Məhkəmə qərarları › İş №e-2(063)-48/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-48/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-48/2025 11.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 24 sentyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat əsas, 100 manat faiz borcu, 24 may 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 779 manat əsas, 200 manat faiz borcu, eləcə də 33 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1312 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh etirazına əsasən Ucar Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. Daha sonra, iddiaçı "xxxx" MMC iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 24 sentyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat əsas borc, 24 may 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 779 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1009 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli və 24 may 2022-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən sonuncu iddiaçıdan hissə-hissə ödəmək şərtilə 769 manat və 820 manat dəyərində məişət avadanlığı almışdır. Belə ki, cavabdeh 24 sentyabr 2021ci il tarixli müqaviləyə əsasən 1 manat ilkin ödəniş etdikdən sonra, ödəniş cədvəli üzrə 12 ay ərzində hər ay 64 manat olmaqla, qalan 768 manatı və 24 may 2022-ci il tarixli müqaviləyə əsasən isə ilkin ödəniş etmədən, ödəniş cədvəli üzrə 20 ay ərzində hər ay 41 manat olmaqla, 820 manatı ödəməyi öhdəsinə götürmüş, ümumi borcdan qismən ödənişlər etdikdən sonra ödənişləri dayandırmışdır. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Nəticədə, cavabdehin hər iki müqavilə üzrə cəmi 1279 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli, MHK5784770 nömrəli və 24 may 2022-ci il tarixli, MHK6120569 nömrəli borc müqavilələrinin surətlərindən görünür ki, cavabdeh 24 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 769 manat olan məişət avadanlığını 1 manat ilkin ödəniş etdikdən sonra, 12 ay müddətinə, ayda 64 manat ödəmək şərti ilə və 24 may 2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 820 manat olan məişət avadanlığını 20 ay müddətinə, ayda 41 manat ödəmək şərti ilə iddiaçı MMC-dən nisyə satın almışdır. İşdə olan "xxxx" MMC tərəfindən 15 dekabr 2023-cü il tarixdə tərtib edilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh iddiaçı MMC-yə 24 sentyabr 2021-ci il tarixli, MHK5784770 nömrəli müqavilə üzrə 200 manat ödənilməmiş hissə və 24 may 2022-ci il tarixli, MHK6120569 nömrəli müqavilə üzrə isə 779 manat ödənilməmiş hissə olmaqla, cəmi 797 manat əsas borcu vardır. İşdə olan 06 may 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 33 (otuz üç) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 24 sentyabr 2021-ci il və 24 may 2022-ci il tarixli müqavilələr üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyasından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilələrin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 24 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə məişət avadanlığına görə 200 manat əsas, 24 may 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə məişət avadanlığına görə 779 manat əsas olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 979 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 24 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə məişət avadanlığına görə 200 manat əsas, 24 may 2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə məişət avadanlığına görə 779 manat əsas olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 979 (doqquz yüz yetmiş doqquz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar