Məhkəmə qərarları › İş №e-2(063)-288/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-288/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-288/2025 03.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı müqavilə üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********87087 “İPHONE 14 PRO MAX” markalı telefon, “APPLE” adapter üçün 4703,04 manat ödənilməmiş hissənin, 1410,91 manat dəbbənin, ümumilikdə 6113,95 manat borcun və 81,14 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 07 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********87087 “İPHONE 14 PRO MAX” markalı telefon, “APPLE” adapter almış və nəticədə 6113,95 manat borc yaranmışıdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4703,04 manat (yəni 18 ay x 261,28 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********87087 “İPHONE 14 PRO MAX” markalı telefon, “APPLE” adapter üçün ümumilikdə, nəticədə 6113,95 manat olmaqla, ondan 4703,04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1410,91 manat dəbbə borcu yaranmışdır. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 07 oktyabr 2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 27 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər-tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 faizinə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərib ərizədə məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakları olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiyini göstərmiş və qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir. Məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə təqdim edilməsi üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 aprel 2025-ci il tarixli, 5-80-21/2-114/2025 nömrəli məktubundan görünür ki, Ucar rayonunun Yuxarı Şilyan kənd sakini Ahmad X3 Şilyan kəndində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir Bakı şəhərində yaşayır. Həmçinin, cavabdehə istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsi ilə “sms xəbərdarlığı barədə” bildiriş göndərilsə də (mesajın statusunda “çatdırıldı” göstərilmişdir) məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan 07 oktyabr 2023-cü il tarixli, 03717551 nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavədən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə “İPHONE 14 PRO MAX 256GB-DEEP PURPLE”, “APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A” markalı əşyalar, paket “XXXL” və zəmanət verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən 21 noyabr 2023-cü ildən başlayaraq 18 ay müddətində iddiaçıya hər ay 261,28 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqaviləyə əlavənin 2-ci bəndində qeyd olunmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. İşdə olan 03 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya 07 oktyabr 2023-cü il tarixli müqavilə üzrə borcu-ödənilməmiş məbləğ üzrə 4703,04 manat, dəbbə üzrə 1410,91 manat, cəmi 6113,95 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə öhdəliklərin icrası ilə əlaqədar 27 dekabr 2024-cü il tarixli xəbərdarlıq göndərmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə müqavilə bağlanmış və cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, müqaviləyə əlavənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, cərimənin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimənin məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı cavabdeh ilə müqavilə bağlayarkən cəriməni əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, müqavilədən irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 81,14 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə yuxarıda qeyd olunan müqaviləyə əsasən ödənilməmiş məbləğ üzrə 4703,04 manat, dəbbə pulu (cərimə) üzrə 470,91 manat, habelə ödənilmiş dövlət rüsumu üzrə 81,14 manat, cəmi 5255,09 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ödənilməmiş məbləğ üzrə 4703 (dörd min yeddi yüz üç) manat 4 (dörd) qəpik, dəbbə pulu (cərimə) üzrə 470 (dörd yüz yetmiş) manat 91 (doxsan bir) qəpik və ödənilmiş dövlət rüsumu üzrə 81 (səksən bir) manat 14 (on dörd) qəpik, cəmi 5255 (beş min iki yüz əlli beş) manat 9 (doqquz) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar