Məhkəmə qərarları › İş №e-2(063)-160/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-160/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-160/2025 10.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1450 manat məbləğində sığorta ödənişinin, 34,50 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 1484,90 manat pulun tutulub iddiaçının hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 25 noyabr 2022-ci il tarixdə Yevlax rayonunda "xxxx" ASC-də 29 iyul 2022-ci tarixli, PAG ********** nömrəli şəhadətnamə ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ 11113” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21063” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq zədələmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21063” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş dəymiş zərərə görə 1450 manat cəmiyyət tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş 09 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “VAZ 11113” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin 10 yanvar 2023-cü il tarixli yekun aktında yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21063” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1450 manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 25 aprel 2024-cü il tarixli, 503/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “VAZ 21063” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı ödənilməli olan 1450 manat məbləğində pulun cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərib ərizədə məhkəmə baxış iclasının iştirakları olmadan keçirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, 25 noyabr 2022-ci ildə ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş və buna görə inzibati qaydada cərimə olunmuşdur. İddiaçı tərəfindən digər nəqliyyat vasitəsinə sığorta ödənişi həyata keçirilmişdir. Ona qarşı verilən iddianı qəbul edir və ondan tələb olunan 1450 manat sığorta ödənişini hissə-hissə ödəməyə razıdır. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan A-PAG 0035/23 nömrəli sığorta ödənişi barədə sığorta aktından və PAG********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 11113” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən 29 iyul 2022ci il tarixdən 29 iyul 2023-cü il tarix üzrə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığorta edilmişdir. Sığorta hadisəsi 25 noyabr 2022-ci il tarixdə baş vermiş, ümumi zərərin məbləği və sığorta ödənişinin məbləği 1450 manat və sığorta ödənişini alan X5 göstərilmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 25 noyabr 2022-ci il tarixdə, saat 15:00-da “VAZ 11113” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayanmış nəqliyyat vasitəsinə vurma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, X2 avtonəqliyyat vasitəsinin mülkiyyətçisi, Cavabdeh isə hadisə baş verdiyi anda sürücü kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi T.Hüseynovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 dekabr 2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələri ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin BDYPİ-nin YPX alayına göndəriməsi qərara alınmışdır. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli yekun aktından görünür ki, “VAZ 21063” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunan ehtiyat hissələri və işçilik haqqı, cəmi 1450 manat təşkil edir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 25 aprel 2024-cü il tarixli, 503/24 nömrəli məktubdan görünür ki, iddiaçı cavabdehdən 7 gün müddətində göstərilən məbləği cəmiyyətin bank hesabına ödənilməsi xahiş olunmuş, əks təqdirdə cəmiyyət tərəfindən haqqında müvafiq məhkəmə orqanına 1450 manat məbləğində pulun ödənilməsi tələbi ilə müraciət olunacağı və iddianın təmin olunduğu təqdirdə, bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi üzərinə düşəcəyi göstərilmişdir. İş materiallarında olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Alpout kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin delikt və sığorta ilə bağlı normaları, habelə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 25.1-ci və 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır-icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34,50 manat dövlət rüsumu və 0,40 manat bankın xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, cavabdeh qeyd olunan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməklə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə zərərçəkmiş şəxsə maddi zərər dəymişdir, nəqliyyat vasitəsi icbari sığorta növündə sığorta olunduğundan dəymiş zərərə görə iddiaçı tərəfindən faydalanan şəxsə 1450 manat sığorta ödənişi köçürülmüş, iddiaçı tərəfindən subroqasiya qaydasında (geriyə tələb barədə) cavabdehə məktub göndərilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Qanunun tələbinə görə də subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır, həmçinin, qanunvericiliyin tələbinə görə əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi subroqasiya hüququnun həmin şəxsə qarşı yaranması üçün əsasdır. İddiaçının tələbi əsaslı və qanunauyğundur, habelə iddia cavabdeh tərəfindən etiraf olunmuşdur, buna görə də iddia təmin edilməli, cavabdehdən sığorta ödənişinə görə 1450 manat, ödənilmiş dövlət rüsumuna görə 34,50 manat və bankın xidmət haqqına görə 0,40 manat, cəmi 1484,90 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 1450 (bir min dörd yüz əlli) manat, dövlət rüsumuna görə 34 (otuz dörd) manat 50 (əlli) qəpik və bankın xidmət haqqına görə 40 (qırx) qəpik, cəmi 1484 (bir min dörd yüz səksən dörd) manat 90 (doxsan) qəpik məbləğində pul tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar