Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-134/2025 29.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı verdiyi pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Cavabdehdən 158700 manat pulun və ödənilmiş 448,7 manat dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə arasında qızıl əşyalarının nisiyə alqı-satqısına dair razılaşma olmuş, həmin razılaşma əsasında özünə və anasına məxsus olan şəxsi qızıl əşyalarını 2017-2024-cü illərdə müxtəlif vaxtlarda 178700 manata Cavabdehə satmışdır. Anasının səhhətində yaranan xəstəliklər getdikcə ağırlaşır və onun müalicəsi daha çox pul tələb edirdi, bununla yanaşı evi dolandıran yeganə şəxs o olduğundan anasının müalicəsi və evin saxlanılmasını təmin edə bilməyib. Bu səbəbdən evdə olan özlərinə məxsus qızıl-zinyət əşyalarının satılması ilə pula olan ehtiyaclarının ödənilməsi qərarına gəlib. Bu məqsədlə qızıl alış-verişi ilə məşğul olan yerlərə gedib, lakin ona həmin qızılların dəyərindən qat-qat az olan külçə qiymətləri ilə hesablanaraq pul təklif edilib. Belə bir vəziyyətdə hazırki iş üzrə Cavabdeh onun ehtiyyac üzündən qızıllarını satmasını eşidib və həmin qızılları almaq istədiyini, lakin nağd pulunun olmadığını bildirib. Onlar razılaşıblar ki, həmin qızılları nisiyə alsın və aylıq pulu vaxtında ödəsin. Bundan sonra borcdan cəmi 20000 manat ödəsə də sonradan yerdə qalan 158700 manatı ödəməkdən boyun qaçırdı. Cavabdeh əvvəlcə çox mehriban münasibət göstərirdi, lakin qızılları alandan sonra pulun ödənişi vaxtı gələndə isə yayınmağa başladı və pulu istəməsin deyə onu şantaj edib. Cavabdeh Məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona hədə-qorxu gələrək vəsaitlərini ələ keçirib. Bu barədə Binəqədi Rayon Polis İdarəsinə şikayət edib və nıticədə İddiaçı barəsində cinayət işi başlanmış və o (Cavabdeh), zərərçəkmiş şəxs kimi tanınmışdır. İddiaçı ilə aralarında qızıl alqı-satqısı olmayıb, təqdim etdiyi sənədlər ona məxsus deyil. İddiaçının iddia etdiyi qədər qızıl alqısatqısı olsaydı, o zaman aralarında müqavilə bağlanardı. Lakin İddiaçı heç bir əsaslı sübut təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən: İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdehlə uzaq qohumdur. Lakin 2016-cı ildən tanış olublar. Əvvəllər münasibətləri yaxşı olub. Polis İdarəsinə verdiyi izahat düzgün yazılmayıb, belə ki, onlar 2015-ci ildə tanış olmayıblar, həmin ildə Cavabdehə qızıl satmayıb. Maddi vəziyyəti yaxşı olmadığı üçün ailəsinə - atası, anası və özünə məxsus qızılların satışı ilə məşğul olub. Cavabdeh onunla qızıl alış-verişi üçün əlaqə saxlayıb. O, Cavabdehə qızılları nisiyə satıb. Beləcə, Cavabdeh ondan 2016-2024-cü illərdə müxtəlif vaxtlarda ümumilikdə 178700 manat dəyərində qızıl alaraq Moskva univermağında satıb. Hazırda 2016, 2017, 2018, 2019-cu illərin qəbzləri mövcud deyil. Ümumi borcundan Cavabdeh sadəcə 20000 manat ödəniş edib. Yerdə qalan 158700 manatı geri qaytarmaqdan boyun qaçırır. Hakimin “qızılların məhkəmə iclası zamanı ananıza məxsus olmasını, polis şöbəsində izahat verdiyiniz zaman isə “Moskva” univermağından alaraq üzərinə 30% məbləğ qoyaraq Cavabdehə satmanızdan ibarət ifadələrinizdəki ziddiyyətləri nə ilə ifadə edə bilərsiniz ?” sualını, “vergi orqanlarında problemim yaranmasın” deyə cavablandırdı. Hakimin “Polis şöbəsində izahat verdiyiniz zaman Cavabdehə 2015-ci il tarixdən 2019-cu il tarixədək qızıl-zinət əşyaları satdığınızı bildirsəniz də, təqdim etdiyiniz əlyazmalarda Cavabdehə 2021-ci ildən başlayaraq qızıllar satdığınız göstərilmişdir, bu ziddiyyətləri nə ilə ifadə edə bilərsiniz ?” sualını, “polis şöbəsində həmin ifadəm səhv yazılıbdır” deyə cavablandırdı. Hakimin “polis şöbəsində izahat verən zaman Cavabdehə 100000 manat dəyərindən çox məbləğdə qızıl verdiyinizi və onun 20000 manatının Cavabdeh tərəfindən ödənildiyini, yuvarlaq götürülərsə 80000 manat borc qaldığı halda nə üçün Cavabdehə qarşı 158700 manat məbləğində iddia irəli sürmüsünüz ?” sualını İddaçı özü cavablandıra bilmədiyi halda nümayəndəsi “158700 manat da 100000 manatdan çoxdur” deyə cavablandırdı. Hakimin “Whatssap yazışmalarında qızıllarla bağlı hər hansı yazışma göstərilməmiş, yalnız kimdənsə 200 manat və daha az məbləğdə pul alaraq Cavabdehə faizə verməyiniz müəyyən olunur, bununla bağlı nə deyə bilərsiniz ?” sualına “ Cavabdeh məndən iki dəfə 200 manat məbləğində faizə pul götürmüşdür, həmin yazışma onunla bağlıdır. Ona görə başqa şəxsdən götürürəm deyirdim ki, o, borca məsuliyyətlə yanaşsın” deyə cavablandırdı. Hakimin “Whatssap yazışmalarında Cavabdehə bildirirsiniz ki, məktəbin uşaqlar olmayan sinif otaqlarının birində yer hazırla gəlim orda yazaq. Bu yazışma nə ilə bağlıdır ?” sualını İddiaçı “Fərqanə müəllimə mənim o yazıma cavab verməyib axı” deyə cavablandırdı. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi iddia tələbinin məzmununa və İddiaçının dediklərinə uyğun izahat verərək iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etdi. Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, pula böyük ehtiyacı olduğu üçün İddiaçıdan faizə pul götürüb, lakin aralarında qızıl alış-verişi olmayıb. İddiaçıdan yalnız bir ədəd qızıl alıb. Onun da foto şəklini Məhkəməyə təqdim edib. İddiaçı ona yüksək məbləğlərdə qızıllar yazdıraraq ondan aldığı puldan daha yüksək məbləğdə faiz qaytarmasını tələb edib, hər gün aldığı pulun üzərinə faiz gəlirdi. Sonuncu dəfə İddiaçıdan 700 manat almış və yenə də yüksək məbləğdə qızıl yazdıraraq ondan qəbz almışdır. O, buna pula böyük ehtiyacı olduğu üçün, o cümlədən oğlunun, ailəsinin çətin durumda olduğu vaxtlarda məcbur olub həmin şərtlərlə razılaşaraq İddiaçıdan faizə pul götürmüşdür. İddiaçı daim onu məktəbdə rüsvay edəcəyi ilə bağlı ona hədə-qorxu gələrək ondan yüksək faizlər almışdır. İddiaçıdan cəmi 2300 manat pul götürüb və 2015-ci il tarixdən o faiz ödəyir. Lakin İddiaçı ondan hələ də pul tələb edir. İddiaçı təqdim etdiyi qəbzləri ona məcbur yazdırıb. Tək ona deyil, bir çox şəxslərə İddiaçı yüksək məbləğdə qızıllar yazdıraraq faizə pul verib. Onlar İddiaçıdan qorxduqları üçün Məhkəməyə gəlib ifadə verməkdən yayınırlar. Odur ki, İddiaçı tərəfindən təqdim olunan qəbzlər həqiqəti əks etdirmir. Hazırda İddiaçıya sadəcə 2000 manat borcu vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirdi ki, İddiaçı ilə heç bir düşmənçiliyi yoxdur. Cavabdehlə rəfiqədirlər. Cavabdeh ona danışıb ki, pul lazım olduğu üçün İddiaçıdan pul alıb, lakin qəbzə aldığı məbləğdən fərqli yazıb, belə ki, 300 manat aldığı halda 3000 - 4000 manat almış kimi qeyd edib. Səbəbini soruşduqda isə bunun heç bir önəminin olmadığını, sadəcə aldığı pulu qaytaracağını bildirib. O, Cavabdehə dəfələrlə xəbərdarlıq edib ki, belə etməsin. Bir gün Cavabdeh onun yanına gələrək ağlayıb və bildirib ki, İddiaçı pulu ödəməli olduğunu deyib, əgər saat 2 tamama kimi ödəməzsə, əsas məbləğin üzərinə faiz gələcəyini bildirib. Tərəflər onun yanında danışıblar. Cavabdeh 350 manat gətirə biləcəyini deyib, lakin İddiaçı razılaşmayaraq həmin gün 2000 manat çatdırmalı olduğunu bildirib. Hətta o, şahiddir ki, borcu vermək üçün Cavabdeh 1000 manata aldığı paltaryuyan maşınını 300 manata satıb. Həmin 300 manatı o, İddiaçıya aparıb və deyib ki, Cavabdehin vəziyyəti yaxşı deyil, onu bu qədər sıxmasın, faizləri dayandırsın, əsas pulu ödəsin. Lakin İddiaçı məhəl qoymayaraq bildirib ki, bu məsələ Cavabdehlə öz aralarındadır, o qarışmasın. İş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdə 33000 manat, xx.xx.2023-cü il tarixli qəbzdə 32000 manat, xx.xx.2023-cü il tarixli qəbzdə 25000 manat, xx.xx.2023-cü il tarixli qəbzdə 15000 manat, xx.xx.2024-cü il tarixli qəbzdə 35000 manat, xx.xx.2023-cü il tarixli qəbzdə 6000 manat, xx.xx.2021-ci il tarixli qəbzdə 6000 manat, xx.xx.2022-ci il tarixli qəbzdə 3400 manat və xx.xx.2021-ci il tarixli qəbzdə 3300 manat dəyərində qızılın İddiaçı tərəfindən alındığı və “faiz deyildir” yazılaraq imzalandığı göstərilmişdir. - xx.xx.2024-cü il tarixli İddiaçının Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə verdiyi izahat əsasında müəyyən olunur ki, İddiaçı izahatında bildirmişdir ki, Cavabdehlə qohumluq əlaqəsi olsa da, onu 2015-ci ildən tanımışdır. O, 15 ildir ki, fərdi qaydada qızıl alış-verişi ilə məşğul olur. Cavabdeh 2015-ci ildə onunla görüşərək qızıl-zinət əşyası almaq istədiyini bildirmiş və o, razılaşmışdır. Bununla da, 2015-2019-cu illərdə Cavabdeh ondan 100000 manat dəyərindən çox olmaqla qızıl zinət əşyası almışdır. O, qızıl zinət əşyası satılan mağazadan qızıl alaraq aldığı qızılın üzərinə dəyərinin 30%-i əlavə edərək nisyə satır. Cavabdeh 100000 manat dəyərindən çox məbləğdən 20000 manat geri qaytarmışdır. - Whatsapp sosial şəbəkəsi üzrə göndərilmiş mesajların surəti və CD disk vasitəsilə təqdim edilmiş səs yazıları və “Flash card” əsasında müəyyən olunur ki, qızıl-zinət əşyalarının satılması ilə bağlı hər hansı hal müəyyən edilmir. Cavabdeh İddiaçıya borca pul lazım olduğunu bildirir, İddiaçı isə faizilə borca pul verəcəyini bildirir. Həmin pul məbləğlərinin 130, 175 və 200 manat olduğu müəyyən edilir. Həmçinin İddiaçı pul aldığı adamın, Cavabdeh tərəfindən pulun ödənilməsi gecikdirildiyi üçün, onu incitdiyini bildirir. Bundan başqa, Şəhla adlı şəxslə Cavabdeh arasında gedən dialoqdan müəyyən olunur ki, İddiaçı başqa şəxslərə də yüksək məbləğdə qızıl yazdıraraq əvəzində az məbləğli pulu yüksək faizlə borca vermişdir. Məhkəmə iddia tələbi ilə bağlı hüquqi qiymətləndirmə aprılması üçün aşağıdakı hüquqi aktlara istinad olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; - 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır; - 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidi; - 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; - 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; - 337.5-cü maddəsinə əsasən əqd etibarsız olduqda, əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsində onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; - 338-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa etibarsızdır. - 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. - 339.5-ci madəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. - 339.6-cı maddəsinə görə bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 560.1-ci madəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci madəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - 739.1-ci madəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci madəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 740.1-ci madəsinə görə qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ə.Ə. İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair xx.xx.2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadının: 14-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. 17-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam, zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli qərarıda bildirilir ki, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan sui-istifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar, § 62). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək və yuxarıda sadalanan hüquqi aktlara istinad edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam, zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Beləliklə, Məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış əqd etibarlılıq şərtlərinə uyğun olmadığına görə etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh və şahid tərəfindən verilən ifadələr, həmçinin AR DİN Binəqədi Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş material və məlumatlar, bundan başqa CD disk, Whatssap yazışmaları və flashcard əsasında tam sübuta yetirilərək müəyyən olunur ki, Cavabdeh İddiaçıdan qızıl almamış, yüksək qiymətlərlə qızıl yazmağa məcbur edilərək sadəcə faizlə borca pul götürmüş, İddiaçı Cavabdehə hədə-qorxu gələrək həmin pulu “ana pul” adlandırmış, əlavə olaraq ona faiz verməli olduğunu bildirmiş, pulu ödəmədiyi təqdirdə onu işlədiyi 299 saylı tam orta məktəbdə rüsvay edəcəyiylə hədələmiş, nəticədə, əqdin qanunla müəyyən edilmiş etibarlılıq şərtləri pozulmuşdur. Whatsapp sosial şəbəkəsi üzərindən göndərilmiş mesajların məzmunundan müəyyən olunur ki, Cavabdeh İddiaçıya borca pul lazım olduğunu bildirir, İddiaçı isə faizilə borca pul verəcəyini bildirir. Həmin pul məbləğlərinin 130, 175 və 200 manat olduğu müəyyən olunur. Lakin həmin yazışmalarda qızıl-zinət əşyalarının satılması ilə bağlı hər hansı fakt müəyyən edilmir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı mülki münasibətlər qəbzlərdə göstərildiyi kimi 35000, 25000 və digər yüksək məbləğlərlə dəyərləndirilən qızılzinət əşyaları ilə deyil, az məbləğli (130, 175 və 200 manat) borc münasibətlərilə həyata keçirilmişdir. Sadəcə olaraq Cavabdehdə alınmış borc pula münasibətdə məsuliyyət formalaşdırmaq məqsədilə yüksək məbləğlərlə qızıl alaması ilə rəsmiləşdirərək yüksək olmayan məbləğlərdə faizlə borca pul vermişdir. “Flash card”da öz əksini tapmış Şəhla adlı şəxslə Cavabdeh arasında gedən dialoqdan da müəyyən olunur ki, İddiaçı başqa şəxslərə də yüksək məbləğdə qızıl yazdıraraq əvəzində az məbləğli pulu yüksək faizlə borca vermişdir. Həmçinin İddiaçı pul aldığı adamın, Cavabdeh tərəfindən pulun ödənilməsi gecikdirildiyi üçün, onu incitdiyini bildirir. Məhkəmə hesab dir ki, bu hal bir daha onu deməyə əsas verir ki, İddiaçı ilə Cavabdeh arasında qızılın deyil, məhz faizlə pul məbləğinin borc verilməsi ilə bağlı razılaşma olmuşdur. Həmçinin qəbzlərdə öz əksini tapmış “Faiz deyildir” ifadəsinin yazılması bir daha həmin qəbzlərin etbarlılıq şərtlərini şübhə altına alır. Bununla yanaşı Məhkəmə İddiaçının AR DİN Binəqədi Rayon Polis İdarəsinə verdiyi izahatla məhkəmə iclasında verdiyi izahat arasında ziddiyətlər müəyyən edir. Belə ki, İddiaçının AR DİN Binəqədi Rayon Polis İdarəsinə verdiyi izahatda qızıl zinət əşyası satılan mağazadan qızıl alaraq aldığı qızılın üzərinə dəyərinin 30%-i əlavə edərək nisyə satdığını, bu qayda ilə Cavabdehə 2015-ci il tarixdən 2019-cu il tarixədək ümumilikdə 100000 manatdan yüksək dəyərdə qızıl satdığını və həmin məbləğdən 20000 manat ödənildiyini bildirsə də, məhkəmə iclasında maddi vəziyyətinin yaxşı olmaması səbəbilə özünə və anasına məxsus qızıl əşyalarını satmaq qərarına gəldiyini və Cavabdehə 2016cı il tarixdən başlayaraq cəmi 178700 manat məbləğində qızıl satdığını bildirmişdir. Həmçinin İddiaçının təqdim etdiyi qəbzlər 2015-2019-cu illəri deyil, 2021-2024-cü illəri əhatə edir. Belə olan halda, Məhkəmə hesab edir ki, İddiaçının verdiyi izahatlar biri digərinə uyğun gəlməyən ziddiyyətli ifadələrdir. Bununla da, İddiaçı qanunsuz əsaslarla da olsa öz istəyinə nail olmaq istəyir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbini qanuni əsaslarla sübuta yetirə bilməmişdir. Lakin Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdehin ödəməli olduğu 2000 manat borcu etiraf etməsi nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, Cavabdehdən İddiaçının xeyrinə 2000 manat pul tutulmalıdır. Belə ki, iş materiallarında olan sənədlər (Whatssap yazışmaları, Flash card, CD disk) əsasında müəyyən edilir ki, tərəflər arasında faizlə borc müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən təqdim olunun qəbzlər Məhkəmə tərəfindən etibarsız hesab olunduğundan qəbzlər həmin münasibətləri və borcun məbləğini sübut etmir. Lakin Cavabdeh etiraf edərək İddiaçıya 2000 manat borcu olduğunu bildirdiyi üçün Məhkəmə hesab edir ki, Cavabdehdən İddiaçının xeyirinə 2000 manat pul tutulmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 448,7 manat dövlət rüsumuna görə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə 40 manatın əvəzinin Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-134/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-134/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver