Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1356/2025 19.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 67,9 manat əsas və 6,79 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli nisyə alğısatqı müqaviləsi üzrə yaranmış 310,8 manat əsas, 31,08 manat cərimə borcu və X1 ödənilmiş rüsuma görə 23,6 manat olmaqla, ümumilikdə 440,17 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 10715632 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A04” markalı mobil telefon üçün ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 16,3 manat və 62 manat ilkin ödəniş olmaqla, cəmi 355.4 manat, xx.xx.2024-cü il tarixli, 02018362 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A05”, paket L xidməti və zəmanət+2 il xidməti üçün ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 27,5 manat və 60 manat ilkin ödəniş olmaqla, cəmi 390 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin hər iki müqavilə üzrə iddiaçıya ödədiyi məbləğ cəmi 366,7 manat təşkil edir. Cavabdeh poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin müqavilələr üzrə qalıq qalmış cəmi 378,7 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehə həmin müqavilələrə əsasən gecikdirilmiş borc məbləğinə görə müvafiq olaraq 6,79 manat və 31,08 manat olmaqla, cəmi 37,87 manat məbləğində cərimə hesablamışdır. Eyni zamanda, iddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A05” markalı mobil telefona aktiv və deaktiv edilməsi xidmətlərinin tətbiq edilməsinə görə X1 23,6 manat məbləğində pul ödəmişdir. Cavabdeh iddiaçıya müqavilə öhdəliyini yerinə yetirməməklə vurduğu maddi zərərə görə iddiaçının X1 ödədiyi 23,6 manat məbləğində pulu da ödəməlidir. Beləliklə, cavabdehin iddiaçıya olan borcu xx.xx.2023-cü il tarixli müqavilə üzrə 67,9 manat əsas və 6,79 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 310,8 manat əsas və 31,08 manat cərimə borcu, X1 ödənilmiş rüsuma görə 23,6 manat olmaqla, cəmi 440,17 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 30 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023 və xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqavilələrinin: - 3.4-cü bəndinə əsasən müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da "xxxx" MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunu deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə bilər. - 3.5-ci bəndinə əsasən 3.4-cü bəndinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər. Məhkəmə həm yuxarıda göstərilənlərə, həm də iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 10715632 saylı və xx.xx.2024-cü il tarixli, 02018362 saylı nisyə alğı-satqı müqavilələri, onlara edilmiş əlavələr və təhvil-təslim aktları, maliyyə və ödəniş cədvəli, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, buna dair poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (iddiaçının cavabdehə hesabladığı cərimə borclarının məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdiyi ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2023-cü il tarixli, 10715632 saylı və xx.xx.2024-cü il tarixli, 02018362 saylı nisyə alğı-satqı müqavilələri üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 10715632 saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 67,9 manat əsas və 6,79 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 02018362 saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 310,8 manat əsas, 31,08 manat cərimə borcu və X1 ödənilmiş rüsuma görə 23,6 manat olmaqla, ümumilikdə 440,17 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(064)-1356/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1356/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver