Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1189/2025 18.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 66,99 manat əsas borcun və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1189/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış BLYK04993 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 251,99 manat dəyərində nisyə aldığı telefona görə 20 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 231,99 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 231,99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 66,99 manat əsas borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumu ilə əlaqədar 30,40 manat məbləğində pul ödəmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, təyin edilmiş məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini, iddia ərizəsində qeyd edilən halları və iddia ərizəsinə əlavə edilmiş sübutları nəzərə alaraq, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıdan telefon almış, lakin bir müddət keçdikdən sonra həmin telefon işləmədiyindən həmin telefonu iddiaçıya məxsus Beyləqan rayonunda yerləşən mağazasına qaytarmışdır. Orada ona telefonun təmir olması üçün göndəriləcəyini deyilmişdir. Lakin ona telefonu geri qaytarmamışlar. Ona görə də qalıq qalmış borcunu ödəmir. Lakin onun həmin telefonu iddiaçıya geri qaytarması ilə bağlı hər hansısa sübutu olmadığından onu məhkəməyə təqdim edə bilmir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi, onun əlavəsi və təhvil-təslim aktı, xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsi və ona əlavə olunmuş xx.xx.2022-ci il tarixli saziş, xx.xx.2025-ci il tarixli maliyyə arayışı, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (iddiaçının cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh iddiaya etiraz edərək iddiaçıdan nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı telefonun defekt çıxdığını və bununla əlaqədar iddiaçıya geri qaytardığını, həmin səbəbdən də ödənişləri etmədiyini, buna görə də iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaya etiraz kimi qeyd etdiyi halın təsdiqinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin müvafiq sübut təqdim etmədiyini, iş üzrə sübutlarla cavabdehin iddiaçıdan nisyə satın aldığı telefonun istifadəyə yararsız olması və cavabdeh tərəfindən iddiaçıya qaytarılması halının sübut edilmədiyini nəzərə alaraq cavabdehin həmin dəlilini əsassız hesab edir, bu dəlillərin işin hallarına uyğun olmadığı nəticəsinə gəlir və iddia tələbinin rədd edilməsinə əsas saymır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan telefon almış və telefonun dəyəri üzrə ödənişləri qismən etdikdən sonra onun iddiaçıya 66,99 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, cavabdeh nisyə aldığı malın dəyərini ödəməli olduğundan və iddiaçının nisyə satdığı malın dəyərini tələb etmək hüququ olduğundan iddia təmin edilməli, nisyə satılmış əşyanın dəyəri üzrə 66,99 manat pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2021-ci tarixli nisyə alğı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 66,99 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-1189/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1189/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver