Məhkəmə qərarları › İş №e-2(063)-331/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-331/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-331/2025 26.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehdən 2506 manat və ödənilmiş dövlət rüsumuna görə 45,06 manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 manat, ümumilikdə 2561,06 manat pulun iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış "VAZ 21074" markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən 07 yanvar 2022-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Bakı Şəhər İşığı” EŞM-nə məxsus işıq dirəyinə zərər vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən "xxxx" EŞM-nə məxsus işıq dirəyinə dəymiş zərər üzrə 2506 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma və toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Bu fakt Nəsimi rayon DYPŞ-nin inzibati xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilməsi inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə sığortaçı sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququna malikdir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən 27 may 2024-cü il tarixli, 0734/24 nömrəli məktubla Cavabdeh qarşı 2506 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbləri təmin olunmadığından həmin tələblərinin məhkəmə qaydasında təmin olunması zərııriyyəti yaranmışdır. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 24 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və 27 yanvar 2025-ci il tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 05 fevral 2025-ci ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddiaya qarşı etirazının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan CM0302/24 nömrəli sığorta aktının surətindən və PQA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "VAZ 21074" markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 16 iyun 2021-ci il tarixdən 16 iyun 2022-ci il tarix üzrə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığorta edilmişdir. Sığorta hadisəsi 07 yanvar 2022-ci il tarixdə, saat 23:30-da baş vermiş, əmlaka dəymiş zərərin məbləği və sığorta ödənişinin yekun məbləği 2506 manat və sığorta ödənişini alan "Bakı Şəhər İşığı” X3 göstərilmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 07 yanvar 2022-ci il tarixdə, saat 23:30-da "VAZ 21074" markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi baş vermiş, Qasımov Səhrab Surət oğlu avtonəqliyyat vasitəsinin mülkiyyətçisi, Cavabdeh isə hadisə baş verdiyi anda sürücü kimi göstərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı B.Mirzəyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 fevral 2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndəriməsi qərara alınmışdır. İşdə olan Nəsimi Rayon Dövlət X4 vəzifəli şəxsi tərəfindən 15 mart 2022-ci il tarixdə qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 5167/22 nömrəli qiymətləndirmə aktında 18 fevral 2022-ci il tarixdə 1 ədəd “Palermo” tipli işıq dirəyinin tumba hissəsi (çatdırılma və quraşdırılma) və 2 ədəd çıraq “JSU” (400VT) qiyməti, cəmi 2506 manat göstərilmişdir. İşdə olan ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı 27 mart 2024-cü il tarixdə, 1876 nömrəli ödəniş tapşırığı ilə "xxxx" EŞM-nin hesabına akta əsasən 2506 manat məbləğində pul-sığorta ödənişi köçürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 27 may 2024-cü il tarixli məktubdan görünür ki, subroqasiya hüququna əsasən 2506 manat məbləğində vəsaitin iddiaçının bank hesabına ödənilməsi xahiş olunmuş, ödənilməyəcəyi təqdirdə ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi və məhkəmə xərclərinin ondan tələb olunaçağı göstərilmişdir. İş materiallarında olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Alpout kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin delikt və sığorta ilə bağlı normaları, habelə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 25.1-ci və 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır-icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq və müvəqqəti təminat tədbiri barədə ərizə verilməsi üçün müvafiq olaraq ödənilmiş 45,06 manat və 10 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, cavabdeh qeyd olunan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməklə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə zərərçəkmiş şəxsə maddi zərər dəymişdir, nəqliyyat vasitəsi icbari sığorta növündə sığorta olunduğundan dəymiş zərərə görə iddiaçı tərəfindən faydalanan şəxsə 2506 manat sığorta ödənişi köçürülmüş, iddiaçı tərəfindən subroqasiya qaydasında cavabdehə məktub göndərilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı göstərilmişdir. Qanunun tələbinə görə də subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır, həmçinin, qanunvericiliyin tələbinə görə əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən idarə edilməsi subroqasiya hüququnun həmin şəxsə qarşı yaranması üçün əsasdır. İddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməli, cavabdehdən sığorta ödənişinə görə 2506 manat, ödənilmiş dövlət rüsumlarına görə 55,06 manat, cəmi 2561,06 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 2506 (iki min beş yüz altı) manat və ödənilmiş dövlət rüsumlarına görə 55 (əlli beş) manat 6 (altı) qəpik, cəmi 2561 (iki min beş yüz altmış bir) manat 6 (altı) qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar