Məhkəmə qərarları › İş №e-2(063)-1387/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1387/2024

28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1387/2024 28.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilələr üzrə borc tələbi barədə ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı müqavilələr üzrə borc tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 10 avqust 2023cü il tarixli müqaviləyə əsasən “SAMSUNG” tozsoran üçün 249,1 manat ödənilməmiş hissənin, 24,9 manat cərimənin, 04 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********38787 “XİAOMİ REDMİ A2+” markalı telefon üçün 144,64 manat ödənilməmiş hissənin, 14,36 manat cərimənin, 06 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən “BEURER” tonometr üçün 41,82 manat ödənilməmiş hissənin, 4,18 manat cərimənin, ümumilikdə 479 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 10 avqust 2023-cü il, 04 noyabr 2023-cü il, 06 yanvar 2024-cü il tarixli müqavilələrə əsasən “SAMSUNG” tozsoran, İmei kod **********38787 “XİAOMİ REDMİ A2+” markalı telefon, “BEURER” tonometr almış və nəticədə 479 manat borc yaranmışıdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10 avqust 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 360 manat (18 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan “SAMSUNG” tozsoran üçün ümumilikdə 274 manat olmaqla, ondan 249,1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24,9 manat cərimə, 04 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 291,96 manat (12 ay x 24,33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********88787 “XİAOMİ REDMİ A2+” markalı telefon üçün ümumilikdə 159 manat olmaqla, ondan 144,64 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14,36 manat cərimə, 06 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 100,8 manat (12 ay x 8,4 manat + 0 manat ilkin ödəniş) olan “BEURER” tonometr üçün ümumilikdə 46 manat olmaqla, ondan 41,82 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4,18 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 317,2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 10 avqust 2023-cü il, 04 noyabr 2023-cü il, 06 yanvar 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 06 may 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər-tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının ərizəsi 02 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 04 dekabr 2024-cü il tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvandan köçməsi əsası ilə təqdim edilmədən geri qaytarılmışdır. Məhkəmə bildirişi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə təqdim edilməsi üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 dekabr 2024-cü il tarixli, 5-80-11/2-2294/2024 nömrəli məktubundan görünür ki, Ucar şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Ucar şəhərində yoxdur, yaşadığı dəqiq ünvan nümayəndəliyə məlum deyildir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini və prosessual hüquq və vəzifələrinin izah olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 10 avqust 2023-cü il tarixli, 04665679 nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavədən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə “SAMSUNG VC18M21D0VG/EV” markalı əşya-tozsoran və qızıl zəmanət verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən 20 sentyabr 2023-cü ildən başlayaraq 18 ay müddətində iddiaçıya hər ay 20 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqaviləyə əlavənin 2-ci bəndində qeyd olunmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. İşdə olan 04 noyabr 2023-cü il tarixli, 02075277 nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavədən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə “XİAOMİ REDMİ A2+ 3/64GB-BLACK” markalı əşya və qızıl zəmanət verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən 10 dekabr 2023-cü ildən başlayaraq 12 ay müddətində iddiaçıya hər ay 24,33 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqaviləyə əlavənin 2-ci bəndində qeyd olunmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. İşdə olan 06 yanvar 2024-cü il tarixli, ******* nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavədən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə “BEURER BM27” markalı əşya-tonometr və zəmanət verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən 15 fevral 2024-cü ildən başlayaraq 12 ay müddətində iddiaçıya hər ay 8,4 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqaviləyə əlavənin 2-ci bəndində qeyd olunmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. İşdə olan 15 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya 10 avqust 2023-cü il, 04 noyabr 2023-cü il və 06 yanvar 2024-cü il tarixli müqavilələr üzrə borcu-ödənilməmiş məbləğ üzrə 435,56 manat, cərimə üzrə 43,44 manat, cəmi 479 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə öhdəliklərin icrası ilə əlaqədar 06 may 2024-cü il tarixli xəbərdarlıq göndərmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, ünvan 1-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə vəşərtləri müəyyənləşdirilməklə müqavilələr bağlanmış və cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, müqavilələrə əlavənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə yuxarıda qeyd olunan müqavilələrə əsasən ödənilməmiş məbləğ üzrə 435,56 manat, dəbbə pulu (cərimə) üzrə 43,44 manat, habelə ödənilmiş dövlət rüsumu üzrə 30 manat, cəmi 509 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ödənilməmiş məbləğ üzrə 435 (dörd yüz otuz beş) manat 56 (əlli altı) qəpik, dəbbə pulu (cərimə) üzrə 43 (qırx üç) manat 44 (qırx dörd) qəpik və ödənilmiş dövlət rüsumu üzrə 30 (otuz) manat, cəmi 509 (beş yüz doqquz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar