Məhkəmə qərarları › İş №e-2(062)-4438/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-4438/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-4438/2025 19.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbininə dair iddia ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “2011- GL/17” nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2017-ci il tarixli, “2011-GL/17” nömrəli müqavilə üzrə 16 578 (on altı min beş yüz yetmiş səkkiz) manat qalıq borc, 15 393.46 (on beş min üç yüz doxsan üç manat qırx qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 31 971.46 (otuz bir min doqquz yüz yetmiş bir manat qırx altı qəpik) manat borcun, hüquqi yardım üçün ödənilmiş 576.28 (beş yüz yetmiş altı manat 28 qəpik) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, “2011-GL/17” nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alan Cavabdeh lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Mübahisə predmeti ilə bağlı əgər cavabdeh tərəfindən iddia müddətləri mübahisələndirilərsə, bu zaman məhkəmə 20 dekabr 2014-cü il tarixli 613- GL/15 nömrəli Müqavilənin hüquqi təbiətini və şərtlərini də nəzərə almalıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə(bundan sonra ‒ Agentlik) keçmişdir. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələblərinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" MMC arasında hüquq xidmətlərinin satınalınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və iddinın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, kənd təsərrüfatı texnikalarını lizinqlə aldıqdan sonra bir müddət ödənişlərini etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişləri tamamlaya bilməmişdir. Hazırda da ondan tələb edilən pulu ödəməyə maddi imkanı yoxdur. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, “2011-GL/17” nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə (güzəşt) müqavilədən görünür ki, müqaviləyə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikalarını (kotan-4gövdəli asma və traktor Belarus892) lizinq alan Cavabdeh lizinqə vermişdir. Həmin müqavilənin 5.1.5-ci bəndinə əsasən, lizinq alan texnikadan istifadə üçün bu müqaviləyə əlavə №1-də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə, müqavilənin şərtlərinin pozuntusu hesab edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan tərəfindən bu müqavilənin 5.1.5-ci bəndində göstərilən hala yol verildikdə, lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirmək, lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli, “2011-GL/17” nömrəli müqavilə üzrə Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 16578 manat gecikdirilmiş əsas borc və hesablanmış 15 393.46 manat cərimə borcu vardır. İş materiallarında olan pretenziyanın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2017-ci il tarixli, “2011-GL/17” saylı müqavilə üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli “hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə hüquqi yardımın göstərilməsi üçün Mingəçevir şəhər Vəkil Bürosu ilə (Vəkil) müqavilə bağlanmış, hüquqi yardıma görə haqq 320 manat müəyyən edilmişdir. Elektron qaimə-faktura sənədinə əsasən 320 manat məbləğ Mingəçevir şəhər Vəkil Bürosunun hesabına ödənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-9-cu maddəsinə əsasən, əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında lizinq müqavilələri bağlanmış, lizinq verən ümumi məbləği 20022 manat olan və Spesifikasiyada (əlavə №1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra, lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun Cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilə üzrə müəyyən edilmiş dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Buna görə xx.xx.2017-ci il tarixli, “2011-GL/17” nömrəli müqavilə üzrə 15 393.46 manat məbləğində dəbbə pulu azaldılaraq, 1658 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir Azərbaycan Respublikasının MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. xx.xx.2025-ci il tarixli “hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə hüquqi yardımın göstərilməsi üçün Mingəçevir şəhər Vəkil Bürosu ilə (Vəkil) bağlanmış müqavilə üzrə hüquqi yardıma görə 320 manat haqq ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Buna görə məhkəmə 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə ödənişin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “2011-GL/17” nömrəli müqavilə ləğv edilməli, cavabdeh X1 iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2017-ci il tarixli, “2011-GL/17” nömrəli müqavilə üzrə 16 578 manat əsas borc, 1658 manat dəbbə pulu və 320 manat hüquqi yardımla bağlı pul olmaqla, cəmi 18556 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 95,50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “2011-GL/17” nömrəli müqavilə ləğv edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, “2011-GL/17” nömrəli müqavilə üzrə əsas borc 16 578 manat, dəbbə pulu 1658 manat və vəkilin göstərdiyi yardıma görə 320 manat olmaqla, cəmi 18556 (on səkkiz min beş yüz əlli altı) manat məbləğində pul tutularaq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar