Məhkəmə qərarları › İş №e-2(064)-1308/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1308/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1308/2025 03.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı MMC (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı verdiyi iddia ərizəsində Cavabdehdən aralarında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 543,52 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) əsas, 136 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) cərimə borcu olmaqla cəmi 679,52 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub İddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2024ci il tarixdə bağlanmış VİP 19517 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdehə satış qiyməti 921 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 921 ABŞ dollan) «Aplle i phone 13 pro 128 blue» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafıkinə əsasən nisyə satmışdır. Cavabdeh ilə İddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra Cavabdeh ilkin olaraq 105 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2024-cü il tarixdə 68.12 ABŞ dollan, xx.xx.2024-cu il tarixdə 68.12 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 68.12 ABŞ dolları, xx.xx.2025-cu il tarixdə 68.12 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcə ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində «satıcı»nın xeyrinə faiz ödəyir. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə Məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə həm yuxarıda göstərilənlərə, həm də iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19517 saylı nisyə alğı-satqı müqaviləsi, ona edilmiş əlavə və təhvil-təslim aktı, maliyyə və ödəniş cədvəli, İddiaçının Cavabdehə göndərdiyi xəbərdarlıq, buna dair poçt qəbzi və İddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda (İddiaçının Cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə AR MM-nin 467-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin mənafelərini nəzərə almaqla tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Məhkəmə hesab edir ki, İddiaçının tələb etdiyi 136 ABŞ dolları dəbbə pulu 543,52 ABŞ dolları əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün Cavabdehin İddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 54,35 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə belə qənaətə gəlir ki, dövlət rüsumuna görə ödənilmiş 32 manat məbləğində məhkəmə xərcinin tələbin təmin edilmiş məbləğinə mütənasib olaraq 28,15 manatı Cavabdehdən tutulmalıdır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 543,52 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) əsas, 54,35 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) cərimə borcu olmaqla cəmi 597,87 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və ödənilmiş 28,15 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədən təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar