Məhkəmə qərarları › İş №e-2(064)-1494/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1494/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1494/2023 07.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.790 manat məbləğində vurulmuş zərər və 38,30 manat dövlət rüsumu olmaqla, cəmi 1.828,3 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X3 4141” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Ziya Bünyadov pr. ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə, “Toyota Corolla” markalı ** MO *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı ilk olaraq Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “X3 4141” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrində (manevr etmə qaydalarının pozulması) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Lakin daha sonra cəmiyyət tərəfindən araşdırma aparılmış və təqsirkar şəxsin X1 deyil, Cavabdeh olduğu müəyyən edilmişdir. Bununla bağlı Bakı şəhər DYPİ tərəfindən xx.xx.2022-ci il tarixli yeni qərar qəbul edilmişdir. Həmin qərarda “X3 4141” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində (məsafəsinin düzgün seçilməsi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Odur ki, cəmiyyətin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi “Toyota Corolla” markalı ** MO *** dövlət nömrə nişanlı avtomobilə 1.790 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS222535 saylı xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi1.790 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “X3 4141” markalı ** BE *** dövlət qeydiyyat nişanlıavtomobili müvafiq etibarnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinəəsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X3 4141” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobil hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə, “Toyota Corolla” markalı, ** MO *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarla “X3 4141” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimələnmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi zamanı “Toyota Corolla” markalı, ** MO *** dövlət nömrə nişanlı avtomobilə 1.790 manat maddi zərər dəymiş və bu məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Göründüyü kimi, Cavabdeh hadisə vaxtı icbari qaydada sığortalanmış “X3 4141” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. İddiaçı hesab etmişdir ki, belə olan halda onun cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Lakin məhkəmə iddiaçının bu mülahizələri ilə razılaşmayaraq bildirir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İsnad olunan Qanunun 25.1.3-cü maddəsi avtomobillərə münasibətdə tətbiq edilərkən «idarə etməyə və sair hərəkətlərə hüququ olmayan şəxs» dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə olunması ilə bağlı istər nəzəri, istərsə də təcrübi biliklərə malik olmur ki, nəticədə bu cür şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş vermə riskini artırmış olur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun nəqliyyat vasitələrini idarəetmə hüququndan bəhs edən 33-cü maddəsinin İ hissəsində qeyd edilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Tədqiq olunmuş sübutlarla, o cümlədən artıq qanuni qüvvəsini almış xx.xx.2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla müəyyənləşir ki, Cavabdeh yol nəqliyyat hadisəsini törədərkən icbari sığortalanmış avtomobili etibarnamə olmadan, lakin sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Bununla yanaşı, məhkəmə həm də onu vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud inzibati qanunvericiliyə görə inzibati məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması isə mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır və belə olan halda istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi məməliyyatların etibarlı şəkildə baş tutması üçün etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtibləməsi tələb olunmur. Göründüyü kimi, əşya (hazırkı halda avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadəetmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası KM Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli qərarı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə hesab edir ki, “X3 4141” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh olmasa da onun həmin avtomobilə sahiblik etməklə idarə etməsi qanuni əsaslarla olmuşdur. Belə ki, Cavabdeh qeyd olunan avtomobilə qanunsuz sahiblənməsinə dair rəsmi sübutlara iş materiallarında rast gəlinmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı sığorta şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır və bu səbəbdən də, iddia əsassız sayılaraq rədd edilməlidir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar