mütəxəssisi X7 ipoteka saxlayan kimi, İddiaçı isə ipoteka qoyan kimi qeydə alınmışlar. Tərəflər qarşılıqlı razılaşaraq ipoteka predmetinin ilkin qiymətini 64000 manat müəyyən etmişlər. İşə əlavə olunmuş reyestr nömrəsi **********16-10301 olan çıxarışın surətindən görünür ki, Tovuz rayonu Alakol kəndində yerləşən 116,40 kv metr fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2023-cü il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə İddiaçı "xxxx" ASC-yə cəmi 35652,9 manat borcu qalmışdır və ödəniş edilmədiyi təqdirdə borc məbləğinə və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılması barədə xəbərdarlıq edilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli əmlakın hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildirişdən görünür ki, ödəniş olunmadığı təqdirdə ipoteka predmeti barəsində icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacaqdır. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evinə dair ipoteka müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçıya 40 000 manat borc verilmişdir. Maraqlı şəxs "xxxx" ASC dəfələrlə İddiaçı bildiriş göndərmiş, öhdəsinə götürdüyü borcu ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə icra qeydi veriləcəyi, həmçinin icra qeydi əsasında borcun ipoteka predmetinə yönəldilməsini bildirmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun icra qeydlərindən bəhs edən XV fəslinin 76-cı maddəsində qeyd olunmuşdur ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Həmin Qanunun 78-ci maddəsində qeyd olunmuşdur ki, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə notarius öz vəzifələrini yerinə yetirərkən: fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. Həmin Qanunun 27-ci maddəsinə görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə icra qeydinin verilməsi ilə bağlı hər hansı bir prosessual qaydaların pozulması qeydə alınmamışdır. Belə olan halda icra qeydinin ləğv olunması üçün əsaslar mövcud deyil. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu X1 və maraqlı şəxs "xxxx" ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-3287/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-3287/2024
27.12.2024 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver