Məhkəmə qərarları › İş №e-2(063)-779/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-779/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-779/2024 05.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı müqavilə üzrə borcun tutulması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək 27 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********25224 “SAMSUNG GALAXY A 13” markalı telefon, İmei kod **********87352 “İNOİ 105” markalı telefon üçün 91,71 manat ödənilməmiş hissənin, 9,29 manat cərimənin, ümumilikdə 101 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 27 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********25224 “SAMSUNG GALAXY A 13” markalı telefon, İmei kod **********87352 “İNOİ 105” markalı telefon almış və nəticədə 101 manat borc yaranmışıdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 796,14 manat (18 ay x 44,23 manat + 0 manat ilkin ödəniş) İmei kod **********25224 “SAMSUNG GALAXY A 13” markalı telefon, İmei kod **********87352 “İNOİ 105” markalı telefon üçün ümumilikdə 101 manat olmaqla, ondan 91,71 manat ödənilməmiş hissə, güzəşt olunaraq 9,29 manat cərimə. Cavabdehin cəmi ödədiyi məbləğ 704,43 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 27 iyul 2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 23 may 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər-tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərib məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakları olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiyini göstərmiş və qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvandan köçməsi əsası ilə təqdim edilmədən geri qaytarılmışdır. Məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə təqdim edilməsi üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 iyul 2024-cü il tarixli, 5-80-11/2-1240/2024 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh hal-hazırda Ucar şəhərində yoxdur, Bakı şəhərində yaşayır və yaşadığı dəqiq ünvan nümayəndəliyə məlum deyildir. Bu səbəbdən məhkəmə bildirişini ona çatdırmaq mümkün olmamışdır. Həmçinin, cavabdehə istifadəsində olan mobil telefon nömrələrinə məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş “sms” xəbərdarlığı barədə bildirişdə bildirişin çatdırılmadığı və status gözlənildiyi kimi qeydlər olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 27 iyul 2022-ci il tarixli, 03082138 nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavədən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə “SAMSUNG GALAXY A13 DS (SM-A135) 128GB-BLACK”, “İNOİ 105 BLACK” markalı əşyalar, paket “XL” və qızıl zəmanət verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən 27 avqust 2022-ci ildən başlayaraq 18 ay müddətində iddiaçıya hər ay 44,23 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqaviləyə əlavənin 2-ci bəndində qeyd olunmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. İşdə olan 07 iyun 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya 27 iyul 2022-ci il tarixli müqavilə üzrə borcu-ödənilməmiş məbləğ üzrə 91,71 manat, cərimə üzrə 9,29 manat, cəmi 101 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə öhdəliklərin icrası ilə əlaqədar 23 may 2024-cü il tarixli xəbərdarlıq göndərmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, ünvan 1də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə vəşərtləri müəyyənləşdirilməklə müqavilə bağlanmış və cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, müqaviləyə əlavənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə yuxarıda qeyd olunan müqaviləyə əsasən ödənilməmiş məbləğ üzrə 91,71 manat, dəbbə pulu (cərimə) üzrə 9,29 manat, habelə ödənilmiş dövlət rüsumu üzrə 30 manat, cəmi 131 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ödənilməmiş məbləğ üzrə 91 (doxsan bir) manat 71 (yetmiş bir) qəpik, dəbbə pulu (cərimə) üzrə 9 (doqquz) manat 29 (iyirmi doqquz) qəpik və ödənilmiş dövlət rüsumu üzrə 30 (otuz) manat, cəmi 131 (bir yüz otuz bir) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar