Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-170/2025 14.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borc tələbi barədə ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı müqavilə üzrə borc tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 11 yanvar 2024cü il tarixli müqaviləyə əsasən İmei kod **********85720 “SAMSUNG GALAXY A54” markalı telefon üçün 809,7 manat ödənilməmiş hissənin, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 24 manat rüsumun, 242,91 manat cərimənin, ümumilikdə 1076,61 manat borcun və 30,77 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********85720 “SAMSUNG GALAXY A54” markalı telefon almış və nəticədə 1076,61 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1178,04 manat (yəni 12 ay x 98,17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********85720 “SAMSUNG GALAXY A54” markalı telefon üçün ümumilikdə 1076,61 manat olmaqla, ondan 809,7 manat ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 24 manat rüsum, müştəriyə güzəşt olunaraq 242,91 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 368,34 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 11 yanvar 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin, göndərdikləri 27 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər-tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının ərizəsi 05 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 10 dekabr 2024-cü il tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmışdır. Məhkəmə bildirişi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə çatdırılması üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 dekabr 2024-cü il tarixli, 5-80-11/2-2353/2024 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Ucar şəhərində yoxdur, yaşadığı dəqiq ünvan nümayəndəliyə məlum deyildir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini və prosessual hüquq və vəzifələrinin izah olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 11 yanvar 2024-cü il tarixli, 02716042 nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavədən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə “SAMSUNG GALAXY A54 5G (SM-A546) 6/128GB-BLACK” markalı əşya, paket “XL” və qızıl zəmanət verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən 20 fevral 2024-cü ildən başlayaraq 12 ay müddətində iddiaçıya hər ay 98,17 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə əsasən müqavilənin 3.4-cü və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar İddiaçı MMC əlavə ödənişlər tələb edə bilər. Həmçinin, müqaviləyə əlavənin 2-ci bəndində qeyd olunmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. İşdə olan arayışdan görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei:**********85720 “SAMSUNG GALAXY A54 5G (SM- A546) 6/128GB-BLACK” markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə X2 23,60 manat pul ödənilmişdir. İşdə olan 28 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya 11 yanvar 2024-cü il tarixli müqavilə üzrə borcu-ödənilməmiş məbləğ üzrə 809,7 manat, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən rüsum üzrə 24 manat, cərimə üzrə 242,91 manat, cəmi 1076,61 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə öhdəliklərin icrası ilə əlaqədar 27 noyabr 2024-cü il tarixli xəbərdarlıq göndərmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, X4 küçəsi, ev 9-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə müqavilə bağlanmış və cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçının cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, müqaviləyə əlavənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, cərimənin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimənin məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı cavabdeh ilə müqavilə bağlayarkən cəriməni əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, müqavilədən irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə yuxarıda qeyd olunan müqaviləyə əsasən ödənilməmiş məbləğ üzrə 809,70 manat, məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən rüsum üzrə 23,60 manat, dəbbə pulu (cərimə) üzrə 80,91 manat, habelə ödənilmiş dövlət rüsumu üzrə 30,77 manat, cəmi 944,98 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ödənilməmiş məbləğ üzrə 809 (səkkiz yüz doqquz) manat 70 (yetmiş) qəpik, məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən rüsum üzrə 23 (iyirmi üç) manat 60 (altmış) qəpik, dəbbə pulu (cərimə) üzrə 80 (səksən) manat 91 (doxsan bir) qəpik və ödənilmiş dövlət rüsumu üzrə 30 (otuz) manat 77 (yetmiş yeddi) qəpik, cəmi 944 (doqquz yüz qırx dörd) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-170/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-170/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver