Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1072/2025 05.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nisyə alqı-satqı müqavilələri üzrə borcun tutulması tələbi barədə ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı nisyə alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 12 avqust 2023-cü il tarixli, 77091 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1375 manat əsas borcun, 23 dekabr 2023-cü il tarixli, 80699 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 828 manat əsas borcun, ümumilikdə 2203 manat borcun və 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 avqust 2023-cü il tarixli, 77091 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 2159 manat dəyərində “Samsung WD80AAS42BX” adlı mal-paltaryuyan satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün ilkin ödəniş etməmiş və məbləği 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 12 avqust 2023-cü il tarixli, 77091 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 12 avqust 2023-cü il tarixli, 77091 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 1375 manat təşkil edir. Həmçinin, 23 dekabr 2023-cü il tarixli, 80699 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 1168 manat dəyərində “Samsung Galaxy A546 Violet 256GB”, “Samsung 25W PD” adlı mallar-telefon və adapter satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün ilkin ödəniş etməmiş və məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 23 dekabr 2023-cü il tarixli, 80699 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 23 dekabr 2023-cü il tarixli, 80699 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 828 manat təşkil edir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının ərizəsi 11 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 15 avqust 2025-ci ildə ailə üzvünə (onun razılığı ilə) verilmiş, lakin həmin vaxtdan 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddiaya qarşı etirazının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 12 avqust 2023-cü il tarixli, 77091 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı-satıcı ilə cavabdeh-alıcı arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin predmetini satıcı tərəfindən alıcıya “Samsung WD80AAS42BX” markalı əmlakı nisyə alınması və alıcı tərəfindən razılaşdırılmış formada satıcıya malın dəyərinin ödənilməsindən irəli gələn məsələlərin tənzimlənməsini təşkil edir. Ödəniş cədvəlindən görünür ki, cavabdeh 2159 manat borc məbləğini 24 ay müddətində (1-ci ay 89 manat, qalan müddətdə isə hər ay 90 manat) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 19 iyul 2025-ci il tarixli arayışda cavabdehin 12 avqust 2023-cü il tarixli, 77091 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 19 iyul 2025-ci il tarixinə qalıq borcunun 1375 manat olduğu göstərilmişdir. İşdə olan 23 dekabr 2023-cü il tarixli, 80699 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı-satıcı ilə cavabdeh-alıcı arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin predmetini satıcı tərəfindən alıcıya “Samsung Galaxy A546 Violet 256GB”, “Samsung 25W PD” markalı əmlakları nisyə alınması və alıcı tərəfindən razılaşdırılmış formada satıcıya malın dəyərinin ödənilməsindən irəli gələn məsələlərin tənzimlənməsini təşkil edir. Ödəniş cədvəlindən görünür ki, cavabdeh 1168 manat borc məbləğini 12 ay müddətində (1-ci ay 101 manat, qalan müddətdə isə hər ay 97 manat) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 19 iyul 2025-ci il tarixli arayışda cavabdehin 23 dekabr 2023-cü il tarixli, 80699 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 19 iyul 2025-ci il tarixinə qalıq borcunun 828 manat olduğu göstərilmişdir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 18 iyul 2025-ci il tarixli, 223/20 nömrəli bildirişdən görünür ki, iddiaçı cavabdehdən qrafiklər üzrə ödənişi vaxtında icra etmədiyi üçün 18 iyul 2025-ci il tarixinə olan 12 avqust 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1375 manat, 23 dekabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 828 manat borcunun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı göstərilmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə vəşərtləri müəyyənləşdirilməklə nisyə alqı-satqı müqavilələri bağlanmış və cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 43 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməli, cavabdehdən 12 avqust 2023-cü il tarixli, 77091 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçının xeyrinə borca görə 1375 manat, 23 dekabr 2023-cü il tarixli, 80699 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borca görə 828 manat və ödənilmiş dövlət rüsumuna görə 43 manat, cəmi 2246 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 12 avqust 2023-cü il tarixli, 77091 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borca görə 1375 (bir min üç yüz yetmiş beş) manat, 23 dekabr 2023-cü il tarixli, 80699 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borca görə 828 (səkkiz yüz iyirmi səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 43 (qırx üç) manat, cəmi 2246 (iki min iki yüz qırx altı) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-1072/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1072/2025
05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver