Məhkəmə qərarları › İş №e-2(063)-602/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-602/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-602/2024 19.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 16 oktyabr 2023-cü il tarixli, AZL-718 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə 22 yanvar 2024-cü il tarixə 252,11 manat gecikdirilmiş əsas, 288,23 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 25,29 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 7894 manat, ümumilikdə 8459,63 manat borc və ödənilmiş 104,60 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2023-cü il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi XWBJA69V9PA078288 olan ağrəngli minik avtomobili 25850 manat məbləğinə MMC-nin mülkiyyətinə alınmaqla, sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 16 % hesablanmaqla, 60 ay müddətə hər ay sabit məbləğ olmaqla, 543,51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu iddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh borcunu ödəmədiyindən sonuncunun müvəqqəti istifadəsinə verilmiş iddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 yanvar 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 7894 manat təşkil edir. Eyni zamanda, Cavabdeh 16 oktyabr 2023-cü il tarixli “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 yanvar 2024-cü il tarixə ümumilikdə 565,63 manat gecikmə borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının tam təmin edilməsini xahiş etmişlər, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, iclasın İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 16 oktyabr 2023-cü il tarixdə bağlanmış, AZL-718 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən qiyməti 25850 manat dəyərində əmlakı, yəni 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi XWBJA69V9PA078288 olan ağ rəngli avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini illik 16% həcmində mükafat ödənilməsi şərti ilə 60 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 16 oktyabr 2023-cü il tarixdə qeydiyyata alınmış, BB seriyalı, 431213 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA078288 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir. İşdə olan 16 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC-yə məxsus “Chevrolet Cobalt” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 11 mart 2024-cü il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, Cavabdeh istifadəsində olmuş 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşına 7894 manat məbləğində zərər dəymişdir. İşdə olan İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə 22 yanvar 2024cü il tarixdə tərtib edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktının surətindən görünür ki, “Chevrolet Cobalt” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən həmin tarixdə təhvil alınmış, habelə aktda avtomobildə qabaq hissənin əzilmiş olması göstərilmişdir. İşdə olan 03 aprel 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən 25 aprel 2024-cü il tarixdə tərtib edilmiş 385 nömrəli arayışdan görünür ki, Cavabdeh 22 yanvar 2024-cü il tarixə borcu, əsas məbləğ üzrə 252,11 manat, mükafat məbləği üzrə 288,23 manat, cərimə üzrə 25,29 manat olmaqla, cəmi 565,63 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2024-cü il tarixli, 9/5273 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 16 oktyabr 2023-cü il tarixdə bağlanmış, AZL- 718 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə olan əsas borcu 252,11 manat, mükafat borcu isə 253,42 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli, 9/5212-8/1851 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 11 mart 2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2023-cü il buraxılışlı “Chevrolet Cobalt” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli olan hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 7894 manat, dəyişilməli olan hissələrin qiymətinə aşınma tətbiq edilməklə isə 7676,64 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri ümumilikdə 250 manat təşkil edir. İşdə olan 23 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC iddia tələbi ilə məhkəməyə məhkəməyə müraciət edərkən 104,60 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı bağlanmış daxili lizinq müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, daxili lizinq müqaviləsinin əlavəsinə əsasən, 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşın 60 ay müddətinə hər ayın 16-da hər ay 543,51 manat, sonuncu ay isə 542,92 manat ödənilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1.4-ci maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, lizinq alan Eqşin Yusifov mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq, yazılı formada bağlanmış öhdəliklərin ötürülməsi və lizinq müqavilələrinin şərtlərinə əməl etməməklə lizinq verən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, o, lizinq məbləğini vaxtlı-vaxtında ödəməli olduğu halda, bunu etməmiş, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin daxili lizinq müqaviləsinə əsasən lizinq məbləği üzrə 252,11 manat, mükafat üzrə 253,42 manat, dəbbə üzrə isə 25,29 manat olmaqla, cəmi 530,82 manat borcu yaranmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş bildiriş cavabsız qalmışdır. Beləliklə, cavabdeh öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəmədiyindən lizinq verənin pul məbləğini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Bundan əlavə, İddiaçı MMC Cavabdeh avtomobilin 22 yanvar 2024-cü il tarixədək cavabdehin istifadəsində olduğu müddət ərzində yararsız vəziyyətə düşməsi nəticəsində dəymiş 7894 manat zərərin tutulmasını xahiş etmişdir ki, məhkəmə tələbin bu hissəsini əsaslı hesab etməklə, təmin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Bu Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Bu Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Yenə bu Məcəllənin 748-1-ci maddəsinin 5-ci və 7-ci hissəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizinq müqaviləsinin 4.4.1-4.4.3-cü yarımbəndlərinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməyi, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamağı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməyi, lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişlərini qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İşin faktiki hallarından da göründüyü kimi "xxxx" MMC-yə məxsus olmaqla Cavabdeh etibarnaməli idarəçiliyində olmuş “Chevrolet Cobalt” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşın cavabdehin müvəqqəti sahibliyində və istifadəsində olduğu müddət ərzində, yəni 22 yanvar 2024-cü il tarixə kimi sonuncu tərəfindən istismar edilərkən Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin, habelə lizinq müqaviləsinin şərtlərini pozulmuş, nəticədə ekspert rəyinə əsasən iddiaçıya 7894 manat məbləğində maddi zərər dəymişdir ki, bununla da iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən də, iddianın maddi zərərə dair hissəsi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında 16 oktyabr 2023-cü il tarixdə bağlanmış, AZL-718 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 252,11 manat əsas borc, 253,42 manat gecikdirilmiş mükafat, 25,29 manat dəbbə pulu, 7894 manat dəymiş zərər olmaqla, cəmi 8424,82 (səkkiz min dörd yüz iyirmi dörd manat səksən iki qəpik) manat borc və 104,60 manat məbləğində ödənilmiş məhkəmə xərcinin 99,58 %-i, yəni 104,16 (bir yüz dörd manat on altı qəpik) manatı İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri və əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyərini təşkil edən cəmi 250 (iki yüz əlli) manatın 99,58 %-i, yəni 248,95 (iki yüz qırx səkkiz manat doxsan beş qəpik) manatı İddiaçı MMC-dən, 0,42 %-i, yəni 1,05 (bir manat beş qəpik) manatı isə Cavabdeh tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında 16 oktyabr 2023-cü il tarixdə bağlanmış, AZL- 718 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 252,11 manat əsas borc, 253,42 manat gecikdirilmiş mükafat, 25,29 manat dəbbə pulu, 7894 manat dəymiş zərər olmaqla, cəmi 8424,82 (səkkiz min dörd yüz iyirmi dörd manat səksən iki qəpik) manat borc və 104,60 manat məbləğində ödənilmiş məhkəmə xərcinin 99,58 %-i, yəni 104,16 (bir yüz dörd manat on altı qəpik) manatı İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə yol-nəqliyyat hadisələri və əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyərini təşkil edən cəmi 250 (iki yüz əlli) manatın 99,58 %-i, yəni 248,95 (iki yüz qırx səkkiz manat doxsan beş qəpik) manatı İddiaçı MMC-dən, 0,42 %-i, yəni 1,05 (bir manat beş qəpik) manatı isə Cavabdeh tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar