Məhkəmə qərarları › İş №e-2(063)-738/2024

Ucar Rayon Məhkəməsi Qərardad — İş №e-2(063)-738/2024

14.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № e-2(063)-738/2024 14.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 2006,86 manat borcun və ödənilmiş 40,07 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh 25 dekabr 2023-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fikizi və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanununvericiliyin tələbindən göründüyü kimi, hüquq varisliyinə o vaxt yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. Hazırkı işdə olan materiallardan göründüyü kimi, Cavabdeh 25 dekabr 2023-cü ildə ölmüş, iddiaçı tərəfindən verilmiş ərizə isə 12 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi Cavabdeh iddiaçı tərəfindən məhkəməyə ərizə verildiyi vaxtdan və müvafiq icraat başlamamışdan əvvəl, yəni 25 dekabr 2023-cü ildə ölmüşdür, ölmüş şəxsin isə işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması, tərəf statusu qazanmadığından prosessual hüquq varisi ilə əvəz edilməsi mümkün deyildir, qanunvericiliyin tələbinə əsasən ölmüş şəxsə qarşı iddia tələbi yönəldilə bilməz. Belə olan halda hazırkı iddia tələbi ölmüş şəxsə qarşı yönəldiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.3cü maddələrinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan ərizəsinə dair mülki işə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla xitam verildiyindən iddiaçı tərəfindən 29 may 2024cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 40,07 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.2, 261.0.1, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 29 may 2024-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 40 (qırx) manat 07 (yeddi) qəpik məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Ucar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar