Məhkəmə qərarları › İş №e-2(063)-389/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-389/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-389/2024 06.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 1367,54 manat məbləğində borc pulun, eləcə də, ödənilmiş 33,68 manat məbləğində dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh ərizə ilə İddiaçı MMC-nin Ucar filialına müraciət edərək Ucar rayonu, Bağman kəndi ərazisində yerləşən 7 ha torpaq sahəsində pambıq əkilib-becərilməsi ilə bağlı ona köməklik edilməsini xahiş etmişdir. Bununla bağlı alqı-satqı müaviləsi bağlanılması üçün torpağın icarə müqavilələrini təqdim etmişdir. Torpaq sahəsinin əkinə yararlı olubolmaması mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra cavabdehə aqrotexniki xidmətlərin göstərilməsi qərara alınmışdır. Bu səbəbdən də, İddiaçı MMC tərəfindən cavabdehə 65 manat dəyərində şöp doğrama, 210 manat dəyərində şum, 210 manat dəyərində mala, 56 manat dəyərində kanal çəkmə, 90 manat dəyərində çiyid səpini 208 manat dəyərində kultivasiya, 60 manat dəyərində dərman səpini, 1249,38 manat dəyərində dərman, 1400 manat məbləğində pampığın becərilməsinə görə ödənilən avans məbləği nəzərə alınmaqla, ümumilikdə 4167,76 manat məbləğində xidmətlər göstərilmiş və avans vəsaiti də ödənilmişdir. Cavabdeh göstərilmiş xidmətlərə görə İddiaçı MMC-nin Ucar filialına 2800,22 manat məbləğində 4305,32 kq pambıq təhvil vermişdir. Hazırda cavabdehin iddiaçı MMC-yə 1367,54 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Eyni zamanda iddia ərizəsində onuda qeyd etmişlər ki, Cavabdeh dəfələrlə görülmüş işlərin müqabilində alqı-satqı müaviləsinin imzalanması təklif edilsədə, sonuncu müxtəlif bəhanələr gətirərək müqavilə bağlamaqdan yayınmışdır. Yaranmış borc məbləğinin ödənilməsi barədə cavabdehə müraciət olunmasına baxmayaraq sonununcu borcunu ödəməkdən imtina etmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı MMC-nin nümayəndəsi X2 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, iddia tələbində göstərilən məbləğ şişirdilmişdir. Belə ki, ona verilmiş məhsullar güzəştli şərtlərlə rəsmiləşdirilsə də, reallıqda yazılmış məbləğ bunu əks etdirmir. Odur ki, iddia məbləğinin 800 manat hissəsini qəbul edirəm (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). Yerdə qalan məbləğ isə əsassızdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, 28 aprel 2020-ci il tarixli, PAM00003529 nömrəli, 21 may 2020-ci il tarixli, PAM00006433 nömrəli, 01 iyun 2020-ci il tarixli, PAM00007074 nömrəli, 22 iyun 2020-ci il tarixli, PAM00010117 nömrəli, 06 iyul 2020-ci il tarixli, PAM00011349 nömrəli, 14 iyul 2020-ci il tarixli, PAM00012569 nömrəli, 21 iyul 2020-ci il tarixli, PAM00013181 nömrəli, 07 avqust 2020-ci il tarixli, PAM00013770 nömrəli, 22 sentyabr 2020-ci il tarixli, PAM00016170 nömrəli, 06 oktyabr 2020-ci il tarixli, PAM00017801 nömrəli və 28 oktyabr 2020-ci il tarixli, PAM00022107 nömrəli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 28 aprel 2020-ci il tarixdə 140 manat, 21 may 2020-ci il tarixdə 140 manat, 01 iyun 2020-ci il tarixdə 140 manat, 22 iyun 2020-ci il tarixdə 280 manat, 06 iyul 2020-ci il tarixdə, 140 manat, 14 iyul 2020-ci il tarixdə 140 manat, 21 iyul 2020-ci il tarixdə 280 manat, 07 avqust 2020-ci il tarixdə 140 manat, 22 sentyabr 2020-ci il tarixdə 177,13 manat, 06 oktyabr 2020-ci il tarixdə 216,39 manat, 28 oktyabr 2020-ci il tarixdə 225,87 manat ödənişlər olunmuşdur. İşdə olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə müxtəlif kənd təsərrüfatı işlərinin görülməsi üçün verilmiş vasitələrə görə cəmi 1367,54 manat borcu borcu vardır. İşdə olan Cavabdeh münasibətdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, cavabdehə kənd təsərrüfatı işlərinin həyata keçirilməsi məqsədilə 1,06 ha torpaq sahəsi verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 287 nömrəli, 90403028 kodlu, JN seriyalı 0086 nömrəli, 90403028 kodlu, JN seriyalı 0090 nömrəli, 90403028 kodlu, şəhadətnamələrin surətlərindən görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il, tarixli, 14 saylı qərarı ilə Ucar rayonu, Bağman kəndi ərazisindən 0,83 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Cavabdeh, 1,06 torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X3, 2,47 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X5 mülkiyyətinə verilmişdir. İşdə olan 10 yanvar 2020-ci il tarixli, 12 yanvar 2020-ci il tarixli, 24 aprel 2020-ci il tarixli, 29 aprel 2020-ci il tarixli, 14 mart 2020-ci il tarixli, 04 may 2020-ci il tarixli, 17 may 2020-ci il tarixli, 31 may 2020-ci il tarixli, 25 iyun 2020-ci il tarixli, 22 iyul 2020-ci il tarixli, 25 iyul 2020-ci il tarixli, avqust 2020-ci il tarixli, 19 sentyabr 2020-ci il tarixli aktların surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh üçün bir sıra aqrotexniki işlər yerinə yetirilmişdir. İşdə olan 28 aprel 2020-ci il tarixli, 23 may 2020-ci il tarixli, 24 may 2020-ci il tarixli, 20 sentyabr 2020-ci il tarixli, 01 oktyabr 2020-ci il tarixli qaimə-fakturalarının surətlərində görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh aqrotexniki işlərin yerinə yetirlməsi üçün 700 manat dəyərində ammofos, 373,38 manat dəyərində arot, 41,30 manat dəyərində hekplan, 60 manat dəyərində bayeta təhvil verilmişdir. İşdə olan 10 fevral 2021-cü il tarixli xəbərdarlıqdan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan qəbzdən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət edərkən 33,68 (otuz üç manat 68 qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Bu Məcəllənin 570-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda icra edilmiş sayılır. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Qeyd olunan Məcəllənin 575-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Yenə bu Məcəllənin 452-ci maddəsinin İİ hissəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC tərəfindən Cavabdeh üçün müxtəlif aqrotexniki işlər yerinə yetirilmişdir. Beləliklə, İddiaçı MMC satıcı kimi alıcı, Cavabdeh qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, sonuncu alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyasından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuşdur. , BU səbəbdən də, iddiaçı MMC-nin ona dəymiş zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yaranmışdır. Cavabdeh şifahi alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Adı qeyd edilən Məcəllənin 218.3-cü maddəsinin İ cümləsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1367,54 manat məbləğində borc pul, eləcə də, ödənilmiş 33,68 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1367,54 (bir min üç yüz altmış yeddi manat 54 qəpik) manat məbləğində borc pul, eləcə də, ödənilmiş 33,68 (otuz üç manat 68 qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar