Məhkəmə qərarları › İş №e-2(064)-104/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-104/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-104/2025 08.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 7749,44 manat borcun və həmçinin ödənilmiş dövlət rüsumuna görə 97,49 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 155 saylı alğı-satqı müqaviləsinə əsasən Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində 16.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi, məhsulu “iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “cavabdeh” “iddiaçı”dan 4839,76 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 35 manat məbləğində çöp doğrama, 165 manat məbləğində 1-ci şum, 297 manat məbləğində 2-ci şum, 21 manat məbləğində sahə daxili kanal çəkilişi, 210 manat məbləğində mala, 306 manat məbləğində çiyid səpini, 288 manat məbləğində rotasiyon mala, 28 manat məbləğində su daşınması, 210 manat məbləğində dərman səpini, 874,36 manat məbləğində pambığın becərilməsinə, əl yığımına görə ödənilən avans vəsait, 264 manat məbləğində kultivasiya, 1638,40 manat məbləğində rotasoyon kultivasiya, 570 manat məbləğində 1-ci üzmaşınla pambıq yığımı, 640.0 manat məbləğində çiyid toxumu, cəmi 4839,76 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdehin ötən ildən qalan 4419,64 manat borcunu nəzərə almaqla yekun borc 9256,40 manat təşkil edir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 1506,96 manat məbləğində 2336 kq xampambıq təhvil vermiş, bununla da iddiaçıya 7749,44 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 97,49 manat məbləğində pul ödəmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakları olmadan baxılmaqla iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Lakin Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində iddianı tam qəbul etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsini, ödəniş tapşırığını, ona edilmiş əlavə və təhvil-təslim aktları, maliyyə və ödəniş cədvəli, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, buna dair poçt qəbzi, iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarını nəzərə alınmaqla, ona uyğun şəkildə iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. İş materiallarında olan cavabdehin məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, iddianı qəbul edir. Məhkəmə iddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2018-ci tarixli nisyə alğı-satqı müqavilələri üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, iddianı etiraf etdiyinə, beləliklə də iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-1-284-6cı maddələrini rəhbər tuturaq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 7749,44 (yeddi min yeddi yüz qırx doqquz manat qırx dörd qəpik) manat pul və ödənilmiş dövlət rüsumuna görə 97,49 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar