Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-3669/2025 17.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçıMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi İddiaçıMMC cavabdehə mübahisənin məhkəməyə qədər nizamlanması məqsədilə pretenziya göndərərək borc ödənilmədiyi halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, məcburi icra tədbirlərinin görülməsinin qaçılmaz olacağı, hüquq-mühafizə orqanlarının araşdırılmalarında iştirak etmək məcburiyyətində qalacağı məzmunlu bildiriş göndərilmişdir. Bu məzmun tərəflər arasındakı mübahisəni məhkəməyəqədər nizama salmaqdan daha çox, onlar arasındakı mübahisəni gərginləşdirməyə, tərəfi ədalət mühakiməsi çərçivəsində mübahisəni həll etməyə deyil, hüquq mühafizə orqanları ilə bu mübahisənin həll edilməsinə diqqəti çəkməklə onu mübahisənin sivil qaydada həllindən uzaqlaşdırmışdır. Mülki hüquq münasibətindən irəli gələn mübahisələrdə belə məzmunlu pretenziyalarda vətəndaşlarda məhkəmələrin hüquq mühafizə orqanı görüntüsü sərgiləməyi ədalət mühakiməsinin nüfuzuna xələl gətirir. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Odur ki,məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən məzmunlu təklif pretenziya hesab edilə bilməz və bu kimi məzmun pretenziyanın mahiyyətinə ziddir. Belə ki, pretenziyamübahisələrin məhkəməyə qədər nizamlama qaydalarından biridir. Pretenziyanın göndərilməsi məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılmasından və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçının hüquqi marağının məhkəmədən kənar qaydada, notariat orqanında həll etmək imkanı mövcuddur. “Notariat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş notariat hərəkətləri aparmağa müvəkkil edilmiş şəxslər birlikdə notariat hesab olunur. Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız “Notariat haqqında” Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər. Qeyd edilməlidir ki, notariat ölkənin ədliyyə hüquq sistemində yer almaqla dövlət hakimiyyətinin verdiyi səlahiyyətlər çərçivəsində ictimai münasibətlərdə hüquqi etimadın təmin edilməsinə, hüquqi mübahisələrin önlənməsinə yönəlmiş fəaliyyət olub əsas məqsədi fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunmasıdır. Bu fəaliyyət hüquq münasibətlərində sabitliyi və etibarlılığı artırmaqla yanaşı, həm də bir sıra hüquqi prosesləri sadələşdirməyə xidmət edir. Borcların mübahisəsiz qaydada alınmasını təmin edən notariusun icra qeydi də kreditorun xeyrinə pul məbləğinin tutulması və ya əmlakın tələb edilib alınmasına dair notarius tərəfindən verilən sərəncam olmaqla hüquqların müdafiəsinin sadələşdirilmiş üsullarından biri kimi məhkəmələrin iş yükünün azaldılmasında, mülki dövriyyənin inkişafında xüsusi əhəmiyyətə malikdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Məhkəmə qeyd edir ki, notarius o halda icra qeydi aparır ki, təqdim olunan sənədlərdə borcun mübahisəsiz olduğu təsdiq edilsin. Yəni, borcun mübahisəsiz olmasının təsdiq edilməsi tərəflər arasında hələ mübahisənin olmadığına dair ilkin işarədir. Nəzərə alsaq ki, məhkəmə mübahisəyə baxan orqandır, bu halda mübahisə olmayan bir tələbin məhkəmənin icraatına götürülərək baxılması MPM-nin 2-ci və 6-cı maddələrinin tələblərinə də uyğun deyildir. Belə ki, MPM-nin 6-cı maddəsində qeyd edilir ki, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Hazırki işdə isə mübahisə pulun ödənilməsi ilə bağlıdır və tələbin təmin edilməsi imkanı itirilməyərək, notariat orqanında mübahisənin həllini tapmaq imkanı da mövcuddur. Məhkəmə onu da qeyd edir ki, öhdəliyə riayət edilməməsi özü-özlüyündə mübahisə doğursa da həmin müqavilə mübahisə predmeti deyildir. Mübahisə predmeti olan müqavilədən irəli gələn pul məbləğinin alınmasıdır(təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığı halda və yaxud təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda) Məhkəmə hesab edir ki, kreditor tərəfindən təqdim olunan sənədlərdə borcun mübahisəsiz olduğu təsdiq edilmədiyi andan tərəflər arasında mübahisə yaranmış olur ki, bundan sonrakı mübahisəyə məhkəmədə baxılması istisna edilmir. MPM-nin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284- 3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. MPM-nin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, ərizə geri qaytarılmalı, iddiaçıya borclunun olduğu yer üzrə notariusa borcu müəyyən edən sənədlərdə icra qeydləri aparılmasına dair ərizə ilə müraciət etmək hüququnun olması izah edilməli, icra qeydinin aparılmasından imtina edildiyi halda məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152 və 284—cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya borclunun olduğu yer üzrə notariusa borcu müəyyən edən sənədlərdə icra qeydləri aparılmasına dair ərizə ilə müraciət etmək hüququnun və icra qeydinin aparılmasından imtina edildiyi halda məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-3669/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-3669/2025
17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver