Məhkəmə qərarları › İş №e-2(063)-629/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-629/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-629/2024 27.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə borcun tutulması tələbi barədə ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı müqavilə üzrə borcun tutulması tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 18 iyun 2021-ci il tarixli müqaviləsinə əsasən “HOFFMANN” soyuducu üçün 927,23 manat ödənilməmiş hissənin, 92,77 manat cərimənin, ümumilikdə 1020 manat borcun və 30,20 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh-Cavabdeh2 iddiaçı ilə 18 iyun 2021-ci il tarixli müqaviləsinə əsasən “HOFFMANN” soyuducu almış və nəticədə 1020 manat borc yaranmışdır. Cavabdeh-Cavabdeh2 18 iyun 2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1200,6 manat (18 ay x 66,7 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN” soyuducu üçün ümumilikdə 1020 manat olmaqla ondan 927,23 manat ödənilməmiş hissə, 92,77 manat cərimə pulu hesablanmışdır. Cavabdehin-Cavabdeh2 cəmi ödədiyi məbləğ 273,37 manat təşkil edir. Həmçinin, müqavilənin təminatı olaraq 18 iyun 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 iddiaçı qarşısında alıcı Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və borcludur. Cavabdehlə aralarında bağlanılmış 18 iyun 2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin, göndərdikləri 23 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər-tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının ərizəsi 03 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehlərə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişləri göndərilmiş, bildirişlərdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etmələri və ya göndərə bilmələri cavabdehlərə izah olunmuşdur. Cavabdeh2 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 09 may 2024-cü il tarixdə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Cavabdeh1 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 09 may 2024-cü il tarixdə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlərə qanunla müəyyən edilmiş qaydada bildirişlər göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehlərin iddiaya qarşı etirazlarının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 18 iyun 2021-ci il tarixli, 23150844 nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavədən-ödəniş cədvəlindən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdeh-Cavabdeh2 “HOFFMANN NFBL-185W (ağ)” markalı əşya-soyuducu və zəmanət verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən 30 iyul 2021-ci ildən başlayaraq 18 ay müddətində iddiaçıya hər ay 66,70 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqaviləyə əlavənin-ödəniş cədvəlinin 2-ci bəndində qeyd olunmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. İşdə olan 18 iyun 2021-ci il tarixli, 23150844 nömrəli zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, zamin əsas müqavilə üzrə alıcının zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə iddiaçı qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır. İşdə olan 23 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh-Cavabdeh2 iddiaçıya 18 iyun 2021-ci il tarixli müqavilə üzrə borcu-ödənilməmiş məbləğ üzrə 927,23 manat, cərimə üzrə 92,77 manat, cəmi 1020 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə öhdəliklərin icrası ilə əlaqədar 23 aprel 2024-cü il tarixli xəbərdarlıq göndərmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh2, Ucar rayonu, Müsüslü kəndində qeydiyyatdadır. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh1, Ucar rayonu, Müsüslü kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə müqavilələr bağlanmış və Cavabdeh2 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 iddiaçı ilə zamin kimi müqavilə bağlamaqla borclu-Cavabdeh2 iddiaçı qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və mülki qanunvericiliyin tələbinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Həmçinin, müqaviləyə əlavənin-ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə yuxarıda qeyd olunan müqaviləyə əsasən ödənilməmiş məbləğ üzrə 927,23 manat, dəbbə pulu (cərimə) üzrə 92,77 manat, habelə ödənilmiş dövlət rüsumu üzrə 30,20 manat, cəmi 1050,20 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilməmiş məbləğ üzrə 927 (doqquz yüz iyirmi yeddi) manat 23 (iyirmi üç) qəpik, dəbbə pulu (cərimə) üzrə 92 (doxsan iki) manat 77 (yetmiş yeddi) qəpik və ödənilmiş dövlət rüsumu üzrə 30 (otuz) manat 20 (iyirmi) qəpik, cəmi 1050 (bir min əlli) manat 20 (iyirmi) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar