Məhkəmə qərarları › İş №e-2(063)-979/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-979/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-979/2025 25.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə UCK04778 saylı, 15 fevral 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 164,99 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış UCK04778 saylı, 15 fevral 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 944,99 manat dəyərində nisyə aldığı mala görə 100 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 844,99 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin cavabdehə qarşı olan 844,99 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Eyni zamanda, tələb hüququnun iddiaçıya keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil-təslim aktında (əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda, həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,3 faizi miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 164,99 manat əsas borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir, bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 16 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və 25 iyul 2025-ci il tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 09 avqust 2025-ci ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddiaya qarşı etirazının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 15 fevral 2022-ci il tarixli, UCK04778 nömrəli nisyə alqı-satqı müqaviləsindən və həmin tarixli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən satıcı alıcıya dəyəri 944,99 manat olan malı satmış, alıcı isə həmin malı qəbul edib bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Ödəniş cədvəlinə əsasən cavabdeh 15 mart 2022-ci ildən 11 ay müddətində hər ay 70 manat, sonuncu 12-ci ay isə 74,99 manat ödəməyi öhdəsinə götürmüş, habelə 15 fevral 2022-ci ildə 100 manat ilkin ödəniş etmişdir. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış bildirişdə bağlanmış UCK04778 saylı, 15 fevral 2022-ci il tarixli nisyə-alqı satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı MMC-yə güzəşt edilməsi bildirilmişdir. Bu barədə bildirişi cavabdeh almışdır. İşdə olan İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 28 fevral 2019-cu il tarixli, R-16/19 nömrəli faktorinq müqaviləsindən (tələbin güzəşti barədə) görünür ki, müqaviləyə əsasən faktor, borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İşdə olan R-16/19 saylı, 28 fevral 2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olunan 08 aprel 2022-ci il tarixli, R-xx/xx-0174 nömrəli sazişdən görünür ki, "xxxx" MMC və İddiaçı QSC arasında bağlanan R-16/19 saylı, 28 fevral 2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olaraq saziş bağlanmış və 2-ci maddədə qeyd olunan borclular, o cümlədən hazırkı iş üzrə cavabdehdən tələb olunan məbləğ (müştəriyə gecikdirilən məbləğə görə hesablanan gündəlik dəbbə pulu dərəcəsi 0.5 faiz ilə) faktora güzəşt edilmişdir. İşdə olan 19 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə iddiaçıya əsas məbləğ üzrə borcu 164,99 manat təşkil edir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 20 may 2025-ci il tarixli bildirişdə cavabdehə borcunu 23 may 2025-ci il tarixinədək ödəmədiyi təqdirdə, borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə tərəflərindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 196-cı maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən satıcı alıcıya dəyəri 15 mart 2022-ci ildən 11 ay müddətində hər ay 70 manat, sonuncu 12-ci ay isə 74,99 manat ödəməyi öhdəsinə götürmüş, habelə 15 fevral 2022-ci ildə 100 manat ilkin ödəniş etmişdir. Müqavilənin 4.11-ci bəndinə əsasən satıcı bu müqavilə üzrə tələb hüquqlarını alıcının razılığı olmadan "xxxx" MMC-yə və ya digər şəxslərə güzəşt edə bilər. Həmçinin, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 28 fevral 2019-cu il tarixli, R-16/19 nömrəli faktorinq müqaviləsinə (tələbin güzəşti barədə) əsasən faktor, borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış bildirişdə bağlanmış 15 fevral 2022ci il tarixli, UCK04778 saylı nisyə-alqı satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı MMC-yə güzəşt edilməsi bildirilmiş və cavabdeh də bu barədə bildirişi almışdır. Beləliklə müəyyən olunur ki, cavabdeh qeyd edilən müqavilə üzrə öhdəliyini lazımınca və vaxtında icra etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələbini pozmuş, mülki qanunvericiliyin tələbinə görə də onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bankın xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə nisyə alqı-satqı müqaviləsi üzrə borca görə 164,99 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və bankın xidmət haqqına görə 0,40 manat olmaqla, cəmi 195,39 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə borca görə 164 (bir yüz altmış dörd) manat 99 (doxsan doqquz) qəpik, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və bankın xidmət haqqına görə 40 (qırx) qəpik, cəmi 195 (bir yüz doxsan beş) manat 39 (otuz doqquz) qəpik məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar