Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-948/2024 02.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6500 manat pulun və ödənilmiş 85 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, VAZ 21099 markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi Cəmiyyətdə icbari sığorta növü ilə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. Belə ki, cavabdeh 2020-ci ilin aprel ayının 29-da cavabdeh sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi VAZ 21099 markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman avtomobili Tovuz-Xatınlı avtomobil yolunda ehtiyatsızlıqdan aşırmış, nəticədə həmin avtomobildə olan sərnişin X6 aldığı xəsarətlərdən ölmüş, digər sərnişin X3 isə sağlamlığına az agır xəsarət dəymişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətləri törətməklə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin 06 nömrəli ekspert rəyinə əsasən X2 aldığı xəsarətlərin nəticəsində ölməsi xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsinə görə olduğu təsdiqlənmişdir. Həmin qurumun 458 nömrəli ekspert rəyinə əsasən X3 aldığı az ağır xəsarətlərin xx.xx.2020-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsində olduğu təsdiqlənmişdir. Bu səbəbdən Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixində 4231 nömrəli ödəniş tapşırığı ilə 5000 manat pul X2 arvadı X1, həmin tarixli 4230 nömrəli ödəniş tapşırığı ilə isə 1500 manat pul X7 ödənilmişdir. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(104)-325 saylı qərarından görünür ki, Cavabdeh barəsində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmiş, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş 05 il 06 ay müddətə olan azadlıqdan məhrumetmə cəzası 05 il müddətinə endirilmiş, təyin edilmiş cəzanı məntəqə tipli cəzəçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, VAZ 21099 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi "xxxx" ASC tərəfindən PXA ********** nömrəli müqavilə üzrə icbari sığorta növü ilə sığortalanmışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 4230 nömrəli və 4231 nömrəli ödəniş tapşırıqlarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə vəfat etmiş X2 arvadı X1 5000 manat, həmin hadisə üzrə xəsarət almış X7 isə 1500 manat sığorta ödənişi edilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında olan münasibətlər subroqasiya qaydasında pulun tutulması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Sığorta müqaviləsinin anlayışından bəhs edən Mülki Məcəllənin 883.1-ci maddəsində göstərilmişdir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə görə sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. İş materialları ilə müəyyən edilir ki, X4 məxsus VAZ 21099 markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ və etibarnamə olmadan idarə edən zaman Cavabdeh xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə avtomobildə olan sərnişin X6 aldığı xəsarətlərdən ölmüş, digər sərnişin X8 isə az ağır bədən xəsarətləri almışdır. Hadisə üzrə Cavabdeh Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmə qərarı qəbul edilmişdir. Həmçinin VAZ 21099 markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi "xxxx" ASC tərəfindən PXA ********** nömrəli müqavilə üzrə icbari sığorta növü ilə sığortalandığından həmin Cəmiyyət tərəfindən baş vermiş yol nəqliyyat hadisəsində xəsarət alanlara sığorta ödənişi edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli 4230 və 4231 saylı ödəniş tapşırıqları üzrə baş vermiş yol nəqliyyat hadisəsində vəfat etmiş X2 arvadı X1 5000 manat, həmin hadisə üzrə xəsarət almış X7 isə 1500 manat sığorta ödənişi edilmişdir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələri). Mülki Məcəllənin 1097.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının subroqasiya qaydasında pulu cavabdehdən tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur və hazırki halda subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Çünki cavabdehin yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etmə hüququ və etibarnaməsi olmamışdır. Qeyd olunmalıdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.4-cü maddəsinə əsasən sığorta hadisələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir. Həmin Qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6500 manat verilmiş sığorta ödənişi alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 85 manat vəsaitin əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh edilmiş sığorta ödənişinin əvəzi kimi 6500 (altı min beş yüz) manat məbləğdə pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 85 (səksən beş) manat məbləğdə vəsaitin əvəzi Cavabdeh alınaraq "xxxx" ASC-nə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-948/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-948/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver