Məhkəmə qərarları › İş №e-2(064)-1020/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1020/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1020/2024 18.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01/193/19 saylı, 23 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 238,69 manat, 100 manat dəbbə pulu olmaqla, cəmi 338,69 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 23 sentyabr 2019-cu il tarixdə 01/193/19 saylı nisyə alqı-satqı müqaviləsi (bundan sonra «Müqavilə») bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 3238,03 manat olan 1 ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazımatları ilə birlikdə (bundan sonra «Əmlak») cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 238,69 manat, 100 manat dəbbə pulu olmaqla, cəmi 338,69 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 1416 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 30 manat məbləğində pul ödəmişdir. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli alğı-satğı müqaviləsi, ona əlavə olunmuş ödəniş cədvəli, borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, ona dair poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (iddiaçının cavabdehə hesabladığı cərimə məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi 100 manat cərimə borcunun azaldılaraq əsas borcun 10 %-i, yəni 24 manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 238,69 manat əsas, 24 cərimə borcu olmaqla, cəmi 262,69 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar